SƏN NƏ GÖRDÜN?

SƏN NƏ GÖRDÜN?

SƏN NƏ GÖRDÜN?

Mən öz oğlunun tabutu qarşısında oynayan bir ana gördüm ki, gözlərində kədər var idi.  Mən nişanlısının ölümündən sonra, ürəyi dərdə dözməyib həyata gözlərin yuman gənc bir qız gördüm, amma O yaşaya bilərdi.  Mən öz əli ilə, qardaşının cənazəsin çiyinlərində daşıyan ” son dəfə onlara yaxın olmaq istədim ” deyən qadın gördüm.  Mən gecə yarısı qızının bağırsaqların yerdən toplayan, amma çarəsiz bir ata ilə rastlaşdım.  Onun gözləri də, kimsəsizlik dərdindən ağrı çəkirdi.  Mən heç kimdən qorxmuruq deyən, yaşlı qocaları gördüm ki, onlarda ruh yüksəkliyi var idi.  Mən gecə yarısı dağıntıların içində, öz uşaqlarının cansız bədənini axtaran ata və anaları gördüm.  Mən öz oğlunun qəbrinə girib, məni də, onla bir yerdə dəfn edin deyən ana ilə, bədənində düşmən gülləsindən yarası olan, canım bu vətənə qurban deyən yaralı əsgərləri gördüm.  Hələ də, üzün görmədiyi körpəsinin corabların cibində gəzdirib, döyüşə gedəndə, onları qoxlayıb öpən atanı, oğlunun tabutu gələndə, onu bəy xonçası ilə qarşılayan ananı gördüm və düşmənə nifrət etdim.  Mən şəhidin cənazəsi gələndə, yolu öpən ana ilə, mən səndən sonra bir daha gülmərəm deyən ana ilə qarşılaşdım.  Mən Xocalının qısasın aldın, südüm sənə halal olsun deyən, gecələr oğlunun paltarların iyləyib,  səhərə kimi göz yaşları yanaqlarına süzülən analar  və bacılar gördüm.  Mən bəy otağı bəzənməyən bəylər və arzuları, xəyalları, məhv olan xanımlar gördüm ki, bu görüntülər çox dözülməz idi. Mən ağlayan uşaqlar və gecələr tək başına evin bir küncündə dizlərin qucaqlayıb hönkürtü ilə ağlayan xanımları, arzuları ürəyində qalmış bacıları, az yaşlı uşağın qoyub cəbhəyə döyüşə gedən igidləri gördüm.  Mən hərbi hissələrin önündə, döyüşə getmək üçün yaranan izdihamları və əsgəri şəhid olanda bir oğlumu da, itirdim deyə ağlayan generalı da, görmək mənim üçün qürur verici idi.  Mən yaralı-yaralı geri çəkilməyib döyüşən əsgərləri, yaralı yoldaşın çiyinlərinə alıb döyüşən əsgəri və şəhid olsam ağlamayın deyən əsgəri heç vaxt unutmayacağam.  Bəziləri  döyüşə gedəndə cibində pulu olmadı, pulu olmayan analardan biri isə, oğluna bir tək xurması oldu ki versin, o xurmada şəhid oğlu ilə bərabər geri qayıtdı.  Mənim atasının şəkilin ürəyinə sıxıb məzarı üstündə, nə olar torpağı yavaş-yavaş tökün deyən və ağlayan uşaqlar göz önümdən getmədi.  Həyat yoldaşıma deyin ki, Xanım Zeynəb kimi səbirli olsun və ya Zəhra deyib gözün yuman şəhidlər göz önümdədir.  Mən səngərdə uzandığı yerdə namaz qılan əsgərlə, oğluma ağlamayın, lakin İmam Hüseynə ağlayın deyən ata ilə və şəhid oğlumu İmam Zamana qurban verdim deyen şəhid atası ilə fəxr etdim.   Mən buz kimi su ilə dəstəmaz alıb, namaz qılan əsgərləri görəndə sevindim.  Mən namaz  qılanda başından sınayperlə vurularaq şəhid olan əsgəri gördüm və kədərləndim.  Amma bir gün, digər şəhidin atası, öz oğlunun cənazəsinə baxmağa gedən zaman belə deyirdi: cibində quran varsa mənim oğlumdur. 
    Onlar milləti və vətəni üçün iş gördülər.  Millət isə cibindəki son pula corab, siqaret alıb əsgərlərə göndərir.  Cehizlik yorğan-döşəklərin əsgərlərə göndərən xanımlar, yuxusuz qalıb əsgərlərə yeməklər hazırlayan analar və cırıq ayaqqabı ilə əmək pensiyasın əsgərlərə göndərən yaşlı qocalar, bu xalqın nümayəndələridir.  Ölümə gülə-gülə gedən şəhidlər, döyüş yoldaşların xilas etmək üçün, özün bombanın üstünə atan əsgər, sizin uşaqlarınız var deyib generalının intiqamın alan əsgər, əsgərinə bu mənim qardaşımdır deyən general bu xalqın övladlarıdır.  Amma mən yenə şəhid cənazəsin, öz villasının pəncərələrindən izləyən, özü varlı, ürəyi kasıb insanlar da gördüm.  Mən iki qolun itirən oğlunun çayın qarışdıran ata və onu çarəsizcə izləyən bir ana gördüm ki, onlar varlı deyildilər.  Amma nə qədər ad və soyadı yazılmayan naməlum məzar daşları, 2780 həyat və sönmüş ocaqlar  bu vətən üçün oldu.
 
 
                                                                                                                                                       Fariz Əliyev

           http://yenivaxt.com