İslamda vəhdət

İslamda vəhdət

İslamda vəhdət

Bismillahir-Rahmanir-Rahim

İslam dini müsəlmanları birliyə, bərabərliyə, qardaşlığa və vəhdətə çağırdığına baxmayaraq niyə hələ də müsəlmanlar arasında vəhdət, birlik və bərabərlik yoxdur?

Quran da Allah-təala bizə belə buyurur:"Ey Kitab əhli! Gəlin sizinlə bizim aramızda ortaq kəlmə ətrafında toplanaq."¹

İslam dini başqa dinə mənsub olan insanlarla ortaq kəlmə ətrafında toplanmağımızı buyurduğu halda, bizim öz aramızda ixtilafda olmağımız heç rəvadırmı? Əlbəttə rəva deyil. Odur ki, tez bir zamanda "vəhdət" və birliyi təsis etmək lazımdır. Onu da qeyd etmək lazımdır ki, İslam düşmənlərinin müsəlman dünyası üçün fikirləşdiyi, planlaşdırdığı və həyata keçirtmək istədiyi planı xülasə olaraq qeyd edirəm:

"İngiltərə Müstəmləkələrə Nəzarət Nazirliyi (MNN) tərəfindən Mister Hemfer və digərlərinə təlimat verilmişdi ki, müsəlman ölkələrində təfriqə və ixtilaf yaratsınlar və o cümlədən onların zəif cəhətlərini öyrənib nazirliyə məlumat versinlər. Mister Hemferin xristian və yəhudi dünyasına göstərdiyi “misilsiz xidmətlər” arasında təkcə onun İslam dünyasının kürəyindən sancılan bir xəncər, yə`ni vəhhabi məzhəbini təsis etməsini misal göstərmək kifayət edər. Mister Hemfer bir gün MNN-də sünni və şiə ixtilaflarından söz açaraq belə dediyini etiraf edir: "Müsəlmanlar həyatdan bir şey anlasaydılar, aralarındakı sünni-şiə ixtilaflarını aradan aparıb, birləşərdilər." Əməkdaşlarımdan biri sözümü kəsərək, sənin vəzifən bu ixtilafları qızışdırmaqdır. Onları birləşdirmək haqqında düşünmək yox! -dedi."²

İmperializm və sionizmin İslamı məhv etmək üçün müxtəlif planları vardır.  Əsas və önəmli planlarından biri də, məhz sünni-şiə ixtilaflını alovlandırmaqdır. İmperializmin ekvivalenti sionizmdir—desək heç də yanılmarıq. Çünki hər ikisi bir ağacın budağıdır. Onların mənfur planları bundan ibarətdir ki, İslam dünyasını müxtəlif məzhəb və millətlərə bölərək, bizi zəiflətmək, eləcə də aramızda olan ixtilaflı mövzuları qabardaraq, bir-birimizə düşmən etmək istəyirlər. İndi bir qədər də irəli gedərək, bizi vilayətçi və zidd vilayətçi olaraq böldülər. Düşmən dəyirmanına nə vaxta kimi su tökəcəyik?! Artıq ayrılıq zamanı deyil, bir olmaq vaxtıdır.

                                               Vəhdət nə deməkdir?

Vəhdət birlik, bütövlük və bölünməzlik deməkdir. Eyni zamanda bərabərlik və yekdillik anlayışına malik olan həqiqi vəhdət mahiyyətini özündə əks etdirir. Bu o demək deyil ki, hamı yalnız eyni düşüncəyə malik olsa birlik təsis etmək mümkün olar. Əsla bu belə deyil, müxtəlif ideologiyaya sahib olan insanlar arasındakı müştərək proyeksiya və strategiya ətrafında da toplanaraq, işi bərpa etmək mümkündür. Allah-təalanın ali-imran surəsinin 64-ci ayəsində bəyəndiyi və istədiyi vəhdət anlayışı da məhz bundan ibarətdir. Eləcə də Quran nöqteyi-nəzərindən vəhdət mehvəri tövhid və İslam dinidir. Bildiyiniz kimi  Peyğəmbər (s) kitab əhlinin görüşünə gedərək, onları "tövhid" kəlməsi ətrafında toplanmağa dəvət etdi. Allah-təala bu göstərişi, ali-imran surəsinin 64-ci ayəsində Peyğəmbərə (s) buyuraraq, kitab əhlindən ortaq söz ətrafında birləşməyi, Allahdan başqasına ibadət etməməyi, bir-birlərini ilahiləşdirməməyi istəsin. Həmin ayənin davamında qeyd olunmuşdur ki, əgər üz çevirsələr deyin ki, biz haqq qarşısında təslim olanlarıq.³ İttifaq və vəhdətin mehvəri, məhz tövhiddir. Əlbəttə digər ayələrdə Allahın Rəsuluna, əmr sahiblərinə itaət də prioritet şərt kimi buyurulmuşdur. Bu tendensiyanı daha aydın və şəfaf izah etmək üçün həm əqli, həm də nəqli arqumentlər bəyan olunmalıdır. Vəhdət haqqında olan Quran ayələri və məsum imamların dilindən nəql olunan hədislər də məsələnin ciddi olduğunu vurğulayır.

Ali-İmran surəsinin 103-cü ayəsində Allah-təala təkidlə "vəhdət" haqqında bele buyurur:"Hamılıqla Allahın ipinə yapışın və parçalanmayın. Allahın sizə verdiyi nemətləri xatırlayın. Siz düşmən ikən O sizin qəlblərinizi birləşdirdi, Onun neməti sayəsində qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən o sizi xilas etdi..."

