“QIRX” KƏLMƏSİ HAQQINDA QIRX İNCƏLİK 15 hədis
“QIRX” KƏLMƏSİ HAQQINDA QIRX İNCƏLİK 15 hədis

1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs qırx gün müddətində əməllərini ixlasla yerinə yetirsə, elm və hikmət çeşmələri onun qəlbindən dilinə cari olar.”[1]
2-İmam Baqir (ə) buyurmuşdur: “İnsan qırx gün müddətində imanını Allah üçün xalis etsə, Allah-taala onu dünyaya qarşı rəğbətsiz (zahid) edər, dünyanın dərdini və dərmanını ona tanıtdırar, daha sonra hikməti onun qəlbində möhkəmləndirib, dilini hikmət ilə danışığa gətirər.”[2]
3-Fəzl ibni Yəsar deyir: İmam Baqir (ə)-ın belə buyurduğunu eşitdim: “Hər kəs şərab içsə, namazı qırx gün ərzində qəbul olunmaz.”[3]
4-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs mömin qardaşlarından qırx nəfəri dua etdikdən sonra özünü dua etsə, onun hər iki duası qəbul olunar.”[4]
5-İmam Sadiq (ə) buyurmuşdur: “Bir mömin şəxs dünyasını dəyişdikdə, qırx nəfər mömin şəxs dəfn mərasimində iştirak edib, onun mömin olduğuna şəhadət versələr, Allah-taala onu bağışlayar.”[5]
6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Bir şəxsin biz Əhli-beytə məhəbbət barədə yaydığı qırx hədis, onun sədəqə verdiyi qırx min dinardan (qızıl puldan) üstündür. Allah-taala ona hər bir hədis üçün bir peyğəmbərin savabını, hədisin hər bir hərfi üçün isə qiyamət günü bir nur verər.”[6]
7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ümmətimdən hər kəs camaatın istifadə etməsi üçün qırx hədis əzbərləyərsə, Allah-taala onu qiyamət günü fəqih və alim halında gətirər.”[7]
8-Həzrət Peyğəmbəri-Əkrəm (s) imam Əli (ə)-a vəsiyyət edərək buyurmuşdur: “Ya Əli! Ümmətimdən hər kəs Allahın razılığını və axirət aləminin savabını qazanmaq məqsədilə qırx hədis əzbərləyərsə, Allah-taala onu qiyamət günündə peyğəmbərlər, övliyalar, şəhidlər və layiqli şəxslərlə birgə məhşur edər.”[8]
9-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs halal və haram (işlər) barəsində bizim hədislərimizdən qırx hədisi hifz edərsə, Allah-taala qiyamət günü onu fəqih və alim halında gətirər və ona əzab verməz.”[9]
10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mənim ümmətimdən hər kəs sünnədən qırx hədis əzbərləyərsə, qiyamət günü ona şəfaət edərəm.”[10]
11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Vəfatından sonra qırx hədisi (başqalarının istifadə etməsi üçün yazılı şəkildə) qoyub gedən şəxs, cənnətdə mənim dostum olacaqdır.”[11]
12-İmam Sadiq (ə) buyurmuşdur: “Şiələrimizdən hər kəs qırx hədisi hifz edərsə, Allah-taala qiyamət günündə onu fəqih və alim halında gətirər və ona əzab verməz.”[12]
13-Asiman imam Hüseyn (ə)-ın matəmində qırx gün ağlamışdır.
14-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs qırx gün “Əhd” duasını oxusa, imam Zamanın əsgərlərindən olar. Əgər o həzrət zühur etməmişdən öncə ölsə, Allah-taala onu o həzrətə xidmət etmək üçün qəbirdən qaldırar.”
15-İmam Kazim (ə) buyurmuşdur: “Qırx dəfə həcc əməllərini yerinə yetirən şəxsə (qiyamətdə): “İstədiyin şəxsə şəfaət et!” – deyilər.”[13]
[1] “Səfinətul-bihar”, 2-ci cild, səh. 667.
[2] “Üsuli-kafi”, 3-cü cild, səh. 27.
[3] “Xisal”, 2-ci cild, səh. 311.
[4] Yenə orada, səh. 315.
[5] Yenə orada, səh. 317.
[6] “Camiul-əhadis”, səh. 58.
[7] “Üyuni əxbarir-Riza”, 31-ci bölüm, səh. 37, hədis: 99.
[8] “Xisal”, 2-ci cild, səh. 323.
[9] Yenə də orada “Ərbəin” bölümü səh. 542
[10] Yenə orada.
[11] “Kənzül-ümmal”, 1-ci cild, səh. səh. 226.
[12] “Biharul-ənvar”, 2-ci cild, səh. 153.
[13] “Xisal”, 2-ci cild. səh. 330.