QARABAĞ FATEHİ QAZİ QURBANƏLİ ƏLİYEVDƏN MÜSAHİBƏ

QARABAĞ FATEHİ QAZİ QURBANƏLİ ƏLİYEVDƏN MÜSAHİBƏ

QARABAĞ FATEHİ QAZİ QURBANƏLİ ƏLİYEVDƏN MÜSAHİBƏ

Bu gün yenivaxt.com saytının qonağı Əl-Mustafa Beynəlxalq Universitetinin tələbəsi, Qarabağ döyüşlərində, vətənin keşiyində durub, vətənin müdafiə edən və qazı adın alan Qurbanəli Əliyevdir.  Xatırladaq ki, Şuşa şəhəri işğaldan azad olandan sonra Şuşa şəhərində ilk dəfə azan verən və Gövhərağa məscidində cümə namazı qıldıran həmin bu şəxsdir.

1.  Zəhmət olmasa, özünüzü təqdim edin. Qurbanəli Əliyev Kimdir?

Mən Qurbanəli Əliyev 1997-ci il mayın 25-də Lerik şəhərində anadan olmuşam. Lerikdə Valeh Muslumov adına 2 saylı orta məktəbi  bitirmişəm.  Ailəmizdə Allaha ibadət edənlər olduğuna görə, İslam dininə marağım olub.  İstəmişəm ki, təhsil alım və elmlə Allahı tanıyım və Allaha yaxın olum.  Məktəbi bitirəndən sonra 2015-2017- ci ildə hərbi xidməti bitirmişəm. Sonra islam elmlərini öyrənmək üçün tələbə olmuşam.   2020-ci ildə döyüşlər başlayıb, könüllü olaraq vətənə xidmətə getmişəm.  Özümdə İmam Mehdi (ə) müntəziriyəm.  Yəni Onu gözləyənəm.

2. İlk dəfə əsgər paltarını geyinib, Qarabağa gedən zaman nə hisslər yaşadın?

O hissləri danışıb dilə gətirmək olmaz, amma bunu deyə bilərəm ki, Polad Həşimovun şəhid olmasından sonra, bir həftə qalmışdı ki, Təbriz şəhərinə qayıdım, yəni yenidən Universitetdə təhsilimi davam etdirim.  Lakin düşündüm  ki, vətənin müdafiəsi üçün döyüşə getmək lazımdır.  Həmin gün adımı səfərbərliyə yazdırmağa getdim, amma məni qəbul etmədilər.  İkinci dəfə adımı səfərbərliyə yazdırdim,yenə də çağırmadılar.   Dostlarımı hərbi komissarlığa aparanda, yenidən adımı yazdırdım.  Bütün ümüdüm kəsilmişdi ki, məni çağırmırlar, lakin bir az keçdi və məni çağırdılar.  İlk dəfə hərbi paltarı geyinib fikirləşdim ki, gediş var, amma dönüş yoxdu və Allaha dedim ki, İlahı məni peşman eləmə.  Yəni gediriksə, həqiqi şəhidlərdən Əhli beyt (ə) şəhidlərindən olaq, əgər qayıdarıqsa, bizi müzəffər vətənə qaytar.  Şükür olsun Allahın böyüklüyünə ki, Allah dualarımı qəbul elədi və mənə ikinci nəfəsi verdi.

3.  Düşmən əsarətində olan, ərazilərimizi görən zaman, heyrətləndin, qorxdun, yoxsa təəsüfləndin?

Hər kəsin bir arzusu və məqsədi var.  Mən döyüşə gedən zaman, mənim birinci məqsədim bu idi ki, həm vətənim, həm də müsəlman torpaqlarında yaşayan münafiqləri, yəni dini, irqi bəlli olmayan bir millətlə döyüşəcəm və onları bu torpaqlardan rədd eləmək lazımdır.  O torpaqları görən zaman, o torpaqlarda, balaca uşaqların sızıltı səsləri, onların başlarına gətirilən oyunlar, açılmış qəbirlər, sanki dağıdılmış evlərin səsləri ruhumu kövrəltdi.  Birdən mənim ağlıma gəldi ki, bu torpaqlar 30 ilə yaxındır ki, azan səsinə həsrət qalıb.  İlk dəfə Füzülidə döyüş gedə-gedə azanı səsləndirdim. Əsgərlərimiz mənə dedilər ki, indi səni vuracaqlar, məndə cavabında dedim ki, qoy vursunlar.  Hətta bir  dəfə Füzulidə hazırlaşıb, döyüşə gedirdik, bir-birimizə dedik ki, gəlin namaz qılaq.  Namaz qılan zaman bizim yanımıza düşmən raketi düşdü, amma partlamadı.  Şükür olsun Allahın böyüklüyünə. Allaha şükür edirəm ki, torpaqlarımız dövlət tərəfindən, həm də İslamı baxımından düşmən tapdağından azad oldu.

