Özünü Ona oxşat

Özünü Ona oxşat

Özünü Ona oxşat

Bəzən gecələr oyaq qalıb öz dünyam haqqında fikirləşirəm.  Axı mən kiməm, hardan gəlmişəm, hara gedəcəm deyə düşüncələr məni öz cənginə alır.  Fikirlər, xəyallar gecələrlə bərabər gündüzlər də mənimlədir.  Fikirləşirəm, məni yaradan Allahdır, bəs mən kiməm?  Nə üçün burdayam, gedəcəyim yer haradır?  Gecələrim bəzən kitablarda, bəzən də sosial şəbəkələrdədir.  Hər kitabı öz ağıl süzgəcimdən keçirdirəm, düşünürəm, bu kitabı oxumaqda hədəfim nədir?  Bu kitabı oxumaqla mən nə qazanacam, bəlkə də kitab oxumağım həyatda vaxt itkisidir? Həm də, bu kitablar bu dünyada məni hansı hədəfə çatdıracaq? Bu sualları özümə verərək, düşünürəm.  Düşünürəm ki, vətənimdən uzaqda olsam da, xalqımın dərdinə şərikəm.  Bəlkə də, özümü aldadıram bir qərib Azərbaycanlı olaraq. Parçalanmış hisslərim kimi, parçalanmış dünyaya baxıram, sakit və səssiz olan otağımda qəriblər kimi yaşayıram.  Bəzən də özüm-özümdən soruşuram ki, yəni müsəlmanam?  Bəlkə də, özümü aldadıram, özümə müsəlman dediyim halda, kimə təslim olduğumu düşünərək, xocalıdan tutmuş, qüds, yəmən, suriyə uşaqlarını düşünürəm.  Amma düşüncələrimlə bərabər sosial şəbəkələrlə dünyaya baxıram.  Çünki fərqli fikirlər, fərqli mədəniyyətlər məni ağuşuna alır.  Bu mədəniyyətləri arajdırıram, sonda başa düşürəm ki, bütün insanlar bir kökdəndir.  Dinindən, rəngindən, irqindən, milliyyətindən aslı olmadan hər kəs insandır və bunuda düşünürəm ki, məndə insanam. 

Bəs sən kimsən?  Heç düşünmüsənmi hardan gəlmisən?  Nə üçün burdasan?  Sənə nə üçün fürsət verilib?  Heç düşünmüsənmi ki, sənlə bərabər hər kəsə yaşamaq fürsəti verilib.  Yaşamaq üçün hər şəraitlər yaradılıb. Amma bəzən, bəzi fürsətlərdə əlimizdən çıxıb, bəlkə də, düşünməmişik bu fürsətləri.  Ancaq yenə fürsət yaranıb, dünya xəstəlik, böhran içindədir.  Bu problemlər içində Allah elə bir fürsətlər verib ki, adamın imkanı olsaydı, gecələri kimsəsiz qapıları gəzərdi.  Amma bu fürsət çoxlarının əlində var. Bütün dünyada bu saat nə qədər kimsəsizlər, nə qədər evsiz-eşiksiz adamlar var, kömək etmək olar. Gecələri küçələri gəzdiyin halda, məgər küçədə körpü altında yatan yetimləri görməmisənmi?  Bizim üçün Allah şərait yaradıb, belə fürsət birdə ələ düşməz.  Dildə demək lazım deyil ki, mən müsəlmanam, lazım deyil ki, deyəsən ey dünya, mən İmam Əlinin tərəfdarıyam.  İmam Əli (ə) kimi gecələri küçələri gəzsən, səni Allah tanıdacaq.  O zaman sənə lazım deyil ki, deyəsən mən kiməm. Əməlinlə bilinəcək ki, sən kimsən.  Bu gecələr fürsətdir, xəstəlik dünyanı cənginə alıb, sənində pulun olduğu halda, dünyanı xilas elə və əməlinlə Allaha təslim ol.  Düşünmə ki, mənim nəyimə lazımdır, bu işlərdən mənə nə.  Demə ki, qoy bu işləri ayrı insanlar görsün.  Bunu da yaddında saxla ki, hər kəsin öz işi var.  Sənin pulun, mənim sözüm, bir ayrısı həkimdir.  Bəlkə də, sənin və mənim tanımadığımız nə qədər qapılar var ki, o qapılar arxasında intizarla qapıya baxan gözlər var.  O, kədərli gözləri görmək üçün fürsətlər yaranıb. Bəziləri o gözləri internet səhifələrində görür, bəziləri o gözlərlə çox tanışdır.  Hər gün o gözlər onu izləyir, o isə o insanlara kömək etmək əvəzinə yaxasını geri çəkir.  Amma indi fürsətlər yaranıb, axır ki, öz fikirlərinlə baş-başasan.  Xəstəlik dünyanı cənginə aldığı halda əməlini təzələ.  Əgər pulun varsa, iş gör və kimsəsiz evləri gəz, amma özünü göstərmə, onsuzda səni görən görür.  Əgər elmin varsa, düz söz danış, çünki sözlə də həyatı dəyişmək olar, yoxsa yalan məlumatlarla açıq qapıları bağlama. Əgər həkimsənsə, dünyanın işi, sənin dərmanındadır.  Yaralara məlhəm ol.  Axır ki, kim olursan ol, bil ki, gedəsisən, burda qalası deyilsən. Ən əsası da özünü Ona oxşat. O zaman biləcəksən ki, sən özün kimsən.

 

Ceyhun Fikrət

http://Yenivaxt.com