Louis Maalouf və mövla kəlməsi

Louis Maalouf və mövla kəlməsi

Qurani-kərimin və hədisi şəriflərin təfsir və tərcümə prosesində ilk addımlardan biri də lüğətçilikdir.  (leksikologiyadır.) [1]

Lüğətçilikdə isə  ilk addım leksik mənbələri bilmək, onlara müraciət etmək və onlardan düzgün istifadə etmək bacarığıdır. Bu mövzüları  tam və geniş formada müzakirə etmək asan məsələ deyil. Bu səbəbdən biz ərəb lüğətçilərini (leksikoqraflar) və onların məşhur lüğət kitablarını qısaca olaraq sizlə  tanış etmək fikrindəyik.  Əvvəlki yazıda Rağib İsfahani  və onun  “əl-Mufradat” kitabı haqqında qeyd etmişdik. Bu yazıda isə məşhur və müasir leksikoqraflardan birini sizlərə təqdim edəcəyik. Amma təqdimatdan əvvəl ərəb lüğət kitabları  haqqında daha çox məlumat əldə etməyin zəruri olduğunu düşünürük.  

Seyid Haşim Hüseyni “ulumul-ərəbiyyə” kitabının müqəddiməsində yazır:

“Ərəb ədəbi və ədəbiyyat elmləri də adlandırılan ərəb elmləri on dörd elmdir. Bunlara: Sərf (morfologiya), İştiqaq (etimologiya), lüğət, nəhv (sintaksis), kitabət, qiraət, təcvid, məani (semantika), bəyan (ritorik) bədii, şeir, inşa, missal və ərəb ədəbiyyat tarixi daxildir.”[2]

Müəllif hesab edir ki, bu elmlərə sahib olan şəxs ayə və hədislərdən tam istifadə edə bilər.

Gördüyünüz kimi, Quranın dili olan ərəb dili, olduqca  geniş və əhatəli bir sahədir. Biz sadəcə bu elmlərin lüğət bölməsinin kitablarını  sizə təqdim etməklə kifayətlənəcəyik. Mötəbər tarixi mənbələrə əsasən, ərəb  leksikoqrafiyasının  banisi Xəlil ibn Əhməd Fərahididir (718-790). Ona nisbət verilən[3]  “Kitab ül-eyn" adlı əsərdə  ilk dəfə olaraq  ərəb dili izahlı lüğətini tərtib etmişdir.

Beləcə bu iş (leksikoqrafiya) Xəlildən sonra alimlər və ədiblər tərəfindən bizim dövrümüzə qədər davam etdirilmişdir.

Ərəb lüğəti ilə bağlı müasir kitablardan olan “əl-Müncid” Louis Maaloufun məşhur əsərlərindəndir.  Xristian olan Louis Maalouf 1876-cı ildə Livanın Zahla şəhərində anadan olmuşdur. Louis  Beyrutdakı Cizvit Kollecində  altı il ərəb ədəbiyyatı və lüğət üzrə təhsil aldıqdan sonra, Avropaya səfər edərək  orada on il müddətində təhsilini davam etdirmişdir.  

İngiltərədə fəlsəfə, Fransada isə  ilahiyyat təhsili alan Louis, bir neçə Şərq və Qərb dillərini mükəmməl öyrəndikdən sonra, London Muzeyində, Hollandiyadakı Leyden Kitabxanasında və Paris Milli Kitabxanasında çoxlu ərəb və qeyri-ərəb kitablarını oxuyaraq özü üçün lazımi qeydlər aparmışdır.

Louis Avropadan qayıtdıqdan sonra Beyrutdakı Cizvit Kollecində ərəb dili dərslərinin idarə edilməsi ona həvalə edilib və 1906-1933-cü illərdə “Əl-Bəşir” qəzetinin redaksiya rəhbərliyi vəzifəsində çalışmışdır.

