Məhdəviyyət anlayışı

İslamın prioritet məsələlərindən biri, məhz Məhdinin (ə) intizarında olmaqdır. Onu da qeyd edim ki, intizar oturub gözləmək deyil, zühur üçün zəmin yaratmaqdır. İnsan cəmiyyətinə nəzər saldıqda məlum olur ki, cahanşümul ədaləti bərqarar edən şəxsin intizarına inam təkcə müsəlmanlara xas deyil, bütün insanlarda bu inanc və etiqad mövcuddur. Millətindən, dinindən, rəngindən, statusundan asılı olmayaraq insanlar bu inanc əsasında yaradılmışdır. Əlbəttə zülmlə dolmuş dünyaya ədaləti gətirən şəxsə müsəlmanlar "Məhdi", yəhudilər "Üzeyr" və ya "Minhas ibn Azir ibn Harun", məsihilər İsa, zərdüştilər Bəhram şah, hindular Fişnava, məcusilər Uşidr, buddistlər Budda deyirlər. O cümlədən peyğəmbərlər də fundamenti ədalət üzərində qurulacaq olan hökuməti bərqərar etmək üçün səy göstəriblər. Onların zəhmətləri nəticəsində, eləcə də müxlis möminlərin sayəsində bünövrəsi ədalət üzərində olan ümumdünya dövlət binasının tikintisi başa çatmaq üzrədir, o binanın açılışını etmək və ilahi cəmiyyətin qurulması üçün son addımı İmam Məhidi (ə) atacaq və beləliklə Allahın ədaləti yer üzərində təcəlla edəcək.

Məhdəviyyət anlayışı

Məhdi kəlməsinin leksik və terminoloji mənası

 Məhdi kəlməsinin leksik mənası hidayət olunmuş deməkdir. Lakin terminoloji mənası isə Peyğəmbərin nəslindən olan Məhdi ləqəbli on ikinci imamın axirəz-zamanda qiyam edəcəyi barəsində olan anlayışdan ibarətdir.

                                          Vəd olunmuş şəxsin intizarı

Cahanşümul ədaləti, nizam-intizamı bərpa edə bilən şəxsin intizarı yalnız və yalnız islam dininə xas  inancdırmı?

Hər bir dində olduğu kimi İslam dinində də zülmlə dolmuş dünyanı ədalətlə dolduran şəxsin intizarı ən önəmli məsələlərdəndir. İslamın, xüsusi ilə əhli-beyt məktəbinin fundamental mövzularından biri “Məhdəviyyət” dir. Bu tendensiya insana yaşamaq və dünya zalımları ilə mübarizə etmək stimulu verir və eyni zamanda ən üstün ibadətlərdən biri də məhz imamın intizarında olmaqdır. İmamın intizarında olmaq, oturub gözləmək deyil, onun zühuru üçün zəmin yaratmaqdır. Dünyada ədalətin bərqərar olması üçün praktiki olaraq çalışmasaq, səy göstərməsək, zülm heç vaxt səngiməyəcək və vəd olunmuş gün gəlməyəcək. Odur ki, bu tendensiya diktatorluq edən super güc strukturları ilə mübarizə etmək üçün insanlara motivasiya və stimul verir.  Bu inanc, elə bir etiqaddır ki, bütün insanların fitrətində mövcuddur.     

Şəhid Sədr buyurur: "Məhdiyə etiqad təkcə dini xüsusiyyətlərə malik olan İslami bir inanc deyil, həm də bütün insanların istək və arzuları üçün bir ünvan və simvoldur. Bu inam xalqın fitri ilhamının təcəllasıdır. İnsanlar aralarındakı əqidə və məzhəb ixtilaflarına baxmayaraq inanırlar ki, yer üzündə vəd olunmuş gün çatacaq və səmavi risalətlərin (missiyaaların) son məqsədi həyata keçəcək..."¹

