Gövdəsi adam ruhu isə köpək...

Gövdəsi adam ruhu isə köpək...

Devid Karson və Herbert Uaysın birgə rejissorluğu ilə lentə alınan "The 10th Kingdom" tele-serialı ilk dəfə 2000-ci ildə istehsal olunmağa başladı.  Tele-serial lazımi reytinqi yığmadığından 5-ci seriyadan sonra çəklişini dayandırdı.  Əsasən, macəra janrında olan serial, eyni zamanda, özündə məhəbbət, dram və komediya kimi janrları da birləşdirir.  Serialın əsas leytmotivi "Onuncu krallıq"ın şahzadəsi olmağa çalışan gənc şahzadə Vandell ilə hakimiyyəti ələ keçirməyə çalışan hiyləgər, bədxah bir qadın arasında gedən mübarizədir. 
Deməli, Onuncu krallığın şahzadəsi olmağa hazırlaşan gənc və təcrübəsiz şahzadə Vandell, yaxın günlərdə tac qoyma mərasimi keçirərək, Birləşmiş Krallığın şahzadəsi olmaq niyyətindədir. 
Tacqoymadan öncə bir-neçə yerə baş çəkməli, mövcud hazırlıqları görməlidir.  Bu yerlərdən biri də təhlükəli cinayətkarların saxlanıldığı həbsxanadır.  Kameraların birində  qapalı şəkildə saxlanılan, habelə olduqca təhlükəli və əzazil bir qadın, divlərin köməkliyi ilə xüsusi saxlanılan yerdən xilas olunur.  Onlar həbsxananın rəisini qətlə yetirdikdən sonra, oranın idarəçiliyini ələ alıb şahzadənin gəlməyini gözləyirlər.  Bir az sonra şahzadə Vandell həbsxanaya daxil olur.  Qadın və onun köməkçiləri olan divlər, şahzadəni yaxalayıb sehr və tilsim yolu ilə sıravi bir iti ona yaxınlaşdırırlar.  Köpək şahzadəyə toxunduqda Vandelin ruhu itə, həmçinin itində ruhu Vandelə keçir.  Beləcə, it şahzadənin bədəninə daxil olaraq bütünlüklə insan surətinə düşür.  Lakin insan surəti almış köpək, bir itin sahib olduğu bütün xüsusiyyətləri özündə qoruyub saxlayır.  Misal üçün, itlərə xas olan dil çıxartmaq, qarşısına qoyulan yeməyi vəhşi kimi yemək, yırtıcı heyvanların öz bədənlərini qaşıdıqları kimi özünü qaşımaq, itə aid jest və mimikalardan istifadə etmək və s. Bütün bu sadaladığım heyvani xüsusiyyətlər, quruluşu insan, ruhu isə köpək olan şahzadədə cəmləşmişdi.

Serialın ümumi gedişatı haqda məlumat verdikdən sonra, diqqəti haqqında danışmaq istədiyim hadisəyə yönəltmək istəyirəm. 

Göründüyü kimi əsilzadə, aristokrat, mədəni ailənin üzvü olan şahzadə Vandelin surətini almış köpəyin, insan surətində olmasına baxmayaraq öz genetik xüsusiyyətlərini itirməməsi, adi insana xas olmayan vərdişləri  yerinə yetirməsi, insanda bir sıra fikirlərin yaranmasına səbəb olur.

Əslində, bu hadisədə çoxlu əxlaqi-didaktiv məqamları görmək olur.

Bu hadisə onu göstərir ki, xisləti it xisləti olan adamdan mədəni hərəkət gözləmək olmaz.  Çünki onun genetik kodlarında itin zati xüsusiyyətləri formalaşmışdır.  Mümkündür ki, müəyyən vasitələrlə itin spesifik xüsusiyyətlərini ondan alasan, yaxud onu yumşaltmağa qismən nail olasan, amma zaman-zaman bu zati xüsusiyyətlər bəzi məqamlarda özünü biruzə verəcək.
Nə qədər ali-cənab olmağa çalışsa belə, öz əcdadlarının ruhundan gələn "mədəniyyət"i nümayiş etdirəcək. 
Bir sözlə, zatında insanlıq, humanistlik, xeyirxahlıq, rəhm, şəfqət, mərhəmət, olmayan bir varlıq, gəlib insanların rəisi də ola bilər, özündə alicənab insanlara xas xüsusiyyətlərin olduğunu da göstərə bilər, amma bu labüddür ki, nə vaxtsa öz genetik xüsusiyyətlərini nümayiş etdirəcək!

 

Novruz Sabah

http://yenivaxt.com