Ədəbiyyat və söz ehtiyatı ilə yanaşı, kənd təsərrüfatı ilə də maraqlanırdı; Buna görə də Livanın Bekfaya şəhərində bağçılıq sahəsini yeniləmək üçün bir dərnək də qurmuşdur. Louis 1986-cı ildə Beyrutda vəfat etmişdir. Onun əsərləri sırasına aşağıdakılar daxildir:

  • Ərəb dili ədəbiyyatının tarixi.
  • 1782-ci ildən 1841-ci ilə qədər Şam və Livan hadisələrinin tarixi.
  • İbn Sinanın siyasi görüşləri.
  • əl-Müncidd fil-lüğət.

Əl-Müncid lüğət kitabı özünün sadə və çox rahat şəkildə istifadə olması ilə məşhurdur. Kitabın girişində müəllif bu barədə belə yazır:

Məktəblilər və tələbələr üçün əlçatan, çox həcmli və darıxdırıcı olmayan, yeni metodla yazılan lüğət kitablarına ehtiyacı  hiss edərək, bu mövzuda mühüm mənbələrdən araşdırma edərək bu əsəri ərsəyə gətirməyi qərara aldım. (məzmun)

 

Bu lüğət kitabı digər  qonşu ölkələrdə də  çox populyarlaşdı. Belə ki, ən çox satılan ərəb-ərəb lüğətidir. Kitab yüz dəfəyə yaxın nəşr edilmişdir.

Bu lüğət kitabının  üstünlükləri və xüsusiyyətləri sırasında  aşağıdakıları qeyd etmək olar:

Kitabın yeni metodla yazılması.  Ərəb dilinə daxil olan yeni sözlərin mənalarının verilməsi, özündə yer alan şəkillər, cədvəllər və xəritələr  onun daha cəlbedici etmişdir. Onuda  qeyd etmək yerinə düşər ki, bu kitabda İslam dini ilə bağlı məsələlərdə (sözlərdə) xristianlığın və şərqşünasların baxışlarına daha çox yer verilmiş, buna görədə bəzi sözlərin və məkanların mənalarında xəttaya yol vermişdir.  Bu səbəbdən bəzi leksikoqraflar tərəfindən tənqid edilmişdir. Bəli, demək olar ki, hər elmdə  müəllifin zehniyyəti vardır. Yəni,  çox az müəllif tapılar ki, öz mənsub olduğu düşüncədən və məktəbdən azad olaraq fikir yürüdə. Təəssüf ki, leksikoqrafiyada da bu baş vermişdir. Bəzən leksikoqraf müxtəlif amillərə görə sözün mənasını dəyişmiş  və ya ona başqa mənalar əlavə etmişdir. Bunun bariz nümunəsini “mövla” sözündə görmək olar. Bu sözlə bağlı şiələr və digər islami məzhəblər arasında çoxlu müzakirələr və ziddiyətli fikirlər vardır. Buna səbəb isə Həzrət Peyğəmbərin (s) Qədir-Xum günü  Əmirəl-möminin Əli (ə)a xitabən dediyi bu məşhur cümlədir:

مَنْ کُنْتُ مَوْلاهُ فَهٰذا عَلِىٌّ مَوْلاهُ

“Mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdı”

Bu tarixi hadisənin əhəmiyyəti ilə bağlı bunu qeyd etmək kifayətdir ki, onu peyğəmbər (s)  səhabələrindən 110 nəfər nəql etmiş və böyük hədis alimləri bu hədisi öz kitablarında qeyd etmişlər. Beləcə, hədisin özünü inkar etməyi bacara bilməmiş, hədisin deyilmə səbəbini və məxsusən “mövla” kəlməsinin mənasını doğru məna etməyərək Həzrəti Peyğəmbərin (s) mübarək kəlamını təhrif etmişlər.Bu səbəbdən bu tip sözlərin mənası üçün  əl-Müncid kimi lüğət kitablarına müraciyyət etmək daha münasibdir. Çünki müəllif xristian və  eyni zamanda ərəbdir. Belə sözlərin mənasında onun üçün məzhəblərin baxışı önəmli deyildir.