4.  Şuşa şəhərində Gövhərağa məscidində 30 ildən sonra, ilk namazı qıldırmaq və bu məsciddə dua etmək sənin düşüncələrinə və dünya görüşünə necə təsir bağışladı?

Hansı şəhərdə namaz qılırdım dua belə olurdu ki, Allahım Şuşada Gövhərağa məscidində bizə namaz qılmağı nəsib elə.  Hansı işğal olunmuş ərazını işğaldan azad edirdik, duamız belə olurdu ki, Allahım o biri torpaqlarımızda da azan verib, namaz qılıb, dua etməyimizi bizə nəsib elə.  Şuşada Gövhərağa məscidində namaz qılandan sonra, o zaman qardaşlarımızdan biri, Şüşada gözəl bir söz dedi: bütün məscidləri bağladılar,amma bilmədilər ki, Allah Şuşada məscidi açacaq.  Biz orda camaat namazı qıldıq. Yəni orda namaz qılmaq, mən elə fikirləşirəm ki, sanki İmam Hüseynlə (ə) Kərbəlada namaz qılmış kimi olduq. Çünki yenə deyirəm, münafiqlərdən, kafirlərdən təmizlənmiş torpaq idi.  Sanki məscidin divarları sızıldayırdı.  Sonra bu məscidin həyətindəki məzarlığı gördüm.  Bu qəbirlər seyyidlərin və şəhidlərin qəbirləri idi.  Mən onların qəbirlərini bir-bir ziyarət etdim.  O qəbirləri ziyarət edərkən, içimdə xoş duyğular yaranırdı, sanki hiss edirdim ki, bu qəbirlər sevinirlər.  O günü Şuşada gözəl hava var idi.  Elə bil, günəş Şuşaya yenidən doğmuşdu.  Şuşa Lerikə bənzəyirdi, orda yaşamağımın bir qəribəliyi yox idi, sadəcə döyüş formasında və düşmənlə üz-üzə olmaq, bu torpaqların düşmən işğalından azad olması mənim üçün fərqli hisslər yaradırdı.  Mənim nömrəmə təqribən 30-40 nəfər Şuşalı tərəfindən zənglər gəlirdi, mənim telefonum dayanmaq bilmirdi.  Mənə zəng edənlərin bir sözü var idi.   Şuşa necədir? Şuşaya onlar o qədər həsrətli idilər ki, şükür Allaha onların həsrəti ürəklərində qalmadı.  Allaha şükür edirəm ki, o şəxslərdə bizə duaçı oldu.  Allaha min şükür ki, işğal olunmuş ərazilərdə, Allahın dinin dirçəltdik və torpaqlarımızı düşmən işğalından azad etdik. 

 

5.  Əsgər paltarı geyinib Qarabağı azad etməyə gedən zaman, sağ qayıdıb, qazı olacağını düşünmüşdün?

