Rusiya,danışıqları əhəmiyyətli irəliləyiş adlandırdı

Rusiya Federasiyası prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukrayna tərəfi ilə danışıqların ikinci mərhələsinin yekunlarına dair əldə edilmiş razılaşmaları əhəmiyyətli irəliləyiş adlandırıb. Məsələn, tərəflər əhali üçün humanitar dəhlizlər barədə razılığa gəliblər.

Rusiya,danışıqları əhəmiyyətli irəliləyiş adlandırdı

yenivaxt SəhərAzeri saytına istinadən xəbər verir: "Bu gün həll edilmiş əsas məsələ hərbi toqquşmalar zonasında qalmış insanların, dinc sakinlərin xilas edilməsi məsələsidir. Buna görə də tərəflər - Rusiya Federasiyası Müdafiə Nazirliyinin, Ukraynanın Müdafiə Nazirliyinin nümayəndələri - mülki əhalinin çıxışı üçün humanitar dəhlizlərin qorunması rejiminin formatı, mülki əhalinin çıxışı dövründə humanitar dəhliz sektorunda hərbi əməliyyatların müvəqqəti olaraq dayandırılması barədə razılığa gəliblər. Düşünürəm ki, bu, əhəmiyyətli irəliləyişdir", - deyə o jurnalistlərə bildirib.

Medinski qeyd edib ki, danışıqlarda tərəflər üç məsələ - hərbi, Beynəlxalq Humanitar və münaqişənin gələcək siyasi həlli məsələsini müzakirə ediblər. "Vəzifələr tamamilə aydındır, onlar bənd bənd yazılıb. Onların bir hissəsi ilə qarşılıqlı anlaşma tapmaq mümkün olub", - deyə o bildirib.

Ukrayna Prezidentinin Ofis rəhbərinin müşaviri Mixail Podolyak danışıqların sonunda bildirib ki, Ukrayna nümayəndə heyəti gözlənilən nəticəni əldə etməyib və danışıqların üçüncü raundunda dialoqu davam etdirəcək.

"Təəssüf ki, biz gözlədiyimiz nəticələri almamışıq. Çünki kifayət qədər çox şəhər indi əhatə olunub, ərzaq, dərman, evakuasiya imkanları ilə bağlı dramatik vəziyyət yaranıb", - deyə o bildirib.

Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun mümkün qədər tez keçirilməsi planlaşdırılır.