Şəhidimiz Rəşad Şiriyev

Şəhidimiz Rəşad Şiriyev

Soyuq bir qış günündə,Türkan kəndində , sadə , zəhmətkeş ailədə dünya yaraşığı bir oğlan uşağı doğuldu . Adını Rəşad çağırdılar. Düşmən çəpəridir dedilər. Adına layiq böyüdü.  Bu oğlan zəhməti, xoş rəftarı ilə seçildi, sevildi, bir ailənin deyil, bir elin əzizi oldu.  Bir qış günü isə, Rəşadı Vətənə xidmət üçün əsgər yola saldılar. Zəhmətkeş, fədakar, mehriban anası ucaboylu balasını bağrına basıb - " Balam sənə əmanətdir Allah! " dedi . Ana oğul həsrəti ilə, Allaha sığındı; oğul isə Vətənə . Xeyirli övlad olduğu kimi, vətənə də layiqli əsgər oldu. Bacarıqlı, qorxmaz, cəsur, intizamlı idi. Vətən müharibəsi başlayan andan, Rəşad öndə idi.  Gəncliyinə, hərbi bacarığına, təcrübəsinə çox güvənirdi . Yaşı az olsa da, ürəyi, hünəri böyük idi; elə düşmənə nifrəti də. Doğma torpağının erməni əsgərinin çəkməsi altında tapdalanması ağır və dözülməz idi . Qisas günü gəlmişdi. Ən ağır döyüşlərə cəsarətlə atıldı. Talışın və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşdu. Döyüş yolu qısa, qəhrəmanlığı böyük və əbədi oldu. 7 oktyabr 2020-ci ildə səhər saatlarında Talış-Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu . Şəhidlik zirvəsinə ucalan Rəşad Şiriyev Rasim oğlu zəfər tarixinə adını yazdı. Vətən bu gənc döyüşçünün qəhrəmanlığını yüksək qiymətləndirdi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, Azərbaycan Respublikasının  Prezidenti Cənab  İlham Əliyevin müvafiq Sərəncamlarına  əsasən Rəşad Şiriyev Rasim oğlu Şəhadətindən  sonra "Vətən uğrunda",  "Laçının azad olunmasına görə", Suqovuşanın azad olunmasına görə" medalları  ilə təltif edildi. Şəhidin ən böyük mükafatı isə insanların qəlbində yer tapan əsgər məhəbbəti, şəhid müqəddəsliyi oldu. Cismani yoxluğu yandırıb yaxsa da, hünəri, qəhrəmanlığı baş ucalığı gətirdi, qürurumuz oldu . Doğma kəndindən sadə bir gənc kimi çıxan Rəşad, Azərbaycan Respublikasının dövlət bayrağına bürünərək qeyrət rəmzi kimi qayıtdı . Camaat onu çox böyük izdihamla, ehtişamla qarşıladı. Canını Vətən, Dövlət, Torpaq uğrunda qurban verən bu gənc əsgər, artıq, təkcə bir ailəyə, bir nəslə aid deyildi. Vətənə Şərəflə xidmət etmiş gənc əsgərə , Şəhidə olan el məhəbbəti ürəkləri riqqətə gətirdi. Aylardır ölkədəki epidemiya səbəbindən bağlanmış kənd məscidinin qapıları açıldı. Camaat bir əlində Qurani - Kərim, bir əlində Dövlət bayrağı, bir gözündə yaş, bir gözündə qürur - " Şəhidimiz var " deyərək axışıb gəldi. Gənc əsgər Şəhid Rəşad Şiriyev Vətənə, Dövlətə, Xalqa , Sədaqətə, təmənnasız xidmətə, kişiliyə, qeyrətə, insanların xoş ümidlərinə, zəfərə, xoşbəxt gələcəyə şahidlik etdi .  O saatlardakı  hüzün, kədər, itki və dərdin içində, bir qürur, inam, iftixar, ucalıq var idi . Övlad itkisi nə qədər ağır, dözülməz olsa da, Şəhidlik müsəlman üçün ali məqamdır . Həmişə igid balasının uca boyuna baxıb fərəhlənən ana , oğlunun şərəfinə ucalan bayraqlara baxıb qürurla dayandı və böyük dərdi ilə Uca Allaha sığınıb - " Balam Allah yolunda , İmam Hüseyin yolunda, Haqq, ədalət yolunda Şəhid oldu " dedi . Ananın gözləri önündə onun balası kimi minlərlə igid əsgər zülmü, zalımı yox etmək üçün sıralandı . - "Mənim balam da, bu Haqq , ədalət , ordusunun əsgəridir . " dedi . Ana haqlı idi . Şəhidlər ölmür, zamana sığmırlar . Onlar zaman - zaman sıralanıb, haqq - ədalət, xoş gələcək naminə döyüşən əbədi əsgərlərdir . Şəhidlərin ömrü dünya qədərdir. Səadət ana öz igid balasını, qəhrəman Rəşadını o, əsgərlərin içində görürdü . Şəhidin Şəfaəti günəşin nuruna qarışıb insanların qəlbindəki kədər qarışıq inam və etiqadı daha da artırırdı . Çox aylar, çox illər keçəcək və çox şey unudulub yaddan çıxacaq. Amma Vətən,Yurd, Torpaq uğrunda canını fəda edənlər unudulmayıb, əziz xatirələri nəsil - nəsil ürəklərdə yaşayacaq.  Tarixə dönmüş bu insanlar nəsillər üçün həyat məktəbi olacaq . Gənc əsgər, Şəhid Rəşad Şiriyevin həyatı kimi.  Müqəddəs Qurani - Kərimin, Ali - İmran surəsinin 169 - cu ayəsində Uca Rəbbimiz belə buyurmuşdur! Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə!  Əsl həqiqətdə onlar diridirlər.  Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Şəhidlər canlarından artıq sevdikləri, Vətən torpağına qovuşsalar da, müqəddəs ruhları həmişə bizimlədir. Şəhid Rəşad Şiriyev və bütün Vətən uğunda qurban gedənlər and yerimiz , qürurumuz , fəxrimizdirlər . Bu günümüz, sabahımız üçün əbədi olaraq onlara borcluyuq! Allah şəhidləri rəhmət, ruhlarını şad, məqamlarını uca eləsin! Ölkəmiz, Dövlətimiz, Bayrağımız həmişə ucalarda olsun! Sülh və firavanlıq nəsibimiz, müqəddəs Şəhidlərimiz şəfaətçimiz olsun ! Amin !

Cəmilə Əliyar qızı Əliyeva

yenivaxt.com