Nə deyim

Nə deyim

Tamahkarlar, nəfskarlar, zəlilər
Təmizlikdən danışanda, nə deyim?
Dərs deyəndə bizə nəfsə zəlilər
Yaxşı pisə qarışanda, nə deyim?

Kimdir üzvü bu aşkarlıq xorunun,
Sərhəddi yox bulanlıqla durunun.
Yaş yananda alovunda qurunun
Gül ləçəyi alışanda, nə deyim?

Gah deyirəm, qoy olsun, nə gərəyim,
Namərd sözdən sızıldadı kürəyim.
Ah, ürəyim, mənim şair ürəyim,
Şər axınla barışanda nə deyim?

Mən nə deyim belə yıxdı-yıxdıya,
Salıb məni təzə gözümçıxdıya,
Üzü gülər, bir ürəyi saxtaya-
Arı qanda, milçək şanda nə deyim?

                Musa Yaqub

                1988 ci il

              yenivaxt.com