Əli əsğər rizvani "Əsrin İmamı Məhdi Sahib-Zamanla tanışlıq”  kitabında Məhəmməd Əmin Zeynəddindən nəql edərək yazır: “Cəmiyyətin islahına etiqad bəşər tarixi boyu düşüncələrdə yer tapmışdır. Bu inanc təkcə İslam dininə aid deyil. Hələ islamdan öncə səmavi dinlərdə bu məsələyə toxunulmuşdur. Hətta xilaskarın xüsusiyyətləri və onun görəcəyi işlər haqqında açıqlamalar verilmişdir. Onlar xilaskarı “Məhdi” və onun islahatçı dəvətini "Məhdəviyyət" adlandırmasalar da, belə bir əqidə mövcuddur. Bu əqidə hətta zərdüştilikdə və brahmançılıqda da nəzərə çarpır..."²

Əli əsğər rizvani "Əsrin imamı Məhdi sahib-zamanla tanışlıq"  kitabında bütün millətlərin və din ardıcıllarının axirəz-zamanda zülmlə dolmuş dünyanı ədalətlə dolduran və bəşəriyyətə zülmdən nicat verən şəxsin intizarında olduqlarını qeyd edir:

1-Yəhudilər Üzeyrin və ya Minhas ibn Azir ibn Harunun zühuruna inanırlar;

2-Məsihilər İsanın qayıdışını gözləyirlər;

3-Zərdüştilər Bəhram şahın qayıdacağı ümidindədirlər;

4-Hindular Fişnavanın qayıdışını gözləyirlər;

5-Məcusilər Uşidrin qayıdacağına inanırlar;

6-Buddistlər Buddanın zühuru intizarındadırlar...³

 

Həzrət Məhdinin (ə) zühuri ilə müşayət olunan böyük vəd mövzusu bəşər tarixi boyu önəmli mövzulardan olmuşdur. Habelə islamdan öncəki və sonraki kitab və əsərlər də bu mövzunun haqq və həqiqət olduğunu isbat etmişdir.

 

Xilaskarın zühuruna inam, haqq-ədalətin davamı və fitri bir həqiqət olduğundan bütün millətlərdə və dinlərdə belə bir inanc mövcud olmuş və bütün zamanlarda məhdəviyyət anlayışı insanların fitrətində olmuşdur. İnsanlar zülmlə dolmuş dünyanı ədalətlə dolduran şəxsin intizarindadılar. Elə bir cəmiyyət yoxdur ki, o məmləkətin camaatı belə bir inanca malik olmasınlar. Bu inanc onların fitrətində olduğu üçün onlara ümüd bəxş edir. Bu elə bir  inancdır ki, bütün insanların fitrəti bununla yoğrulmuşdur, istər ağ və ya qara dərili olsun, istər müsəlman və ya qeyri müsəlman olsun, istər azərbaycanlı və ya qeyri azərbaycanlı olsun, bütün insanlar bu əsasda yaradılmışdır. O cümlədən bu mövzu bütün dinlərin amallar sırasında dini vəzifə kimi yer tutmuşdur və  bəşəriyyətin xilaskarının zühuruna etiqad bütün insanlarda mövcuddur. Belə bir düşüncə əsl insani dəyərləri ehtiva edən xarakterdən qaynaqlanır. Çünki bəşəriyyət fitrətən kamiliyə çatmaq istəyindədir. O bilir ki, belə bir kamal və kamillik yalnız tövhid əsasında inşa edilmiş, ədalət hökumətinin sayəsində gerçəkləşə bilər. Həmçinin hər bir insan fitrətən kamilliyə çatmaq istəyi ilə yaradılmışdır. Beləliklə dünyanı ədalətlə dolduran şəxsə etiqad etmək fitri istək olduğu üçün bütün insanlar bu inanca sahibdirlər, elə bir cəmiyyət yoxdur ki, o diyarın sakinləri, haqqları əllərindən alınmış şəxslərin və zülm olunmuş kəslərin haqqlarını zalımlardan alıb özlərinə qaytaran və eyni zamanda zülmlə dolmuş dünyanı ədalətlə dolduran şəxsə etiqad etməsinlər. Beləliklə hər bir insanın xəmiri ədalətlə yoğurulduğu üçün zülmlə dolmuş dünyanı ədalətlə dolduran şəxsə etiqad da onların fitrətində mövcudur.

 

                                  Peyğəmbərlərin vəzifəsi

Peyğəmbərlərin missiyası nədən ibarətdir ?

