İMAM HƏSƏN (ƏLEYHİS-SALAM)-IN DÖVRÜNDƏ CƏMİYYƏTƏ HAKİM OLAN TƏFƏKKÜR TƏRZİ

İMAM HƏSƏN (ƏLEYHİS-SALAM)-IN DÖVRÜNDƏ CƏMİYYƏTƏ HAKİM OLAN TƏFƏKKÜR TƏRZİ

38-40-cı illərdəki camaatın fikri və etiqadı vəziyyəti çox qəribə idi. Xalqın əksəriyyəti Müaviyənin iyrənc adam olduğuna inanmırdılar. Müaviyə və onun nəslinin ən çirkin və murdar insanlar olduğuna, Peyğəmbər övladı İmam Hüseyn (əleyhis-salam)-ı, onun bütün dostları və ailəsi birlikdə, hər insanın ürəyini ağrıdan faciəli surətdə qətlə yetirməyə can atdıqlarına inanmırdılar. Özünü Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in canişini kimi qələmə verən Yezid o Həzrətin övladlarını qanına qəltan etdi. Müaviyə Yezidlə bir toxumdan olmaqla, ondan da çirkin adam idi. Əgər İmam Həsən (əleyhis-salam) müsəlmanların qanının tökülməsinin qarşısını almasaydı, çox az qüvvə ilə Müaviyənin qarşısında durmasaydı, o, saysız-hesabsız insanların qanın nahaq yerə axıdacaq, İmamın ruhən zəif döyüşçülərini öldürməkdən əsla çəkinməyəcəkdi. Məgər Müaviyə, Əmirəl-möminin Əli (əleyhis-salam)-ın zamanında Siffeyn müharibəsinin baş verməsinə səbəb olmamışdı və bu müharibədə on minlərlə adam öldürülməmişdi?!

Əgər İmam Həsən (əleyhis-salam)-ın Müaviyənin qoşununu tar-mar edə biləcək güclü döyüşçüləri olsaydı, iş bu yerlərə gəlib çıxmazdı. Amma əfsuslar olsun ki, nə imamın güclü qoşunu vardı, nə də onların Müaviyə ilə vuruşmaq ruhiyyələri. Hətta Müaviyə ilə döyüş adı gələndə bədənləri qorxudan əsirdi. Qəribə vəziyyət yaranmışdı: bir tərəfdən İmam Həsən (əleyhis-salam)-ın döyüşçüləri Müaviyə ilə vuruşmağı vacib bilmirdilər. Çünki qəlbləri şək və şübhə ilə dolu idi. Fikirləşirdilər ki, məgər Müaviyə ilə vuruşmaq mümkündürmü? Məgər Müaviyə müsəlman deyilmi, bəs nəyə görə onunla vuruşmalıyıq? və bunun kimi şeytani fikirlər Həzrətin ordusuna hökm sürürdü. Digər tərəfdən də Müaviyənin döyüşçüləri tam hərislik və kinlə İmam Həsən (əleyhis-salam)-ın ordusu ilə vuruşmağa hazır idilər. Onlar bütün varlıqları ilə inanmışdılar ki, İmam Həsən (əleyhis-salam)-ın döyüşçüləri kafirdirlər və hamısını öldürmək vacibdir. Hətta o həzrətin özünə qarşı da bədbin idilər. Onun ali məqamı ilə tanışlıqları, mərifətləri yox idi.

KUFƏLİLƏRİN İMAM HƏSƏN (əleyhis-salam)-IN

ZAMANINDAKI İCTİMAİ VƏZİYYƏTİ

Kufəlilərin az bir hissəsi istisna olmaqla, əksəriyyəti ikiüzlü, riyakar idi. Elə İmam Həsən (əleyhis-salam)-ın tərəfdarlarının əksəriyyəti bunlardan ibarət idilər. Belə ki, müharibənin ən şiddətli çağlarında qaçıb, səngərləri boş qoyurdular. Kufədə bir neçə böyük, adlı-sanlı şəxslər də var idi. Lakin onlar yalnız hansı tərəfin qələbəyə daha yaxın olduğunu gördükdən sonra o cəbhəyə qoşulmaq istəyirdilər. Bu kimi şəxslərin ixtiyarında çoxlu sayda adam var idi. O dövrdə yaşayış qəbilə surətində idi və hər kəs öz qəbilə başçısına itaət edirdi. Qəbilə başçılarından və tanınmış şəxsiyyətlərdən bəzilərinin adlarını qeyd edirik: Əşəs ibni Qeys, Əmr ibni Həris, Müaviyət ibni binti Xədicə, Şeys Rəbi, Əmmarət ibnil Vəlid, Ömər ibni Səd, Yəzid ibni Ümeyr, Ürvət ibni Qeys, İshaq ibni Xaricə, Şimr ibni Zilcoşən və s.. Bunlar dövlətə və siyasətə xidmət etməyin intizarını çəkirdilər. Hansı tərəf qələbə çalsaydı, o tərəf ilə birləşəcəkdilər. Onların əksəriyyəti Kərbəla hadisəsində Hüseyn (əleyhis-salam)-ın qatillərindən və İbni Ziyad ordusunun sərkərdələrindən idilər.

Bu nüfuzlu kufəlilər yalnız dünya malı, məqam, mənsəb, mal, qızıl və qüdrət istəyirdilər. Fürsət axtarırdılar ki, baş verən hadisələrin istiqamətini (öz mənafelərini) tapıb öz mövqelərini aşkar etsinlər.

 Imam Həsən (ə) və İmam Hüseyn (ə) kitabından

SEYYİD MƏHƏMMƏDHƏSƏN MUSƏVİ KAŞANİ

yenivaxt.com