Sən getdin

Qarabağda şəhid olan Əl-Mustafa Beynəlxalq Universitetinin Təbriz filialının tələbəsi Maarif Səfərova həsr olunub.

Sən getdin

Dedilər ki, şəhidsən,
güldüm dəlilər kimi,
bilmədim ki, sevinim,
yoxsa ağlayım,
birdən yıxılmaq istədim,
dünyanın kədərinə,
büdrədim,
amma yıxılmadım,
nazik bədənin kölgə kimi keçdi yanımdan,
qəfil hiddətləndim,
dəlilər kimi qışqırmaq istədim üstünə,
amma qışqırmadım,
içimdən sənə pıçıldadım,
nə üçün özünü şəhid etdin?
bəs arzuların?
bəs vədələrin?
bəs o sözlər,
bəs o niyyətlər,
hara getdi dedim,
sənə baxdım.
Sən isə gülümsədin qara gözlərinlə,
sözlərimdən utandım.
Sən yenə yox oldun,
yenə getdin,
gözlərim sual dolu,
dilim tutulmuş,
baxdım izlərinə,
dinmədim.
Qəfil qaçdım sinif otaqlarına,
səni tapmaq üçün.
Bir anlıq düşdüm səssizliyə,
gördüm səssizdir bütün dəhliz,
sənin üçün ağlayır,
məndən xəbərsiz.

Ceyhun Fikrət
02.12.2020-ci il
Təbriz şəhəri

http://yenivaxt.com