Peyğəmbərlərin missiyası bundan ibarətdir ki,  ümumdünya hökumətinin fundamenti ədalət üzərində qurulsun və eləcədə hər bir peyğəmbər bu vəzifəni həyata keçirtmək üçün əzm və qətiyyətlə çalışmışdır. Eləcə də ilahi peyğəmbərlər addım-addım cəmiyyətə, bəşəriyyətə və Allahın ixlaslı bəndələrinə lazım olan vəzifələri öyrətdilər ki, bu missiya onların vasitəsi ilə sona çatsın və nəhayət vəd olunmuş şəxsin qiyamına zəmin yaransın.

 

Böyük rəhbər Ayətullah Xamenei "məhdəviyyət" haqqında belə buyurur: "Mehdi (ə) cəmiyyəti - yəni dövrün imamının quracağı dünya bütün peyğəmbərlərin gəlişinin səbəbi olan cəmiyyətdir. Bütün peyğəmbərlər nəhayət dövrün imamının və vəd edilmiş Mehdinin (ə) vasitəsi ilə reallaşacaq ideal cəmiyyətin yaranmasına hazırlıq görmüşlər. Sanki bir nəfər hündür bir binanın tikiləcək yerini hamarlayır, biri həmin yeri qazır, biri betonlayır, fundamentini qurur, başqa birisi divarlarını hörür - müxtəlif ustalar bu hündür binanı bir-bir tədricən ərsəyə gətirirlər. Allahın peyğəmbərləri bəşər tarixinin əvvəlindən bir-bir gəlib cəmiyyəti və bəşəriyyəti addım-addım ideal cəmiyyətə və son məqsədə yaxınlaşdırmışlar. Peyğəmbərlərin hamısı müvəffəq olmuşlar. Onların hətta biri də bu yolda uğursuz olmamış, hər biri üzərinə düşən yükü mənzil başına yaxınlaşdırmış və bacardıqları qədər çalışmışlar. Onların birinin ömrü bitəndə o birisi yükü götürüb hədəfə daha bir addım və daha bir mənzil yaxınlaşdırmışdır. Bütün ilahi peyğəmbərlərin varisi olan İmam Mehdi (ə) sözügedən ilahi cəmiyyətin qurulmasında son addımı atacaq."

 

Dünyada düzəni, ədaləti qorumaq üçün Allah tərəfindən seçilmiş ən pak və müqəddəs insanlar məhz "İmamət" məqamına layiqdirlər. Peyğəmbərin (s) Əhli-beytinin paklığı və məsumluğu da hamı üçün məlumdur. Məhz onlar Peyğəmbərin (s) canişini olaraq Allah tərəfindən seçilmişlər. Bu məqama layiq olanları yalnız Allah bilir. Çünki qəlblərdən fəqət Allah xəbərdardır. Eləcə də "İmamət" elə bir məqamdır ki, heç bir zaman haqq-ədaləti bərqərar edən höccətsiz qalmamış, həmişə nizam-intizamı yaradan müqəddəs və pak imamlar olmuşdur. Peyğəmbərlərin də bir neçəsi Allah tərəfindən imam seçilmişlər. Bu da onu göstərir ki, hər bir zaman imamət məqamına layiq olan şəxsi Allah-tala yer üzərində nümayəndəsi olaraq seçmişdir.

 

Muhəmməd Reyşəhri “Mizanul-hikmət” -in 1-ci cildinin imamət bəhsində İmam Sadiq (ə)-dan belə nəql edir: "Yer üzü yarandığı gündən heç vaxt insanların unutduqları haqqı dirçəldən, hər şeyi bilən höccətsiz qalmayıb." (İmam Sadiq (ə) ) sonra bu ayəni oxudu: "Öz ağızları ilə Allahın nurunu söndürmək istəyirlər..."

 

Həzrət Əli (ə) məhdəviyyət haqqında belə buyurur: "Yer üzü istər aşkarda olsun, istər gizlin, heç bir vaxt ilahi bir rəhbərsiz olmayıb ( və olmayacaq). Bununla da Allahın aşkar dəlil və sübutlarının (şəriətinin) aradan getməsinin qarşısı alınır."

