Fransada daha 3 məscidə hörmətsizlik edilib

Fransanın üç şəhərinin məscidlərinin qapı və divarlarına islam əleyhinə şüarlar yazılaraq və xaç simvolu çəkilərək hörmətsizlik edilib.

Fransada daha 3 məscidə hörmətsizlik edilib

İQNA, Türkiyənin "Yeni Şəfəq" qəzetinə istinadən xəbər verir ki, Fransanın ən böyük türk müsəlman birliyi olan Dini İşlər üzrə İslam Birliyinə (DİTİB) aid məscidlər, şənbə günü Montelbon, Pontarlia və Ruba şəhərlərində irqçi hücumlara məruz qalıb.

Bu birlik, bəyanat verərək deyib: "Naməlum şəxslər üç məscidin divarlarına xaç işarəsi çəkərək, İslam əleyhinə şüarlar yazıblar."

Bu bəyanatda məscidlərə edilən irqçi hücumlar şiddətlə pislənilib və vurğulanıb ki, təqsirkarların məsuliyyətə cəlb olunması üçün aidiyyatı orqanlara müraciət ediləcək.

Bəyanatda bu cür təxribat xarakterli davranışlardan çəkinməyin vacibliyi vurğulanıb.

Fransada məscidlərə qarşı hörmətsizlik, o cümlədən məscidləri yandırmaq, müxtəlif şəhərlərdə məscidlərin qapı və divarlarında təhqiredici işarələr və simvollar quraşdırmaq və ya məzarları təhqir etmək kimi hadisələr qabaqlar da olub. Bu kimi hadisələr, müsəlmanlarda və müsəlman təşkilatlarında nifrət yaradıb.

yenivaxt.com