Əhməd ibn Faris və onun “Möcəm əl-məqayis əl-lüğə” əsəri

Əhməd ibn Faris və onun “Möcəm əl-məqayis əl-lüğə” əsəri

                                           Allahın adı ilə

Əhməd ibn Faris və onun “Möcəm əl-məqayis əl-lüğə” əsəri.


Bəli, dinin həqiqi dili hər bir insanın fitrətindədir. Yəni Allah-Taala öz sözünü insanın sağlam  fitrətinin  ədəbiyyatına əsaslanaraq bəyan etmişdir,və bütün səmavi kitablar nazil və bəyan edilməmişdən öncə buna əsaslanmışdır.  Allah-Taalanın Məhəmməd İbn Abdullaha (s)  vəhy yolu ilə nazil etdiyi son kəlam olan Qurani-Kərim də bu qaydadan istisna deyildir. Uca Allahın bəşərin hidayəti üçün nazil etdiyi bu son səmavi kitab, ərəb dilində nazil olsada  bütün bəşəriyyətə xitab olunmuşdur. Allah öz kəlamını ərəb dilinin vasitəsi çatdırma səbəbi isə sonuncu Peyğəmbərin ərəblər içindən seçilməsi  və bu dilin bacarığı digər dillərdən üstün olmasına görədir. Buna görədə dilçilərin fikrincə, ərəb dili digər dillərə nisbətən daha geniş və bacarıqlıdır. Söz bolluğu və sözlərin törəməsi, onun qrammatikası və bəlağət da bu dili digər dillərdən fərqləndirir. Tarixi cəhətdəndə Qurani-kərim ərəb dilinin ədəbiyyat sahəsində zirvəyə çatdığı bir dövrdə nazil olmuşdur. Qurani-kərimin nazil olması ilə məşhur ərəb ədibləri, Quranın bəlağat və fəsahatı qarşısında acizliklərini etiraf edərək onun bəlağat və fəsahatından faydalanma yollarını axtarmağa başladılar. Beləliklə Qurani Kərimin enməsi ilə yanaşı yeni elmlərin doğması üçün fürsət yaranmışdır. Bu səbəbdən Quran nazil olandan bəri ərəb ədəbiyyatına dair çoxlu kitablar yazılmışdır.  Bu kitabların başlıca  məqsədi Allahın kəlamını düzgün başa düşmək olmuşdur. Beləcə hər kitab ərəb dilinin bir sahəsini araşdırmışdır. Demək olar ki, yazılan kitablar asında ən vacib kitablar lüğət kitablarıdır. Beləcə hər lüğət kitabı sözlərin bir ölçüsünü araşdırmışdır. Lakin yazılan lüğət kitablarının arasında sözlərin ilkin mənasına az diqqət yetirilmişdir. Biz bu  yazıda “Möcəm əl-məqayis əl-lüğə” əsərini təqdim etmək niyyətindəyik. Kitabı və müəllifi təqdim etməzdən əvvəl kiçik bir giriş etmək məcburiyyətindəyik ki, kitabın məqamı və yeri tam olaraq məlum olsun.
Bilirik ki, ərəb dilində olan  sözlər bir-birindən törəmişdir. Məsələn: Alim, ülum, müəllim və s kimi sözlər “elm” sözündən törəmişdir. Bu törəmə ərəb dilçiliyində “iştiqaq səğir” adlanır. Çünki bu kimi sözlər ilkin mənadan alınmış olsada, birinci sözdən  hərflərin sayı, forma fərqinə və məna fərqlilikləri vardır. Bu növ törəmələr “sərf” (morfologiya) elmində bəhs olunur. “Iştiqaqi kəbir” adlanan sözlərin törəməsi isə “sözün ilkin mənasını qoruyaraq müxtəlif mənalı sözlər yaratmaq” nəzərdə tutulur. Məsələn: Cəbərut, cəbr, icbar kimi sözlərin mənası fərqli olsalarda lakin hamısı “cəbərə” sözündən törəmiş qüvvət və şiddət mənasını özündə daşımaqdadır. Kiçik törəmənin böyük törəmədən fərqi ondan ibarətdir ki, birincidə sözlərin görünüşü daha çox dəyişsə də, ikincidə sözlərin zahiri görünüşü nəzərə alınmadan onun ilkin məna ilə bağlılıqı nəzərdə tutulur.
Burada əsas məsələ və vacib sual bir sözün çoxlu semantik prinsipə malik olub-olmamasıdır.  Başqa sözlə desək, bir sözün ilkin mənası bir necə mənada işlənə bilərmi?  Digər sual isə sözlərin ilkin və sonraki mənaları arasında  hansı bağlılıq vardır?
Baxmayaraq ki,  bu suallar bu məqalənin əsas hədəfi deyildir və geniş bir yazı istəyir. Biz sadəcə olaraq ərəb leksikoqraflardan birini sizə  təqdim etmək istədiymiz üçün bu məsələni qısa olaraq müzakirə etdik. Bu dəfəki yazımız İbn Faris kimi tanınan Əbul Hüseyin Əhməd ibn Fariz barəsindədir. 