 Mövla sözünün kökü olan “vələyə” Bir şeyin başqa bir şeyin yanında məsafə olmadan qərar tutmasıdır. Yəni iki şey arasında elə bir yaxınlıq əlaqəsi var  ki, onların arasında başqa heç nə yoxdur. Bu səbəbdən vələyə kökündən törəyən “mövla” kəlməsi də daha yaxın mənasında istifadə olunmuşdur.  Yenə münasibətə görə - azad edən, azad olunan, sahib, qohum, qonşu, əmi oğlu, işlərin icrasına hamıdan layiq olan, səxavətli, xeyirxah, dost, köməkçi və s. bu mənalarında işlənmişdir. Çünki bütün bunların içində bir növ yaxınlıq  və əlaqə vardır. Buna əsasən, “mövla” sözünün ilk növbədə “daha artıq ixtiyar sahibi və daha layiqli” mənasına işlənməsində şəkk-şübhə yoxdur.  “Qədir” hədisində də “mövla” kəlməsi məhz həmin mənadadır. “Vilayət” sözüdə bu kökdən alınmışdır. Onun mənası isə elə bir yaxınlıqa deyilir ki, tam sahib olma  onun əlində olsun. Dilmizdə işlənən vilayət sözünün mənası da buradan  alınmışdır. Belə ki,  vilayət bir hakimin tam hökmranlığı altında olan əraziyə deyilir. 

 

 

Louis  “Vəli” sözü haqqında belə yazır:

ولی - یلی ولیا فلانا  (و هو قليل الاستعمال)   

Bir şeyə yaxınlaşdı (bu məna nadir hallarda istifadə olunur)”.

Daha sonra “vilayət” barəsində belə yazır:

ولایة الشئ و علیه: قام به و ملک أمره 

“O, bu işdə qəyyum və səlahiyyət sahibi oldu.”

Vəli və vilayət kəlməsini məna etdikdən sonr “mövla” kəlməsinin ilkin və birinci mənasını belə vurğulayır:

المولی ج الموالی: المالک و السیَد..

“Mövla sözünün cəm forması əl-Məvalidir. Mənası malik (sahib),  ağa və ərbabdır.”

Deməli, həzrəti Peyğəmbərin (s)  qədiri-xumda dediyi  hədisi şərifin dəqiq mənası belədir:

“Mən kimin rəhbəri və sahibiyəmsə,  bu Əlidə də onun sahibi və rəhbəridir” 

Elə buna görədə Qədiri-xum günü orada hazır olan Həssan ibn Sabit fəsahət və bəlağət bulağından su içmiş, ərəb dilinin incəlik və sirlərinə agah olan bu şəxs "mövla" kəlməsinin yerinə imam və hadi (hidayətçi) kəlmələrindən istifadə etmişdir. Peyğəmbərdən   icazə alaraq ayağa qalxan Həssan ibn Sabit həzrətin kəlamını belə nəzmə çəkmişdir:

فَقٰالَ لَهُ: قُمْ یٰا عَلِىُّ فَاِنَّنِى — رَضِیْتُکَ مِنْ بَعْدِى إِمٰاماً وَ هٰادِیاً

"Peyğəmbər Əliyə buyurdu: Ey Əli! Ayağa qalx mən səni özümdən sonra ümmətimin imamı və hidayətçisi seçdim."[4]

 

 İlahiyyatçı Tural Salmanov

    Təbriz 20.05.22

 

 

 

[1] Sözün tərkib hissələrinin tanınması.

[2] Ulumul-ərəbiyyə, Seyid Haşim Hüseyni Tehrani, kitabın müqəddiməsi, cild 1, səh.6.

[3] Növbəti yazılarda müəllif və kitab barəsində geniş məlumat veriləcəkdir.

[4] Ayətullah əl-üzma Nasir Məkarim Şirazi  “Qədir” hədisi - Vilayətin canlı sənədi.