İslamda turizm

İslamda turizm

Hər bir dində olduğu kimi İslam dinində də “Turizm”, səfər və səyahətə çox əhəmiyyət verilmiş və habələ hər bir insanın fitri istəklərindən biri də səfər və səyahət etməkdir. İnsan səfər və səyahət vasitəsi ilə, öz həyatına xüsusi rəng və şirinlik qatır, eləcədə hər bir insan istəyir ki, halal ləzzətlərdən istifadə etməklə, öz həyatını gözəlləşdirsin və o cümlədən bəşər övladı halal ləzzətlərdən istifadə etməklə xüsusi güc və enerji əldə edərək, Allaha tərəf ilahi eşq və məhəbətlə seyr edəcək. Beləliklə insan ilahi eşq  və məhəbbət şərbətindən dadsa heç vaxt bu şərbətdən uzaqlaşmaz. Bu elə bir şərbətdir ki, yalnız və yalnız onu dadanlar bilər.

 

                         Allahın qüdrət nişanələrini dərk etmək

İslam dinində “Turizm”ə çox əhəmiyyət verildiyinə baxmayaraq niyə hələ də səyahət edən müsəlmanlar təkcə istirahət və əyləncə ilə kifayətlənirlər?  Yəni insanlar dünyanın müxtəlif guşələrinə səfər edərək istirahət edir, lakin niyə öz kəhkaşanları ilə birlikdə ucsuz-bucaqsız asimanı, geniş yer kürəsini, cürbəcür məxluqları, gözəl quşları, balıqları, dənizləri, dağları, gülləri, çiçəkləri, göyə ucalmış müxtəlif meyvə ağaclarını və kainat da olan digər məxluqları kim yaratmışdir deyə düşünmürlər?

Allah-təala öz qüdrət nişanələrini göylərdə və yerdə qərar verdi ki, insanlar yer üzündə gəzərkən Onun sonsuz və yenilməz qüdrət sahibi olduğunu dərk etsinlər.  Bunu da qeyd etmək lazımdır ki, təkcə dünyada olan nizam-intizam və habelə Allahın digər qüdrət nişanələri bunu göstərir ki, O, həqiqətən də sonsuz və yenilməz qüdrət sahibidir.

Allah-təala Fussilət surəsinin 53-cü ayəsində belə buyurur: “Quranın haqq olduğu müşriklərə bəlli olsun deyə, biz öz qüdrət nişanələrimizi həm xarici aləmdə (kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik.”¹

Allah-təala Fatir surəsinin 28-ci ayəsində belə buyurur: “İnsanların, heyvanların və davarların da müxtəlif növ və rənglərdə olanları vardır. (bəli, Allahın qüdrət və hikməti) belədir. Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah (hər bir işdə) yenilməz qüdrət sahibi və bağışlayandır.”²

Allah-təala Quranın digər ayəsində belə buyurur: “(Ya Peyğəmbər!) de: “Yer üzündə gəzib dolanın və onun ilk dəfə məxluqları necə yaratdığına baxın. Sonra olanları axirət üçün dirildəcəkdir. Həqiqətən Allah hər şeyə qadirdir.”³

Bu ayə insanlara yer üzündə gəzib-dolanmağı və məxluqların yaradılması və ölməsi haqında düşünməyi buyurur və habelə bitkilərin gül açması və solması, insanların yaradılması və ölməsi, xüsusilə bütün məxluqların yaradılması və ölməsi bizə bunu ayıdınlaşdırır ki, Allah sonsuz və yenilməz qüdrət sahibidir və o cümlədən bütün kainata nizam verən Odur.

 

 

                                            Maariflənmək və ibrət almaq

İslam dini hansı təlim və kateqoriyalardan istifadə edərək insanlara maarif aşılayır?

İslam dini insanları maariflənməyə və keçmiş ümmətlərin sərgüzəştlərindən ibrət almağa dəvət edir və o cümlədən “turizm” də o kateqoriyalardandır.  “Turizm” insan kütləsini və müxtəlif insan qruplarını özündə birləşdirən  bir sahə olduğu üçün insanların mədəni-ünsiyyətini  və onların maarifləndirilməsini ehtiva edərək onları maarifləndirmək və eləcədə keçmiş ümmətlərin sərgüzəştləri ilə tanış etmək funksiyasını daşıyır. “Turizm”in öz vətəninin müxtəlif yerlərinə və eləcə də digər ölkələrin müxtəlif guşələrinə səfər və səyahət edərək istirahət edən insanlar üçün xüsusi əhəmiyyəti vardır.   Çünki onları keçmiş ümmətlərin sərgüzəştləri ilə  tanış edə və eləcədə onların bu ibrətamiz hekayələrindən ibrət alması , öz gələcək həyatlarını işıqlandırması üçün zəmin yarada bilər.