  

          Axirəz-zamanda ümumdünya ədalət dövləti

Həzrət Peğəmbər (s) buyurur: "Quranın zahiri və batini vardır. Batinində də bir batini, ondan sonra isə yeddiyə qədər batini vardır"

Quranda elə ayələr vadır ki, Həzrət Mehdi (ə)-a işarə edir, baxmayaraq ki, adı həmin ayələrdə deyilməmişdir; Məsələn:

1-Allah-təala qəsəs surəsinin 5-ci ayəsində buyurur: "Biz  (isə)  istədik ki, o yerdə  (məmləkətdə)  zəif salınmışlara mərhəmət göstərək və onları (camaata) imam, (yer üzünə) varis edək."

Bu ayədə buyurulur ki, Allahın əzəli iradəsi belədir ki, hegemonluq edən insanların kökü kəsilməlidir. O cümlədən mömin və salehlər, zəif salınmışlar gərək yer üzündə imam və varis olsunlar. 

2-Allah-təala ənbiya surəsinnin 105-ci ayəsində belə buyurur: "Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Qur’anda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər)."

                        "Zəbur" və "Zikr" nə deməkdir?

Möhsün Qəraəti ənbiya surəsinin 105-ci ayəsinin təfsiri haqqında yazmışdır ki, Ərəb dilində "Zəbur" dedikdə, istənilən bir yazı və ya kitab nəzərdə tutulur. Amma "Nisa" surəsinin 63-cü, "İsra" surəsinin 55-ci ayəsindən görünür ki, "Zəbur" dedikdə Həzrət Davuda aid olan ilahi kitab nəzərdə tutulmuşdur. Bu kitab həzrət Davuda aid münacatlardan, dualardan, öyüd-nəsihətlərdən ibarətdir. Bu kitab tövratdan sonra nazil olmuşdur. Ayədə "Zikr" dedikdə tövrat nəzərdə tutulur. Hazırkı surənin 48-ci ayəsi də bu ayəni təsdiqləyir. Bəziləri bildirirlər ki, "Zəbur" dedikdə ayədə bütün səmavi kitablar, "Zikr" dedikdə qurani-məcid nəzərdə tutulmuşdur. Əgər "min bədi" ifadəsi "əlavə olaraq" mənasında tərcümə olunsa, ayə belə anlaşılır: "Biz Qurandan əlavə bütün səmavi kitablarda yazdıq ki,yer üzünə Mənim saleh bəndələrim varis olacaq."

Möhsün Qəraəti  "Kafi"  kitabının 1-ci cildinin 255-ci səhifəsində İmam Sadiqdən (ə) "Zəbur" və "Zikr" sözləri haqqında belə nəql edildiyini qeyd etmişdir: "Zikr Allahın yanındadır, zəbur isə Davuda nazil olmuş kitabdır. Bütün kitablar elm əhlinə məxsusdur və bizik elm əhliyik."

Möhsün Qəraəti ənbiya surəsinin 105-ci ayəsinin təfsiri barədə belə yazmışdır:¹

1-Saleh bəndələrin yer üzünə hakim və varis olması ilahi sünnədir;

2-Quranın öncə görmələri qətidir;

3-Quran gələcəkdən xəbər verir;

4-Gələcək salehlərindir;

5-Din siyasətdən ayrı deyil;

6-İbadət təklikdə bəs etmir, saleh əməl də lazımdır;

7-Yer üzünə varislik və hakimiliyin iki şərti var, Allaha bəndəlik və saleh əməl.

3-Allah-təala nur surəsinin 55-ci ayəsində belə buyurur: "Allah sizlərdən iman gətirib saleh işlər görənlərə vəd etmişdir ki, onlardan öncə bəzilərini canişin etdiyi kimi, onları da yer üzündə canişin qərar versin, onlar üçün bəyəndiyi dini hökmən möhkəmləndirsin, qorxudan sonra onlar üçün əmin-amanlıq gətirsin. Belə ki, (yalnız) Mənə pərəstiş etsinlər və Mənə şərik qoşmasınlar. Bundan sonra kimlər küfrə uğrasa, əsil fasiqlər də onlardır."¹¹

 

Allah-təala mömin və saleh bəndələrinə bu ayədə nəyi müjdə verir və onları hansı məqama yüksəltdiyini bildirir?