Əslində dua etdim və Qurani-Kərimdən bu ayəni dedim: Allahdan gəlmişik, Allaha da qayıdacağıq.   Evdə hər kəslə vidalaşdım, və onlara dedim ki, ola bilər, bəlkə mən qayıtmadım.  Amma içimdə bir ümüd var idi ki, çox böyük arzum idi.  Hətta Kərbəlayi Arif qardaşımızla, tez-tez bu barədə danışırdım, bizim tələbə yoldaşımızdır və indi O döyüşdədir.  Hələ də O, xidmət edir.  Ürəyimdə bu arzu var idi, Allahım əgər qismətimdədirsə, mənə şəhidlik nəsib elə.  Geri dönmək fikirim yox idi.  Yəni düşünməyin ki, deyirəm gedim ölüm.  Niyyətim bu idi ki, gedib,layiqli bir şəhadətə çatım.  Bu bir fürsət idi.  Amma həmd olsun Allaha ki, qayıtdım evə.   Ailə üzvlərimdə deyir ki, sanki  bəzi insanların sənə ehtiyyacı olduğu üçün, Allah sənə bu həyatı verib, geri qaytardı.  Bu həyatı düzgün və layiqli yaşamağı Allah mənə nəsib edər. İnşallah.

 

6.  O döyüş bölgələrində nələr gördün?  Sənə ən çox təsir edən nə idi?

Döyüş bölgələrində, içim yanır bu sözləri deməyə, onların dağıtdıqları yerlər, xaraba qoyduqları məscidlər mənə pis təsir etdi.  Məscidlərə çox hörmətsizliklər etmişdilər.  Füzulidə iki məscid gördüm ki, həmin məscidləri, donuz nəcisi ilə, doldurmuşdular.   Oranı təmizlədik.  Xocavənd məscidləridə, pis günə qoyulmuşdu, oralarıda təmizlədik.  Yəni bunları artıq onlar etmişdilər. Amma biz bir yandan sevinirdik ki, məscidlər azad olundu.  Amma mənə ən çox təsir edən,bilmirəm bu hissi necə ifadə edim, otururduq ki, qardaşlarla çörək yeməyə, səhər artıq o qardaşlar aramızda olmurdu.  Onlar şəhid olurdu.  Onlardan İlahiyyatçı Maarif Səfərov, dəyərli alim Elməddin Cəfərovu göstərə bilərəm.  Mənim bir dostum var idi, sanki canım idi. Adı Əsədullayev Elnur idi.  Hərbi hissənin giziri idi. Şəhid oldu.  Sonra Movlanov Altay qardaşımız var idi.  Həmin gün Movlanov Altayla çörək yedik və sonra bilmədim başına nə gəldi.  Bir neçə gün ondan xəbər çıxmadı, sonra bildik ki, O, şəhadətə çatmışdı.  Heç vaxt yaddan çıxmayacaq bir tarixdir və bu hisslər yaddan çıxmayacaq.  İçimi göynədir, amma bir tərəfdən sevinirəm ki, onlar şəhidlik zirvəsinə ucaldilar.  Lakin bir tərəfdən də yanıram ki, yaxşı qardaşlarımı itirdim.  Yəni elə münafiqlərə görə, bizim qardaşlarımızın bir damla qanı da çoxdu.  

 

7. Gələcək planlarınız barədə nə deyə bilərsən?

Gələcək planlarla bağlı bunu deyə bilərəm ki, Qafqaz müsəlmanlar idarəsi tərəfindən mənə həcc ziyarəti təklif etmişdilər.  Amma bilmirəm, bu təklif nə vaxt yerinə yetiriləcək.  Bundan da əlavə, Allah məni sağ salamat evimə qaytardı.  Harda oluram olum, ac və yaxud tox olum,fərqi yoxdu mənim üçün, Peyğəmbər və Onun Əhli-beytindən tərbiyə götürərək, Allaha layiqli bəndə olum.  Çünki biz döyüş bölgəsində hər an fikirləşirdik ki, indi ölərik ya sonra ölərik.  Yəni ölüm-qalım savaşı idi.  Həzrəti Əliəkbər (ə) sual etdilər ki,ölüm sənin üçün necədir? Buyurdu ki, ölüm mənə baldan şirindi.  Allahdan istəyim odur ki, Allah mənə elə ömür versin ki,günahsız bir ömür yaşayım və Allahın əmrlərini insanlara çatdırmağı bacarım.

 

Çox sağ ol dəyərli qardaş. Bizə dəyər verib, bizim yenivaxt.com saytına müsahibə verdiyin üçün, sənə təşəkkür edirik.  Allahdan sənə xeyir arzulayıb, işlərində xeyir tapasan deyirik.

 

Söhbətləşdi: Ceyhun Fikrət

http://yenivaxt.com