Şəhidliyin sirri

Şəhidliyin sirri

QARABAĞ ŞƏHİDİ MAARİF SƏFƏROVA HƏSR OLUNUR

Bəzən bizim əhəmiyyət vermədiyimiz işlər, bizlərə peşmançılıq gətirir. İnsan düşünür ki, nə üçün səhvlər etdim, nə üçün vaxtında özümün və ətrafımdakı insanların qədrini bilmədim.  Nə üçün bəzi işləri kiçik bildim.  Bəzən insan sonradan bilir ki, onun əhəmiyyət vermədiyi məsələlər, nə qədər böyük əhəmiyyətə malik  imiş. Amma əslində bütün işlər əhəmiyyətlidir, sadəcə insan bəzən görmür, görsə də fikir vermir.  Bəzən insan öz ətrafinda olan şəxslərlə gözəl rəftar etmir, amma halbuki insanlarla xoş rəftar etməlidir.  İnsan, insanlarin dərdini, ağrısını çəkməli olduğu halda, insanlara çətin vaxtında kömək etməli olduğu halda, yalnız özünü düşünür. İnsan çətin anlarında Allaha tərəf dönüb, Allahdan kömək istəməli olduğu halda, Allahın kitabı Qurani-Kərimə dönməli olduğu halda, ayrı mənasız bir istiqamətə gedir.  Amma bəzən də, cəmiyyətdə elə insanlar yaşayır ki, yaxşı işləri öz hərəkətləri ilə göstərir.  Belə insanlar özünü unudaraq, yalnız Allahla yaşayır və Allahın qoyduğu qaydadan kənara çıxmır.  Bəzən cəmiyyətlər, belə insanları tanımır.  Həttda belə insanları öz ətrafında, sevdikləri də tanıya bilmir. Necə ki, mən tanımadım.  Bir zaman mənimdə bir dostum, sirdaşım var idi.  Onun düşüncələri, məni ona yaxınlaşdırsa da, onunla qardaş olsam da, onu tanıya bilmədim.  Mən Onunla ilk dəfə Təbriz şəhərində yerləşən, Əl-Mustafa Beynəlxalq Universitetində tanış oldum.  O, mənim şəhərimdən idi.  Amma Onunla qəriblikdə qardaş oldum.   Onun danışdığı sözlər və fikirlərlə, bəzən razılaşmasam da onun gözləri, ruhi haləti məni özünə cəzb edirdi.  Bəzən özüm-özümə fikirləşirdim.  Bu arıq cüssəli cavan mənim üçün kimdir.  Onun gülər üzü, hər gün Qurani-Kərimi oxuması və bəzən də oxuduqca ağlaması, məni heyrətə gətirirdi.  Mən Onun dərdinin nə olduğunu hələ də dərk edə bilmirdim.  Bir gün Ona, Sənə nə olub? Dərdin nədir?-dedim.  O, isə gülümsəyərək, mənim dərdim Allahın islamıdır.  Mən isə, cavabında, bəs bizim dərdimiz nədir?  Bizdə Allah üçün burdayıq dedim.  O, isə yenə gülümsədi.  Mən Ondan, ailəndən nə xəbər var?  Bəs deyirdin ailəmi Təbrizə gətirəcəm deyərək soruşdum.  O, isə cavabında oğlum üçün darıxmışam, amma Allahın yolu vacibdir deyə bildi.  Bütün elmləri Allaha görə öyrənəcəyəm deyərək gülümsədi.  Mən isə cavabında, ailədə önəmlidir dedim.  Bir neçə aydan sonra, dünyada yayılan məlum korona virusu səbəbindən, bizim təhsil aldığımız, təhsil ocağından vətənə qayıtmalı idik.  2020-ci il  fevral ayının 26-sı biz vətənə döndük.   Bizi  Azərbaycan sərhədindən karantin adı ilə, 14 gün xəstəxanalara yerləşdirdilər.   Yenə də, O, yanımda idi,  gecə vaxtı xəstəxanaya çatdığımız üçün bəzilərimiz əsəbi idi.  O, isə halını pozmadan, sanki heç nə olmamış kimi bizə baxırdı. Gecəni o yerdə gecələdik.  Səhər isə, sübh yeməyi əvəzinə, bizə mannı adlı yemək verdilər.  Yemək götürülən zaman, O, zarafatla səhər yeməyi paylayan yaşlı xanımlara, ay xala biz ki, uşaq dünyaya gətirən xanım deyilik ki, bizə mannı adlı yemək verirsiz dedi və bizdə güldük.  Onun gülər üzü, zarafatları bizi darıxmağa qoymurdu.  O, hər gün azan vaxtı, gözəl səsi ilə azan deyər, ətrafdakı insanlar onu dinləyərdilər.  Hər gün saat 17:00-da Onun harasa getdiyini görürdüm. Bir gün mənidə apar dedim, bir yerdə o otağa daxil olduq.  Onun insanlarla Quran oxuduğunu, bəzilərinə isə, Quranın oxunuşunu öyrətdiyini gördüm.  Mən getdikcə onun etdiyi işlərə, aşiq olurdum.  Onun çətinliyə baxmayaraq hər şeydən uzaqlaşıb, Quranla ünsiyyət qurması, məni çox heyrətləndirirdi.  Halbuki xəstəxana şəraiti əlverişli deyildi.  Bir gün xəstəxananın mühafizə xidmətlərindən biri, Onu otağa çağırıb dedi: Niyə azan verirsən?  O, isə cavabında insanları Allaha çağırıram deyərək ona tərəf baxdı.  Amma həmin adam azan vermə deyərək Onu acıladı.  O, isə təmkinini pozmayaraq, biz xəstə deyilik, birdə ki, sizin ixtiyarınız yoxdur ki, azanla bağlı bir söz deyəsiz deyib onlardan uzaqlaşdı.  Bəzən xəstəxanaya Onun anası tərəfindən yeməklər göndərilirdi.  O, isə yeməkləri hər kəslə bölüşərdi.  Hər kəslə mülayim əxlaqlı davranar, bəzən də, bizə mərsiyə, həm də Quranı tilavətlə oxuyardı.  Nəhayət karantin günləri mart ayının 11-i tamam oldu.  Hamı ilə sağollaşdıq.  Sonda O və mən qaldım.  Onu qucaqlayıb ayrıldım.  Sonradan məni evinə qonaq çağırdı.  Mən özüm və ailəm ilə onu ziyarət etdik.  Dərdinin çox olmasına baxmayaraq yenə də zarafatından qalmırdı.  Həmin gün bildim ki, Onun anası ağır xəstədir.  Həyatı isə çox pərişan keçib.  Bizi yola salan zaman, Fərid Əhmədovun qəbrini göstərdi, sonra isə telefonunu mənə verdi.  Dedi bax! Baxdım və mən onun telefonunda şəhidlərin fotolarını gördüm.  Mən Ona, sən nə etmək istəyirsən? deyərək baxdım.  O, isə cavabında bunlar etdiyini deyib güldü.