Həzrət Əli (ə) 182-ci xütbəsində belə buyurur: “Həqiqətən keçmiş tarixlərdə və ötən əsrlərdə yaşayan insanların həyatında böyük bir ibrət vardır.”

Həzrət Əli (ə) 192-ci xütbəsində isə belə buyurur: “İbrət götürün keçmiş zamanlarda yaşayan zülmkar və təkəbbürlü ümmətlərdən ki, necə Allahın əzabına düçar oldular!”

Allah-təala Ali-imran surəsinin 137-ci ayəsində belə buyurur: “Əlbəttə, sizdən öncə ilahi ənənəyə (Allahın dəyişməz ənənəvi qanunlarına) əsasən (kütləvi məhv etmələr kimi) bir sıra hadisələr ötüb keçmişdir.  Odur ki, yer üzündə gəzib-dolanın və təkzib edənlərin aqibətinin necə olmasına baxın.”

Yuxarıdakı ayədə keçmiş ümmətlərin sərgüzəştlərinə baxmaq buyurulmuşdur.  İstər onların aqibəti yaxşı olsun, istər pis və o cümlədən yuxarıdakı ayə onların haqqı qəbul edərək nicat tapması, haqqı təkzib edərək həlak olması, habelə ilahi imtahanlardan ibrət alması, zalımlara fürsət və möhlət verilməsindən bəhs edir.

Hər bir insan keçmiş ümmətlərin tarixin öyrənməklə gələcək nəsillərin həyatı üçün böyük bir çıraq olaraq hər yeri işıqlandıracaq və habelə onların sərgüzəştlərindən aldığı ibrətləri öz həyatında praktiki formada icra edəcək. Həmçinin bəşər övladı keçmiş ümmətlərin sərgüzəştlərindən ibrət almaqla indiki və gələcək həyatına ilahi rəng  qatmış olacaq və Allah-təala  öz həyatını ilahi rəngə boyayan şəxsi digər insanlar üçün nümunə qərar verəcək, habelə Allah-təala həmin şəxsin danışan dili, düşünən təfəkkürü, cihad edən qəlbi, bir söznən Allah onun bütün vücudun bürüyəcək, yəni danışmağı, susmağı, oturması, durması, yatması, yemək yeməsi, bir söznən bütün işləri Allah üçün olacaq.

Allah-təala Quranın digər bir ayəsində belə buyurur: “Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmədilərmi?”

Allah-təala bəşəriyyətin nicat tapması üçün müxtəlif tərbiyə üsulları qərar vermiş və habelə o üsullardan biri də keçmiş ümmətlərin sərgüzəştlərinə baxmaqdır.  Bu iş o qədər önəmlidir ki, insan həyatına xüsusi rəng və şirinlik qatır, eləcədə insanın həyatını ilahi rəngə boyayır.

                                                   İstirahət və əyləncə

İslam dinində insanların istirahət etməsi, halal ləzzət və əyləncələrdən istifadə etməsi üçün göstəriş varmı?

İslam dinində insanların istirahət və əylənməsi, habelə halal ləzzətlərdən istifadə etməsi üçün bir sıra göstərişlər vardır.  İnsanlar fitri olaraq əylənməyə, şənlənməyə meyillidirlər.  Çünki istirahət və əyləncə onların həyatına xüsusi ləzzət və şirinlik qatır. Beləliklə “Turizm” insanlar üçün istirahət və əyləncənin ən fəal formalarından biri olmaqla yanaşı, həm də bir çox dini-etiqadi məsələlərin digər millətlərə inteqrasiya edilməsində xüsusi bir rola malikdir.   Hər bir insan fitrətən kamala və kamilliyə çatmaq istəyi ilə yaradılmışdır və belə ki, dünyanı gəzib dolanmaq, istirahət və əylənmək fitri istək olduğu üçün bütün insanlar da belə bir istək və meyl mövcuddur. Elə bir cəmiyyət yoxdur ki, o diyarın sakinləri, dünyanı gəzib dolanmaq, istirahət və əylənmək istəyində olmasınlar.  Bu elə bir  istək və meyldir ki, bütün insanların fitrəti bununla yoğurulmuşdur, istər ağ və ya qara dərili olsun, istər müsəlman və ya qeyri müsəlman olsun, istər azərbaycanlı və ya qeyri azərbaycanlı olsun, bütün insanlar bu əsasda yaradılmışdır.  Bu mövzu İslamın amallar sırasında dini vəzifə kimi yer tutmuşdur.  Belə bir düşüncə əsl insani xarakterdən qaynaqlanır.  Çünki bəşəriyyət fitrətən kamiliyə çatmaq istəyindədir.  O bilir ki, belə bir kamal və kamillik yalnız ilahi göstəriş  sayəsində gerçəkləşə bilər.

