Bir gəncin nəfsinə necə hakim olması ilə bağlı Əllamə Təbatəbaiyə yazdığı məktub

Bir gəncin nəfsinə necə hakim olması ilə bağlı Əllamə Təbatəbaiyə yazdığı məktub

Bir gəncin nəfsinə necə hakim olması ilə bağlı Əllamə Təbatəbaiyə yazdığı məktub

Bir gənc Əllamə Təbatəbaiyə yazdığı məktubda ondan nəfsə hakim olmağın yollarını soruşur. Əllamə də onun cavabında “tövbə”, “müraqibə” və “mühasibə” etməyi tövsiyə edir.

 

Gəncin Əllamə Təbatəbaiyə yazdığı məktub:

 

“Görkəmli filosof Ayətullah əl-üzma Təbatəbai cənablarına! Salamun əleykum və rəhmətullah! 22 yaşlı bir gəncəm. Mənə elə gəlir ki, mənim bu sualımı yalnız siz cavablandıra bilərsiniz. Elə bir mühit və şəraitdə yaşayıram ki, nəfsani istəklər və arzular mənə hədsiz dərəcədə hakim kəsilmiş və məni öz əsarətində saxlamışdır. Bu da məni Allaha doğru hərəkətdən və istedadlarımın çiçəklənməsindən məhrum edir.

 

Sizdən xahiş edirəm ki, mənə yol göstərin. Nəfsimə hakim olmaq və hamının düçar olduğu bu qara tilsimi sındırıb səadətə çatmaq üçün hansı əməlləri yerinə yetirməliyəm?

 

Onu da xatırladım ki, nəsihət istəmirəm, çünki nəsihət iddiasında olanlar çoxdur. Qələbə qazanmaq üçün əməli göstərişlərə ehtiyac duyuram; necə ki, siz Nəcəfdə fəlsəfə ustadından təhsil almısınız, özü də o, işraq fəlsəfəsində nəzər sahibi olub. (O, sizə ustadlıq etdiyi kimi, siz də mənə ustadlıq edin.)

 

Bir daha xatırladıram ki, sualıma şifahi şəkildə cavab verə bilməyəcəyiniz qənaətindəyəm. Elə bu üzdən, boş yerə dəyərli vaxtınızı almaq istəmirəm və bir ata kimi sizdən xahiş edirəm ki, əgər məsləhət bilirsinizsə və bu məsələnin həqiqəti haqda bir fikriniz varsa, bu haqda mənə kömək edəsiniz. Əgər cavabınız mənfidirsə, mənim qüsurlu düşüncəmə gülməyin, məktubu gizlicə cırın və məni də başlı-başına buraxın. Sizə minnətdarlığımı bildirirəm.

 

23.10.1355 (13 yanvar 1977) 

 

Əllamə Təbatəbainin cavabı:

 

“Bismillahir-rəhmanir-rəhim. Əs-səlamu-əleykum.

 

Bu məktubda qeyd etdiyiniz məqsədə nail olmaq üçün “tövbə” etmək, “müraqibə” və “mühasibə” aparmaq üçün iradə etməyiniz zəruridir. Belə ki, hər gün səhər yuxudan durduqda, güclü iradə və əzmlə önünüzə çıxacaq hər bir məsələdə yalnız Allah-Taalanın razılığını mülahizə etməlisiniz. Bu zaman, gün ərzində yerinə yetirəcəyiniz hər bir işin başlanğıcında axirət qazancını diqqətdə saxlamalısınız; belə ki, əgər onun sizin axirətiniz üçün faydası yoxdursa, hər nə olursa olsun, yerinə yetirməməlisiniz. Bu halı gecə yatana kimi davam etdirməli, yatarkən də dörd-beş dəqiqə gündəlik yerinə yetirdiyiniz işlər haqqında düşünməli və bir-bir nəzərdən keçirməlisiniz. Onların hər hansı biri Allahın razılığı əsasında olubsa, şükür etməli, hansı birində xətaya yol verilibsə, Allahdan bağışlanma diləməlisiniz (istiğfar etməlisiniz).

 

Bu proseduru hər gün davam etdirin. Bu metod işin əvvəlində çətin və nəfsə ağır gəlsə də, nicat və qurtuluş açarıdır. 

 

Hər axşam yatmazdan öncə, mümkünsə, “Müsəbbihat”surələrini, yəni “Hədid”, “Həşr”“Səff”“Cümə” və “Təğabun” surələrini oxuyun. Mümkün deyilsə, yalnız “Həşr” surəsini oxuyun və iyirmi gündən sonra mənə məktub yazıb öz halınız haqqında məlumat verin. İnşallah ki, müvəffəq olacaqsınız! Vəs-səlamu əleykum.

 

Məhəmmədhüseyn Təbatəbai"

 

Maide.Az 

http://yenivaxt.com