SƏHLƏ MƏSCİDİ

SƏHLƏ MƏSCİDİ

SƏHLƏ MƏSCİDİ

Səhlə (və ya Suheyl) məscidi İraqın Kufə şəhərində, Kufə məscidinin şimal-qərbindən 2 km, İmam Əli (ə)-ın müqəddəs hərəminin şərqindən isə 10 km məsafədə yerləşir. Səhlə  məscidi müsəlmanlar tərəfindən ən çox ziyarət edilən və bir çox xüsusiyyətlərinə görə ən məşhur məscidlərdəndir. Xüsusən bu məscidin ərazisi qədim və torpağı müqəddəs olmaqla bütün peyğəmbərlərin ziyarət etdiyi və bəzilərinin məskən saldığı yerdir. Belə ki, Həzrəti Davud (ə), Həzrəti İbrahim (ə), Həzrəti İdris (ə) və Həzrəti Xızır (ə) bu məscidi özlərinə mənzil və iqamətgah etmişlər.

Ancaq Səhlə məscidinin daha məşhur və qiymətli olması əsasən Həzrəti Məhdinin (ə.f.) adı ilə bağlıdır. Həzrəti Məhdi (ə.f.) zühurdan sonra bu məsciddə qalacaq və iqamətgah edəcəkdir. Hal hazırda da İmamın (ə.f.) çox zamanlar bu məscidə təşrif buyurması (gəlməsi) və möminlərin bu məsciddə o Həzrətlə müşərrəf olması (görüşməsi)  ziyarətin önəmini daha da artırır. Eyni zamanda bu məsciddə Həzrəti İbarhimin (ə), Həzrəti Yunisin (ə), Həzrəti İdrisin (ə), Həzərti Salehin (ə), İmam Səccadın (ə), İmam Sadiqin (ə) və İmam Zamanın (ə.f.) məqamları da  (yəni ibadət etdikləri yer) vardır.  

Bu məscid, möminlərin ibadət etmələri və dualarının qəbul olunması, həmçinin İmamın (ə.f.) müqəddəs məhzərinə (görüşünə) nail olmaq üçün ən çox təkid olunmuş yerdir. Belə ki, bir çox möminlər İmam Zamanı (ə) məhz bu məsciddə görməyə müvəffəq olmuşlar.

İmam Sadiq (ə) Əbu Bəsirə, Səhlə məscidi barəsində buyurur: Ey Əbu Bəsir! Sanki, Həzrəti Məhdini (ə.f.), ailəsi ilə Səhlə məscidinə gəldiyi (endiyi) günü görürəm. Əbu Bəsir deyir: Həzrəti İmam Sadiqə (ə) ərz etdim: Bu məscid Həzrəti Qaimin (ə.f.) evi olacaq? Həzrət buyurdu: Bəli. Sonra Həzrət (ə.f.) buyurdu: Səhlə məscidi həmçinin Həzrəti İdrisin (ə) və Həzrət İbrahimin (ə) evi (iqaməti) idi. Və Allah heç bir peyğəmbəri (ə) bu məsciddə namaz qılmamış, peyğəmbərliyə seçməmişdir (yəni elə bir peyğəmbər yoxdur ki, bu məsciddə namaz qılmamış olsun). Həzrəti Xızır (ə) bu məsciddə məskun olmuşdur. Hər kəs bu məsciddə qalsa (iqamət etsə)  elə bil Həzrəti Rəsuli-Əkrəmin (s.a.a.s) çadırında (iqamətgahında) qalmışdır. Əgər bir kəs bu şərif məkanda namaz qılsa və ardınca xalis niyyətlə dua etsə, onun hacəti yerinə yetər, əgər bir kəs bir şeyin qorxusundan ora pənah aparsa Allah onu, o xətərdən amanda saxlayar.... Davamında İmam Sadiq (ə) buyurur: Elə bir gecə və gündüz yoxdur ki, mələklər  bu məscidi ziyarət etməsin və Allaha ibadətlə məşğul olmasın. Əgər mən bu məscidin yaxınlığında məskun olsaydım bütün namazlarımı orada qılardım...  (Biharul ənvar, c.97, səh.435)

İmam Səccad (ə) buyurub: Hər kəs  Səhlə məscidində 2 rükət namaz qılsa, Allah onun ömrünə 2 il əlavə edər. (Biharul ənvar, c.97, səh.436)

 

 

https://vedolunmus.com

http://yenivaxt.com