İBN FARİS


İbn Faris (941-1004) onuncu əsrin ərəb ədəbiyyatının ən parlaq simalarından biridir. Doğulduğu il və yer dəqiq məlum olmasada, ehtimal verilir ki, Qəzvin şəhərinin kəndlərindən birində doğulub və orada boya başa çatmışdır.  Bir çox məşhur insanlar kimi İbn Farisində mənsub olduğu məzhəb haqqında  fikir ayrılığı vardır. Bu, isə onun tolerantlığından irəli gəlirdi. Ümumiyyətlə, X əsrdə bir çox mütəfəkkirlər məzhəbçilik ardınca getməmişdir. Lakin hər bir məzhəbin ardıcılları bu böyük alimi öz məzhəbinə mənsub etməyə çalışmışlar. O, dünya işlərinə biganə, cah-cəlal həvəskarı olmayan, sadə həyat tərzi sürən  və günün çoxunu elm və cəmiyyətin aşağı təbəqəsinə yardım etməklə keçirərdi. Tarixi qaynaqlarda yazılanlara əsasən ibn Faris bəzən ev əşyalarını, xalçasını və paltarlarını ehtiyacı olanlara ehsan edirdi. İlkin təhsilini Qəzvində atası Farisdən almış, daha sonralar isə öyrənməyə böyük maraq göstərdiyi üçün o dövrün elmi şəhərləri olan Qəzvin, Həmədan, Zəncan, İsfahan və Bağdad şəhərinə hicrət edərək görkəmli ustadların elmindən pay almışdır. Demək olar ki, İbn Farisin əsas şöhrəti onun ərəb dilçiyi sahəsində yazdığı əsərlərə görədir. İbn Farisin müasirlərindən olan Əbu Mənsur Əbdülməlik Sələbi, onu həm də poetik zövqə sahib olduğunu bildirmişdir.  Bəzi müasirlər onu tərbiyəvi şeirlərin ilk yaradıcısı hesab etmişlər.  O, fəlsəfə elmlərini qəbul etməsə də, filosofları pisləsə də, digər tərəfdən ədəbi düşüncədə dinamik baxış bucağına malik olmuş, öz dövrünün şair və yazıçılarını arxaistlərə qarşı müdafiə edərək şərq  ədəbiyyatına yeni həyat verməyə çalışmışdır. O bu barədə belə yazır:
وَلَو اقْتصر النَّاس على كتب القدماء لضاع علم كثير ولذهب أدب..
Əgər insanlar keçmişin irsi ilə kifayətlənsələr bir çox elmlər aradan gedərək, mədəniyyət və ədəbiyyat öz inkişafından qalacaqdır” 
İbn Faris nəhv elmində Kufə məktəbinin davamçısı olsada, bununla belə, o, Kufə məktəbinin arqumentlərinə o qədər də əhəmiyyət verməmişdir. İbn Faris  çoxlu kitablar və risalələr yazmışdır.

-əbiyatul-istişhad, əl-itba vəl-məzavəcə, əl-Ənvar, Novruz, Peyğəmbərin əxlaqı və s

Lakin ən məşhur əsəri isə “Möcəm əl-məqayis əl-lüğə” kitabıdır. Bu kitab ərəb dilinin ən mühüm leksik lüğətlərindən biridir. Kitabın tədqiqatçı olan Əbdulsəlamın fikrincə, bu İbn Farisin ömrünün sonunda yazdıqı  kitabıdır.  İbn Faris “Müqayisəli lüğət”in müqəddiməsində kitabı yazmaqda məqsədi haqqında deyir:
إِنَّ لِلُغَةِ الْعَرَبِ مَقَايِيسَ صَحِيحَةً، وَأُصُولًا تَتَفَرَّعُ مِنْهَا فُرُوعٌ. وَقَدْ أَلَّفَ النَّاسُ فِي جَوَامِعِ اللُّغَةِ مَا أَلَّفُوا، وَلَمْ يُعْرِبُوا فِي شَيْءٍ مِنْ ذَلِكَ عَنْ مِقْيَاسٍ مِنْ تِلْكَ الْمَقَايِيسِ، وَلَا أَصْلٍ مِنَ الْأُصُولِ. 
“Həqiqətən də, ərəb dilinin düzgün müqayisə və üsul  prinsipləri vardır ki, fəri məsələlər bundan törəmişdir. Ərəb dilçiliyi barəsində çox saylı və sahəli kitablar yazılsada bu əsas prinsiplərə toxunulmamışdır”