 Bir neçə aydan sonra, mən Ona zəng edib Təbrizə qayıtmaq istədiyimi və təhsilin vacib olduğunu dedim.  O, isə cavabında daha mən gəlməyəcəyəm deyərək susdu. Mən isə, təhsil vacibdir dedim.  O, mənə könüllü adını cəbhəyə yazdırdığını dedi. Mən Ona, Sən nə etmək istəyirsən, məgər sən həmişə elm tələbəsi kimi İslama xidmət etmək istəmirdinmi? deyə bildim.  O, mən Onlar kimi getməliyəm deyərək güldü.  Daha heç nə deyə bilməzdim. O, yolunu seçmişdi. Sağollaşdıq. 

  Mən Təbriz şəhərinə gəldim.  Təbrizdə olanda Ondan çox nigaran idim.  Amma telefonum xarab olduğu üçün, Onunla əlaqə saxlaya bilmədim.  Bəzi tələbələrdən öyrəndim ki, O artıq cəbhə bölgəsindədir. 

  Amma bir gün mənə zəng gəldi.  Oktyabr ayının 20-si gece saat 00.00-da mənə dedilər ki, artıq O, yoxdur.  Bu sözlərə inana bilmirdim.  Necə yəni O, yoxdur.   Artıq O, şəhid olmuşdu.

  Amma mən isə, bədənimin üşüdüyünü hiss edirdim. Onun baxışları gözlərimin önündən getmirdi.  Artıq O, arzusuna çatmışdı deyərək hönkür-hönkür ağlamağımdan başqa çarə yox idi.  O, doğurdanda şəhid olmuşdu, bizi tənha qoysa da, öz arzuladığı yola və sevdiyi Allaha qovuşmuşdu.  Onu yaxşı tanıya bilmədim.  Demək olar ki, ətrafında olan insanlarda Onu tanımadı.  Amma O, seçilmişdi. İndi özüm-özümə fikirləşirəm ki, nə üçün seçildi?  Çünki Onun Allaha sevgisi var idi.  O, Allah üçün canını verdi və bizlərə örnək olaraq göstərdi ki, insan Qurani-Kərimdən və Peyğəmbər (s) və Onun Əhli-Beytindən (ə) bərk yapışmaqla, necə şəhid olur.  İndi fikirləşirəm ki, mən Onun tələbə dostu, yaxın sirdaşı, bəlkə də qardaşı idim.  Amma O, mənim üçün kim idi, axı o kim idi?  Hələ də özümdən soruşuram və fikirləşirəm.  Amma bəzən qəlbimin dərinliklərindən bir səs gəlir ki, Sən gecikmisən, O, isə gedib, Səndə Onu tanıya bilməmisən.  Yenə də, fikirləşərək deyirəm ki, axı O, kim idi?   Artıq başa düşdüm, mən Onu tanıya bilməmişəm.  O, sadəcə Allah üçün yaşayan Maarif Səfərov idi.

 

 

İlahiyyatçı Rəhman Gözəlov     

http://yenivaxt.com