Ruhani qazi: “Hər döyüşə və hücuma keçən də Quranı döyüşçülərə öpdürürdüm” MÜSAHİBƏ FOTO / VİDEO

Ruhani qazi: “Hər döyüşə və hücuma keçən də Quranı döyüşçülərə öpdürürdüm” MÜSAHİBƏ FOTO / VİDEO

Ruhani qazi: “Hər döyüşə və hücuma keçən də Quranı döyüşçülərə öpdürürdüm” MÜSAHİBƏ FOTO / VİDEO

Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etdiyi Vətən müharibəsində dastan yazan qəhrəmanlar arasında Əhli-Beyt (ə) aşiqləri, Kərbəla məktəbənin davamçıları xüsusilə gözə çarpırdı. Düşmən üzərinə “Ya Zeynəb (sə)”, “Ya Əbəlfəz (ə)” sədaları ilə gedən bu  döyüşçülərimizin arasında ruhanilərin, dindarların olması ordumuza əlavə cəsarət verirdi. Onların bu cəsarəti düşmənin qəlbinə xof salırdı.

Belə döyüşçülərimizdən biri də dini təhsil alan Sabit Hüseynidir.

Giperssilka.ru olaraq Sabit Hüseyni ilə söhbətləşdik, döyüş haqqında təəssüratlarını öyrəndik:

- Zəhmət olmasa, özünüz haqda oxucularmıza məlumat verərdiniz.

- Bizə ayırdığınız diqqət və qayğıya görə təşəkkür edirik. İnanın, qalib ordu kimi geriyə dönmək ruhumda böyük şadlıq doğurur.

Mən Sabit Hüseynov Sakit oğlu 09 may 1996-cı ildə Bakı şəhəri Qaradağ rayon Müşfiqabad qəsəbəsində dünyaya göz açmışam. Orta təhsili Şəhid Etibar Şirəliyev adına 274 saylı orta məktəbdə bitirmişəm.
 
- Siz də düşmən üzərində qazanılan qələbədə rol almısınız. Bu münasibətlə sizi də təbrik edirik. Döyüşlərdə iştirak edən qazimiz olaraq, bu qələbəni necə qiymətləndirirsiniz?

- Mən çox xoşbəxtəm ki, bu döyüşlərdə iştirak etdim.

14 yaşım var idi, yay aylarında Şəhid Seyyid Mübariz İbrahimov düşmən mövqelərinə keçərək böyük şücaət göstərmişdi və bu qəhrəmanlıq nəinki Azərbaycana, hətta bütün dünyaya səs salmışdı. Əlqərəz, mən bu qəhrəmanlığı eşidəndə qəlbimdə şəhidlik qığılcımı yarandı və o andan şəhid olmaq arzusu ilə yaşadım. Bu eşqlə 2-ci Qarabağ döyüşlərinə könüllü olaraq qatıldım.

 

 

Sabit və döyüşçü yoldaşları

 

- Döyüşlərə çağırılarkən hansı hissləri keçirdiniz? Çağırılacağınızı gözləyirdinizmi?

- İçimdə böyük qorxu və narahatlıq var idi ki, birdən mənə döyüşə getmək nəsib olmaz. Hərbi komissarlıq əlimdən təngə gəlmişdi. Nəhayət hərbi hissəyə daxil olub hərbi formanı geyindikdən sonra gözlərim doldu və səmaya baxıb, Allah şükür etdim ki, mənə bunu nəsib etdi. Mömin qardaşlarım məni döyüşə yola salarkən mənim halıma sevindilər və belə dedilər: “Deyəsən arzuna çatırsan”. Əslində bu söz mənə çox xoş gəldi, lakin Allahın məsləhəti bizim istəyimizdən daha üstündür.

Dostlarının Sabiti cəbhəyə yola salması

Sabitin cəbhəyə yola düşməsi

- Əsgərlərimizin bu Vətən müharibəsində  düşmən üzərinə getmələri "Ya Əli (ə)", “Ya Hüseyn (ə)”, "Ya Zeynəb (ə)" və digər bu kimi nidaları ilə yadda qaldı. Necə düşünürsünüz, xalqımızın dönməz bağlı olduğu İmam Hüseyn (ə) məktəbinin bu döyüşdə təsiri necə oldu?

- Əsgərlərin və ordumuzun cəsurluğu vətənə və imam Hüseyn əleyhissəlama olan sevgidən irəli gəlir. Çox nümunələr demək olar, amma mən sizə gözümlə şahid olduğum bir neçə əhvalatı danışacam.

1) Hücuma keçməyə hazırlaşırdıq və mən kaskamın arxa tərəfinə Ərəbcə یا حسین  (Ya Hüseyn (ə)) yazdım. Bir neçə dəqiqədən sonra gördüm ki, həmin bu mübarək yazı çox kaskalara yazılıb.

2) Birinci döyüş əməliyyatlarını bitirdik və arxa cəbhəyə qayıtdıq. Bir qədər istirahət etdikdən sonra Şuşa istiqamətində hücuma keçmək üçün gözləməyə başladıq. Mənim cibimdə müqəddəs kitabımız Qurani-Kərim var idi. Hər döyüşə gedəndə, hücuma keçəndə Quranı döyüşçülərə öpdürürdüm.