 
SÖZÜN ƏSL MƏNASI


Məna sözü “ənəyə” kökündən alınmış, mənası isə sözün nəzərdə tutulmuş məna və məqsədidir. Əsl sözünün leksik mənası bir şeyin zatı, əsası və  kökü olaraq bildirilməkdədir. Beləcə sözün əsl mənası dedikdə “sözün ilkin nəzərdə tutulmuş mənası” nəzərdə tutulur. İbn Farisin görüşünə əsasən ərəb dilində sözlərin əsl mənası vardır dı ki, digər sözlər onlardan törəmişdir. İbn Faris birinci anlama “əsl”  ikinci anlamı isə “fəri”  adlandırır. İbn Faris “cinn” sözünün izah edərkən belə yazır:
(جِنٌّ) الْجِيمُ وَالنُّونُ أَصْلٌ وَاحِدٌ، وَهُوَ [السَّتْرُ وَ] التَّسَتُّرُ. فَالْجَنَّةُ مَا يَصِيرُ إِلَيْهِ الْمُسْلِمُونَ فِي الْآخِرَةِ، وَهُوَ ثَوَابٌ مَسْتُورٌ عَنْهُمُ الْيَوْمَ. وَالْجَنَّةُ الْبُسْتَانُ، وَهُوَ ذَاكَ لِأَنَّ الشَّجَرَ بِوَرَقِهِ يَسْتُرُ. وَالْجَنِينُ: الْوَلَدُ فِي بَطْنِ أُمِّهِ. وَالْجَنِينُ: الْمَقْبُورُ. وَالْجَنَانُ: الْقَلْبُ. وَالْمِجَنُّ: التُّرْسُ. وَكُلُّ مَا اسْتُتِرَ بِهِ مِنَ السِّلَاحِ فَهُوَ جُنَّةٌ
Cinn cim və nun sözün əslidir. Bu sözün mənası gizlətmək və örtməkdir. Bu sözdən törəmiş cənnət, cənin, cənan, micənn, cünnət və s kimi fəri sözlər də gizlətmək və örtmək mənası  qalmaqdadır. Daha sonra isə cinn sözündən alınmış bu mənaları belə izah edir.
- Cənnət müsəlmanların axirətdə nəsibi olacaq bir mükafatdı ki,  bu gün onlardan gizlidir. 
- Cənnət (bağ) bu da ona görədir ki, ora ağac yarpaqları ilə örtülüdür.
- Cənin (rüşeym) ana bətnində olan uşaq.
- Cənan (ürək) qəlb. 
- Cünnət – qalxan. 
Göründüyü kimi bütün bu sözlərin kökündə örtünmə  mənası vardı. Dediymiz kimi İbn Faris bu ilkin mənanı üsul və digər mənaları isə füri adlandırır.
Burada çox vacib və mənaya təsirli olan başqa bir sual yaranır. İbn Farisin üsul adlandırdıqı  söz bir neçə əsas məna ehtiva edə bilərmi? Başqa sözlə desək sözün neçə formada semantik prinsipi ola bilər?
İbn Faris iki böyük leksikoqraf müəllimlərinin – Xəlil ibn Əhməd Fərahidi və İbn Dariddin fikirlərini önə çəkərək  semantik prinsipin iki mənaya sahib olmasını bildirmişdir. Məsələn “bəqq- بق” sözünü izah edərkən belə yazır:
(بَقَّ) الْبَاءُ وَالْقَافُ فِي قَوْلِ الْخَلِيلِ وَابْنِ دُريدٍ أَصْلَانِ: أَحَدُهُمَا التَّفَتُّحُ فِي الشَّيْءِ، قَوْلًا وَفِعْلًا، وَالثَّانِي الشَّيْءُ الطَّفِيفُ الْيَسِيرُ
“Bəqq sözü Xəlil və ibn Duraydin nəzərinə əsasən iki əslə malikdir. Bunlardan biri sözdə və ya əməldə aşkarlıq, ikincisi isə yüngül və asan bir şeyə deyilir.” 
Lakin bu nəzəriyyə bəzi leksikoqraflar tərəfindən qəbul edilməmişdir. Məsələn, Rağib İsfəhani, Muhəmməd Həsən Cəbəl və Həsən Müstafavi   ərəb sözlərinin yalnız bir əslilə malik  olduğunu vurğulamışdır. Bəli, İbn Faris də sözlərin mənasını bir prinsipə qaytarmağa çalışmış, lakin bəzi sözlər haqqında bu termini işlətmişdir. “əslan”, “səlasətul-usul” və ya “ərbətul-usul”...
Hər halda, bu yazıda sadəcə pəncərəni açmaq və dərin məzmunu başqa vaxta buraxmaq istədik. Sadəcə naqis bəyan ilə araşdırdıqlarımızı, tədqiq etdiklərimizi siz əziz oxucuya təqdim etdik.

   İLahiyyatçı Tural Salmanov

    yenivaxt.com