Gəmidən uzaqlarda

Gəmidən uzaqlarda

Varlıq aləmində yaradılmış bütün canlı və cansız varlıqların hamısının, özünə məxsus misiyası vardır. Hər bir varlıq öz vəzifəsinə əməl edir, lakin bu varlıqların bəzisi ixtiyari şəkildə, bəzisi isə icbari şəkildə öz vəzifəsinə əməl edir. Yaradılmış canlılar içərisində Allah yalnız insana, bəzi seçimlər etmək üçün ixtiyar vermişdir. İnsan pis və yaxşı əməl müqabilində seçim etmək qüdrətinə malikdir. Allah insana,özünə inamla, şeytana itaət etmək arasında seçim etmək qüdrəti vermişdir. Hətta insanların yolu düz gedə bilmələri, yolu tanıtdırmaq üçün peyğəmbərlər göndərmişdir.  Allah ibrahim surəsinin 4-ci ayəsində buyurur. "Biz hər qövmə öz dilində peyğəmbər göndərdik".  İnsanların bəzisi iman gətirmiş nicat tapmış, yolu düzgün getmişdir. Bəzisi ilə iman gətirməyərək, inadkarlıq edib, azmışdır. Peyğəmbərlərin bəzilərinin risaləti qısa müddətli, bəzisinin isə uzun müddətli olmuşdur. Quran baxımından ən çox yaşayan və təbliğ edən peyğəmbər Nuh olmuşdur. Allah qurani-kərimdə ənkəbut surəsinin 14-ci ayəsində Nuhun ömründən və hədəfindən söz açır. "Həqiqətən, Biz Nuhu öz qövmünə  göndərdik. Beləliklə onların arasında doqquz yüz əlli il qaldı.  Zalım olduqları halda tufan  onları yaxaladı. " 
Ayədə bir neçə nöqtə diqqətimi çəkdi.  Ayədə qeyd olunur ki, onların arasında 950 il qaldı, Nuhun gəmisi bir ideologiyanın açarı idi. Həmin ideologiya tövhid ideologiyası idi. Gəmi düzələrkən bəzisi iman gətirdi, bəzisi Nuhu məsxərə edərək, inadkarlıq etdi. Nuhun gəmisi küfürlə, imanın ələyi idi. 950 il ərzində bir çox insan Nuha iman gətirdi, gəmiyə minərək dünyasın dəyişdilər. Nuhun gəmisi təkcə taxta parçasından ibarət deyildi, Nuhun gəmisi tövhid tərəzisi idi. Kimisi küfrü seçdi, kimisi iman nurun seçdi. Nəhayət zaman yetişdi, 950 il keçdi və budur gəmi fırtınalı sular üzərində rahatca hərəkət edir. İman gətirib Nuhun gəmisinə minənlərin hamısı nicat tapanlardır. Nədənsə bu ayəni görəndə peyğəmbərin " Səfinə hədisi"  yadıma düşdü, 
"Mənim Əhli-beytim Nuhun gəmisinə bənzəyir, ona minən şəxs nicat tapar!”
Nuhun gəmisinin bəzi xüsusiyyətlərin qeyd etdik, dedik ki, Nuhun gəmisi,  taxta parçasından əlavə bir ideologiyanın sinvolu idi. Əhli-beyti gəmiyə bənzətməkdə məqsəd taxta parçası deyil, sağlam bir ideologiyadır. Əhli- Beyt hər zaman haqqla batil arasında tərəzi rolunu oynamışdır. Peyğəmbər Əhli- Beyti Nuhun gəmisinə bənzətməklə, insanların hər zaman sığına biləcəyi bir limanın olmasını bildirmək istəyir. Əhli-Beytin təbliği Nuhun təbliğindən çox olmuşdur. Nuhun təbliği 950 il olmuşdursa, Əhli-Beytin təbliği 1443 ildir davam edir. Bu hədis və ayə məndə bəzi suallar yaratdı? Dövrümüzün tufanı hansılardır? Nuh kimi bizə də baxıb gülənlər varmı ? Dövrümüzün nicat gəmisinə neçə addım yaxınıq? Bəs iman gətirənlər o gəmiyə minə biliblərmi? 

İlahi bizləri bu gəmidən ayrı salma. 

Fariz Əliyev
Russia/ Tümen
14, 05, 2022

yenivaxt.com