Eyni ilə Allah-təala maidə surəsinin 2-ci ayəsində də "vəhdət" anlayışına işarə edərək, bələ buyurur:"Yaxşılıq etməkdə, pis işlərdən çəkinməkdə əlbir olun, günah işlərdə düşmənçilikdə bir-birinizə kömək göstərməyin..."

İmam Əli (ə) cəmiyyəti birliyə çağıraraq, belə buyurur:"Camaat! Fitnə dalğalarını nicat gəmisi ilə yarıb parçalayın. İxtilaf və nifrət törətməkdən əl çəkin. Fəxr və lovğalıq tacını kənara qoyun."

İmam Əli (ə) Malik Əştərə belə buyurur:"Bu ümmətin böyüklərinin əməl etdiyi, vəhdətə və həmrəyliyə səbəb olan, xalqın işini nizama, sahmana salan bəyənilmiş sünnəni sındırma. Heç vaxt keçmiş sünnələrə az da olsa ləkə gətirən bir sünnə və üsul icad etmə. Çünki belə olan surətdə keçmiş sünnənin banisi savab qazanacaq, sən isə onu ləğv etməklə günahkar olacaqsan."

Həzrət Peyğəmbər (s) birlik haqqında belə buyurur:"Camaat və birlik rəhmət, təfriqə və parçalanma isə əzabdır."

İmam Əli (ə) isə belə buyurur:"İxtilaf və ayrılıqdan uzaq olun. Çünki insanlardan ayrılan şəxs, sürüdən ayrılmış heyvanın canavarın ovuna düşdüyü kimi şeytanın ovuna düşər. Ayrılığa dəvət edəni öldürün, hətta əmmaməli olsa belə."

İmam Əli (ə) yenə vəhdət barədə belə buyurur:"Allah islam ümmətinə vəhdət və qardaşlıqla minnət qoyub və onun kölgəsində yaşamaq üçün şərait yaradıb. Bu elə bir nemətdir ki, heç kim onun dəyərini təyin edə bilməz. Çünki bu, hər dəyərdən daha dəyərli və hər gözəllikdən daha gözəldir."¹

Quran ayələri, o cümlədən məsumların dilindən nəql olunan hədislər də  vəhdətin müsəlman cəmiyyətləri üçün nə qədər önəmli və əhəmiyyətli olduğunu təkidlə vurğulayır. Çünki insanların toplum şəkildə yaşaması üçün bütün zamanlarda, həmçinin müasir dövrümüzdə də əsas prioritet məhz vəhdətdir. Bunu da qeyd etmək yerinə düşər ki, artıq təkcə vəhdət anlayışı deyil, onun özəyini təşkil edən predmetlərini də müsəlman cəmiyyətləri dərk edib. Ona görə də müsəlmanlar arasında vəhdətin aradan getməsi üçün imperializm və sionizm  irq və millətçilik məfhumlarını informasiya vasitəsi ilə təbliğ edir. Eyni zamanda müsəlmanlar arasında vəhdətin yaranmasından qorxan düşmən bu gün öz içimizdən olan yəni sapı bizdən olan balta ilə zərbə vurmaq istəyir.

Allah-təala ali-İmran surəsinin 105-ci ayəsində müsəlmanlar arasında məqsədyönlü şəkildə ixtilaf və düşmənçilik atəşini alovlandıran  şəxslər haqqında belə buyurur:"Açıq-aşkar dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar!"¹¹

Allah-təala maidə surəsinin 51-cı ayəsində isə belə buyurur:"Ey iman gətirənlər, yəhudi və xaçpərəstləri özünüzə dost və köməkçi tutmayın, onlar bir-birlərinin dostu və köməkçiləridir. Sizdən kim onları özünə dost və köməkçi tutsa, onlardan olacaqdır (və zalımdır və) şübhəsiz, Allah zalım dəstəni hidayət etməz."¹²

Yekun olaraq, bunu qeyd istəyirəm ki, Peyğəmbər (s) də Məkkədən Mədinəyə hicrət etdikdən sonra ilk müsəlman icmasını, təşkilatını təsis edərkən səhabələr arasında qardaşlıq əqdi oxudu və bununla da vəhdət anlayışını müsəlmanlar arasında qardaşlıq əqdi ilə pərçimlədi. Bu tendensiya əsasında vəhdət yaradan müsəlmanlar ilk növbədə birliyin inkişaf və tərəqqi etməsi üçün çalışar, hətta ixtilaflı mövzular qabardılanda düşmən dəyirmanına su tökmədən, öz aralarında polemika və diskussiya vasitəsilə həll edərlər.

 

Məqalədə istifadə olunan mənbələr

 

1-"Ali-imran" surəsi, ayə 64

2-Ətraflı məlumat almaq istəyənlər “Mister Hemferin xatirələri” kitabına müraciət edə bilər.

3-"Ali-imran" surəsi, ayə 64

4-"Ali-imran" surəsi, ayə 103

5-"Maidə" surəsi, ayə 2

6-"Nəhcül-bəlağə" xütbə 5

7-"Nəhcül-bəlağə" məktub 53

8-"Kənzul-Ummal" hədis 20242

9-"Nəhcül-bəlağə" xütbə 127

10-"Nəhcül-bəlağə" xütbə 192

11-"Ali-imran" surəsi, ayə 105

12-"Maidə" surəsi, ayə 51

 

 

                    Emil Əmişov

                     http://yenivaxt.com