Azərbaycanda daha bir ruhani narkotik ittihamı ilə həbs olunub

Saxlanıldıqdan sonra barəsində 6 gün heç bir xəbər verilməyən ruhani və Quran hafizi Camir Ağayevin ətrafında sirr pərdəsi açılır.

Azərbaycanda daha bir ruhani narkotik ittihamı ilə həbs olunub

Giperssilka xəbər verir ki, sosial şəbəkələrdə Kərbəlayi Camir Ağayevin 19 sentyabrdan etibarən saxlanıldığı barədə məlumatlar yayılıb. 6 gündür ki, ruhaninin saxlanılması barədə müvafiq qurumlardan təsdiq və təkzib cavabı almaq mümkün olmur.

Hazırda onun harada saxlanılması və ya harada olması barədə də rəsmi məlumat yoxdur. Lakin yayılan qeyri-rəsmi məlumatlara görə, C.Ağayev narkotik ittihamı ilə şərlənərək saxlanılıb və ailəsindən xəbərsiz barəsində məhkəmə prosesi də keçirilib. Quran hafizi ruhaniyə qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə ittiham irəli sürüldüyü bildirilir. AR İXM 206-cı maddəsi "qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi"ni ehtiva edir.

Kərbəlayi Camir Ağayev Quran hafizi olmaqla yanaşı bir neçə kitab müəllifi və İslam Maarifi Universitetinin təsisçisidir.

Xatırladaq ki, Kərbəlayi Camir Ağayev son zamanlarda 2 istiqamətdə tədqiqatlar apararaq izləyicilərinə təqdim edirdi. Bu istiqamətlərdən biri Fələstinin tarixinə dair özünün müasir araşdırmalar, digəri isə vəhhabilərin Azərbaycan müsəlmanlarının zehnində yaratdığı şübhələrə qarşı ciddi elmi əsaslara söykənən cavab xarakterli materiallardır. Ehtimal olunur ki, ruhaninin həbsinə əsas səbəb Fələstinlə bağlı maarifləndirici fəaliyyətidir.

Qeyd edək ki, bunlarla yanaşı C.Ağayev İslam maarifinə dair uşaqlar üçün sanballı fəaliyyəti ilə də tanınır. Onun qızı Məsumə Ağayevanın təqdimatında uşaqlar üçün hazırladığı video materiallar uşaqlar və valideynlər tərəfindən rəğbətlə qarşılanıb.

Giperssilka.ru

yenivaxt.com