Məhəmmədbaqir Purəmini “Həyat tərzi” kitabında İmam Rza (ə)-dan həyatın şirin keçməsi haqqında belə nəql edir:  “Dünya ləzzətlərindən xoşbəxtliyiniz üçün istifadə edin, ürək arzularınızı halal yolla yerinə yetirin.  Əylənmək, istirahət etmək dünyanızı idarə etməyə kömək olar və dünya işlərində sizi müvəffəq edər.”

Allah-təala bu istəkləri insanların fitrətində qərar verdi ki, onlardan istifadə edərək öz həyatlarına xüsusi rəng və şirinlik qatsınlar, habelə bəşər övladı istirahət və əylənməklə, halal ləzzətlərdən istifadə etməklə xüsusi enerji əldə edə, o cümlədən bəşər övladı bu istəklərdən istifadə edərək özünü əbədiyyət dənizinə vəsl edə bilər.

Məhəmmədbaqir Purəmini “Həyat tərzi” kitabında İmam Rza (ə)-dan halal əyləncələr haqında belə nəql edərək dörd hissəyə bölür:

“1-Allah-təala ilə munacat; 

2-Dünya işləri; 

3-Eyibləri hədiyyə edən, daxilən sizinlə bir olan dostların görüşü;

4-Halal əyləncələrdən ləzzət alıb, qeyd olunan ilk üç fəaliyyətə enerji almaq.”

 

                                                  Səfər yoldaşı seçmək

İslam dini insanlara səfər və səyahət edərkən hansı xüsusiyyətlərə sahib olan şəxsləri yol yoldaşı olaraq seçməyi tövsiyə edir?

Səfər və səyahət hər bir insanın dünya görüşün artırmaqla yanaşı ədəb, ibrət kimi faydalara da malikdir. İslam dinində səfərin mühüm və önəmli xüsusiyyətləri, keyfiyyətləri barədə xüsusi tapışırıqlar verilmişdi.  O, cümlədən hər bir insan fitrətən kamala və kamilliyə çatmaq istəyi ilə yaradılmışdır və belə ki, hər bir insan dünyanı gəzib dolanmaq, istirahət və əylənmək üçün ilk növbədə dost və yol yoldaşı seçməlidir. Elə bir cəmiyyət yoxdur ki, o diyarın sakinləri, dünyanı gəzib dolanmaq, istirahət və əylənmək üçün dost və yol yoldaşı seçməsinlər.  Bu elə bir  istək və meyldir ki, bütün insanların fitrətində mövcuddur.  İnsan ictimai varlıq olduğu üçün digər insanlar ilə, ünsiyyət qurmaq, hətta bütün işlərində belə bölüşmək, yardımlaşmaq   istəyir, onun yaradılışında bu istəklər qoyulmuşdur.  Odur ki, hər bir insan məhz bu xarakterə malikdir.

Məhəmmədbaqir Purəmini “Həyat tərzi” kitabında İmam Rza (ə)-dan yaxşı səfər yoldaşını seçmək barədə belə nəql edir: “Azuqəsindən bəxşiş edən, xoşxasiyyət olan və günah olmayan zarafatlar edən şəxsi yol yoldaşı seçin.”¹

İslam dini insanın həyatına xüsusi rəng və şirinlik qatmaqla yanaşı ilahi rəngə də boyayır.  Çünki İslam dini insanın yaşayış və həyatı üçün konsepsiya sərgiləməkdədir və həmçinin insan həyatının bütün sahələrini ehtiva edərək onu ilahi eşq və məhəbbət şərbəti ilə məst edəcək.  

 

 

Məqalədə istifadə olunan mənbələr

1-"Fussilət" surəsi, ayə 53

2-"Fatir" surəsi, ayə 28

3-"Ənkəbut" surəsi, ayə 20

4-"Nəhcül-bəlağə" xütbə 182

5-"Nəhcül-bəlağə" xütbə. 192

6-"Ali-imran" surəsi, ayə 137

7-"Ğafir" surəsi, ayə 21

8-“Həyat tərzi” kitabı, Məhəmmədbaqir Purəmini, səh-70

9-“Həyat tərzi” kitabı, Məhəmmədbaqir Purəmini, səh-70 və 71

10- “Həyat tərzi” kitabı, Məhəmmədbaqir Purəmini, səh-72

 

  Emil Əmişov

   http://yenivaxt.com