Allah-təala bu ayədə zəif tutulmuş mömin və saleh bəndələrinə müjdə verərək bildirir ki, axirəz-zamanda sizi ümumdünya ədalət hökumətinin varisləri edəcəm. 

Möhsün Qəraəti "Nur Təfsirin" də Təfsire-Nurus-səqəleyndən bu ayə haqqında yazıb qeyd edir ki,  İmam Səccad (ə), İmam Baqir (ə) və İmam Sadiqdən (ə) nəql olunmuş çoxsaylı rəvayətlərdə oxuyuruq: "Bu ayənin kamil nümunəsi həzrət Mehdinin (ə) hakimiyyət günüdür."

Quranda salehlərin sonda hakimiyyətinə dəfələrlə işarə olunmuşdur. Üç ayədə belə buyurulur: "İslam bütün dinlərə qalib gələcək."¹² Digər bir ayədə oxuyuruq: "Yer üzündə Mənim saleh bəndələrim varis olacaq."¹³ Qurani-Kərimdə sonda hakimiyyətin təqva əhlinə məxsus olacağı vəd olunur. Həzrət Peyğəmbər (s) son Həcc səfərində, Məkkədən geri dönərkən Qədiri-Xum adlı məntəqədə Allahın əmri ilə Həzrət Əlini (ə) özünə canişin təyin etdi. Ayə nazil oldu: Bu gün Mən sizin üçün İslamı bəyəndim."¹ Bu ayədə də dinin qələbəsi ilə bağlı Allahın vədi bəyan olunur. Allahın bəyənib elan etdiyi din həmin Qədiri-Xum məktəbidir.

Möhsün Qəraəti nur surəsinin 55-ci ayəsin təfsir edərək yazır:¹

1-İslam gələcəyin dinidir. Tarix möminlərin qələbəsi və kafirlərin məğlubiyyəti ilə başa çatasıdır;

2-Təzyiqlər və çətinliklər məyus etməsin deyə, məhrum möminlərə ümid verin;

3-Əhatəli haqq hakimiyyətin əldə edilməsinin açarı və ləyaqət rəmzi yalnız iman və saleh əməldir. Təkcə iman yox, imanla yanaşı saleh əməli olanlara qələbə vəd olunmuşdur;

4-Din siyasətdən ayrı deyil. Əksinə, siyasət və hökumət dinin hifzi üçündür;

5-Xalqa təbliğ və xalqın hidayəti yolunda qarşı tərəfi inandırmaq üçün tarixdən nümunələr bəyan etmək faydalıdır;

6-Haqq əhlinin sonda qələbəsi ilahi bir sünnədir;

7-İman əhlinin qələbəsi və hakimiyyətində məqsəd yer üzündə ilahi dini möhkəmləndirmək və kamil tövhidə, əmin-amanlığa çatmaqdır;

8-Tarixi hadisələrdə Allahın iradəsini görək;

9-İslam dini Allahın razı olduğu yeganə dindir;

10-Gerçək əmin-amanlıq din sayəsində əldə olunur;

11-İslam cəmiyyətindəki əmin-amanlıq ibadət üçün münasib şərait yardır; (İlahi vədlərin son məqsədi xaliscəsinə ibadətdir.)

12-İstənilən növ şirkdən uzaq ibadət kamil olur;

13-Salehlərin hökumətində də bir qrup yolunu azacaq.

 

Məqalədə istifadə olunmuş mənbələr

 

1-İmam Məhdi (ə) barəsində təhqiqat, səh-16.

2-Əsrin imamı Məhdi sahib-zamanla tanışlıq, səh-48.

3-Əsrin imamı Məhdi sahib-zamanla tanışlıq, səh-48.

4-250 yaşlı insan, mövzu məhdəviyyət, səh- 285.

5-Bəqərə 124 və Ənbiya 73.

6-Mizanul-hikmət, c-1, bəhs-imamət, səh-50.

7-Nəhcül-bəlağə, qısa sözlər, 147-ci cümlə.

8-Qəsəs, 5.

9-Ənbiya, 105.

10-Nur təfsiri, c-7, səh-317.

11-Nur, 55

12-Fəth 28

13-Nur 55

14-Maidə 3.

15-Nur təfsiri, c-8, səh-128.

 

           Emil Əmişov

            http://yenivaxt.com