Təbəssüm

Təbəssüm

Təbəssüm

Şəhid qardaşımız Maariflə bir ilə yaxın olar ki, bir otaqda yəni universitetin yataqxanasında yaşamışıq. Bu zaman Onunla sıx dostluq əlaqələrimiz, səmimi münasibətimiz olub. Ondan o qədər xatirələrim var ki, hansını danışacağımı bilmirəm. İndi o xatirələri nəinki danışmaq, hətda xatırlamaq belə mənə çətindir. Ancaq şəhidin müsbət keyfiyyətlərini burada qeyd etməyi özümə borc bilirəm. Çünki birlikdə olduğumuz günlərdə, mənim üzərimdə çoxlu haqqı olub. Bu yazı parçası ilə heç olmasa azacıq da olsa, haqqını əda etmək istəyirəm. Maariflə tez-tez Təbriz şəhərini onun görməli-gəzməli yerlərini dolaşardıq. Təbrizə məndən bir neçə il gec gəlməsinə baxmayaraq, şəhərin bütün künc-bucağına bələd idi. Cümə günləri piyada şəkildə gəzintiyə çıxırdıq. Yol boyu gözünə kimsə xoş görünürdüsə, ona ərkyana salam verib hal-əhval tutardı. Kənardan baxan elə zənn edərdi ki, uzun müddət bir-birini tanıyan iki nəfər yolda dayanıb səmimi söhbəti edir. O qədər güclü danışığı, özünəməxsus zarafatları, tanışlıq və ünsiyyət xüsusiyyətləri var idi ki, mən ona dostcasına deyərdim ki, maşallah çox iti və yoldan çıxaran danışığın var. O da mənə cavab olaraq zarafatla, qürurlu əda ilə deyirdi: Biz beləyik. Maarif bir dəqiqə belə yorulmaq nədir bilmirdi, daim döyüşə hazır əsgər kimi güclü olardı. Başına bir şey oturdusa, o işi həmin anda edirdi. Heç vaxt sözündən dönmürdü. Zəif və arıq olmasına baxmayaraq hədə və təhdid onu tutduğu əməlindən saxlaya bilməzdi.  Ürəyi yanan, qayğıkeş və olduqca zarafatcıl idi. Özünə məxsus yumoru vardı. Hər kəslə zarafat edirdi və hər kəs də onun zarafatını qəbul edirdi. İnsanlara pislik etməzdi. Üzündən tanışlarına qarşı heç vaxt təbəssüm əksik olmazdı. Bəzən aramızda mübahisə yaranırdı, ancaq buna rəğmən mən bu insandan pislik, kin-küdurət görmədim. Təkcə mənə qarşı belə deyildi, hər kəsə qarşı səmimi idi. Otaqda balaca mütaliə masası var idi, mən bəzən yorulduğum üçün dərslərimi kitabxanada deyil, otaqda hazırlamalı olurdum. Olduğumuz otaqda uşaqların içində bircə yazı masası Maarifdə var idi. Mənə lazım olanda Maarifdən yazı masasını istəyərkən heç bir tərəddüd etmədən verirdi. Çox saf ürəyi var idi. Dostuna, tanışına görə hər şey edərdi. Onun əliaçıqlığını xüsusi olaraq qeyd etmək istəyirəm. Əlində pul oldusa, sonuncu qəpiyinə kimi xərcləyərdi. Elə vaxtlar olurdu çöldə yemək yedikdə, mənim də hesabımı ödəyirdi. Heç vaxt etdiyi əməlin qarşılığını gözləmirdi. Bunu tam səmimiyyətimlə deyirəm ki, Maarif hər anını, dəqiqəsini yaşayan adam idi. Hər dəqiqəsindən ləzzət alan şəxsiyyət idi. Heç vaxt sabah üçün təlaşlanmazdı

Novruz Şahmarov

Kamal Zirvəsi kitabından

Tərtibçi Musa Hüseynzadə

http://yenivaxt.com