Mənim ibadət əhli və mərsiyə oxuyan olduğumu bəziləri bilirdi. Ocaq başına toplaşan döyüşçülər məni mərsiyə oxumağa dəvət etdilər. Orada Kərbəla ziyarətinə getmiş, xütbə oxumağı bacaran 3-4 qardaş da var idi. Xeyli adam bizim başımıza yığışıb Əhli-Beytin (ə) məzlumiyyətinə ağlayırdılar. Halbuki ağlayanların çoxu dindən az məlumatı olan şəxslər idi. Xətib hər hadisədən danışdıqca, mən də o hadisəyə uyğun mərsiyə, nohə və rövzə oxuyurdum. Mən o cür mənəviyyatlı məclis görməmişdim. Çoxumuzun qəlbi dağlı və qəmgin idik. Hər oxunan qəmli sözlər göz yaşlarına səbəb olurdu.

3) Mühasirəyə düşmüşdük, 1 günə yaxın olardı ki, susuz idik. Taborda 300 nəfər idik, hər kəs bir-birindən su istəyirdi. Bu zaman bir döyüşçü durub şehə bürünən yarpağı susuz dodaqlarına vurmağa başladı və arxamdan bir səda yüksəldi: "Ya Hüseyn, sən nələr cəkmisən!"

- Bildiyimiz qədər siz də, Şəhid Maarif də Təbriz mədrəsənin tələbələrisiniz. O, şəhid, siz vətən qazisi oldunuz. Şəhid Maarifi tanıyırdınızmı? Mədrəsə təhsil aldığınız illərdə görüşmüşdünüzmü?

- Bəli, Şəhid Maarif Səfərovu çox gözəl tanıyırdım. 2019-un yayında İran İslam Cümhuriyyətinin Təbriz şəhərində məddahlıq kursu başlamışdı. biz o şəhərə və o mübarək mədrəsəyə  birgə qədəm qoymuşduq.

Bəzi insanlar olur ki, münasibət qurmaq bir az çətin olur. Çünki həmin o şəxs soyuqqanlı olur, amma Maarif çox istiqanlı, zarafatcıl, fədakar və gülərüz qardaş idi. Hər halında şadlıq və məmnunluq var idi. Onunla cəmi 2 günə münasibət qurdum.

Mənə həmişə deyirdi ki, “Sabitcan, çalış üzərində hər zaman Quran olsun ki, Qurandan ayrı düşməyəsən”. Məddahlıq kursunu bitirdikdən sonra tələbəlik mərhələsinə başlamağımı da o, məsləhət görmüşdü.

Biz tez-tez şəhərə çıxıb gəzərdik, mənim yanımda farsca danışırdı ki, həvəsə gəlim. Hətta mən tələbə kimi Təbrizə qayıdanda, Maarif çox sevindi. Mənə dedi ki, “xoş halına”.

Şəhid Maarif Həzrəti Zəhranı (ə) çox sevirdi, Maarifin şəhadəti qəlbimi çox yandırdı. Bizim güclü münasibət və zarafatımız var idi. Hərdən bir güləşərdik. Eh, haqqında nə qədər danışsam, bitməz.

Şəhid Maarifin şəxsi əşyaları

Yaxşı mütaliə etməyi var idi. Çox vaxt gec yatırdı, səhər sübh namazını qıldıqdan sonra 10-11-ə qədər yatırdı və mən ona gəlib sataşırdım ki, “oyan artıq”. O, da gülərək mənə deyirdi ki, “Sabit, imkan ver yataq”.

Gözəl və məlahətli səsi var idi. Mənə muğamın bəzi şöbələrini oxuyurdu.

Biz divanə kimi Təbrizin küçələrində “Əli, Əli, Mövla!” deyə-deyə surudlar oxuyurduq.

Günlərin birində Şəhid Maariflə zalda məşq edirdik. Bu zaman bir qardaş gəlib dedi ki, Məhəmməd Baqir Mənsuri dünyasını dəyişib. Həqiqətən çox qəlb ağrıdan xəbər idi. Dünya başıma yıxıldı, buna dözməyərək Şəhid Maariflə diz-dizə verib ağladıq və Maarif günlərlə özünə gəlmədi.

Hələ Şəhid Maarif Hacı Qasim Süleymani şəhid olduqdan sonra günlərlə otağında ağladı. Bunu mənə anası deyib. Həqiqətən o bir nur idi. Canım sənə qurban, Maarifim!

 

- Bir tələbənin həm də qazi olması necə bir hissdir?

- Qazilikdən öncə tələbə olmağımla fəxr edirəm. Çünki Cəmiətul-Mustafa (s) Universiteti mənə behiştin qapılarını açdı.

- Hazırda Təbrizdə təhsilinizi davam etdirməyi düşünürsünüzmü?

- Bundan sonra qalan ömrümü dinə və tələbəliyə həsr etməyim barədə düşünürəm. Çünki elm başdan ayağa nurdur və mənim hidayət olmağa, təhsil almağa çox ehtiyacım var. Allah bizləri bu gözəl və bənzəri olmayan yoldan ayırmasın, inşAllah.

- Amin! Allahdan sizin timsalınızda bütün qazilərimizə can sağlığı arzulayır, qanınız, canınız, həyatınız bahasına bu qələbəni xalqımıza, ümmətə dadızdırdığınız üçün qəlbən minnətdarıq!

Müsahibə dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirik.

- Allah sizdən razı olsun ki, bizlərə bu qədər qayğı və diqqət ayırdınız. Həmçinin çoxlu dualar etdiniz. Çox-çox təşəkkür edirəm, var olasınız, inşAllah.

 

Döyüşdən qayıdış

Şəhid Maarifin ailəsini ziyarət

 

Həyatını xilas etdiyi komandirlə

Məddahlıq kursunda

 

 

 

 

 

Söhbətləşdi: Yusif Hacı

Giperssilka.ru

http://yenivaxt.com