USTAD MİSBAH YƏZDİNIN ƏBƏDİ ÖYÜD KITABINDAN İKİNCİ DƏRS

(HƏZRƏT ƏLİ ƏLEYHİSSƏLAMIN ÖZ OĞLU İMAM HƏSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ ƏXLAQ DƏRSLƏRİ) Kitabın adı:....................................Əbədi öyüd Müəllif:...........................Ustad Misbah Yəzdi Tərcümə edən:........................Məhəmməd Turan Nəşr edən:...............................................Təharət

USTAD MİSBAH YƏZDİNIN ƏBƏDİ ÖYÜD KITABINDAN İKİNCİ DƏRS

Bünövrə dəyərlər

Ey oğlum! Sənə Allah qarşısında pəhrizi (təqvanı) vəsiyyət edirəm; Onun göstərişlərinə diqqətli olasan, qəlbini Onun zikri ilə abad edəsən, Onun ipindən yapışasan. Əgər bu vasitədən tutsan, səninlə Allah arasında bu bağlılıq ipindən möhkəm nə ola bilər?![1]

Qeyd olunduğu kimi, Həzrət (ə) bu vəsiyyətnamədə vəsiyyət edənin və vəsiyyət olunanın sifətlərini sadalamaqla bütün oxucuların bu sifətləri özlərinə şamil etmələrinə səbəb olmuşdur. Digər bir tərəfdən, dinləyici vəsiyyət edən şəxsin kimliyi ilə tanış olur, vəsiyyət edənin vəsiyyət olunanla rabitəsi aydınlaşır, vəsiyyətnamənin məqsədi mə’lum olur. Vəsiyyət edənlə vəsiyyət olunan arasındakı bağlılığın açıqlanması vəsiyyət olunan şəxsin fitri və əqli rabitənin dərinliyini dərk etməsinə səbəb olur. O, əmin olur ki, bu vəsiyyətnaməni yazan onun xeyirxahıdır. Bu məsələ hər hansı moizənin, nəsihətin qəbul olunmasında tə’sirli amildir. Vəsiyyət etdiyi şəxsin e’timadını qazandıqdan sonra Həzrət (ə) həqiqi dəyərləri bəyan etməklə hər bir agah aşiqin qəlbini və zehnini  işıqlandırır.

Ən üstün dəyərlər

Daha sonra Həzrət (ə) vəsiyyətin xülasəsini yığcam şəkildə zikr edir. Bu da uyğun vəsiyyətnamənin özünəməxsus tərbiyəvi nöqtələrindən biridir. İnsan bütün vəsiyyətnaməni oxumağa macal tapmadıqda onun bir səhifədən də az yer tutmuş xülasəsini oxuya bilər və ondan faydalanar. Bundan əlavə, insan bir kitabı oxumamış, əvvəlcə onun qısa məzmunu ilə tanış olduqda kitabdakı məsələləri daha dərindən dərk etməyə çalışır. Vəsiyyətnamə, demək olar ki, onun başlanğıcındakı qısa moizələrin şərhindən ibarətdir. Həzrət (ə) bu qısa moizələrdə üç əsas dəyər üzərində dayanır: - təqva (Allah qarşısında pəhriz), Allahı xatırlamaq (zikr), qırılmaz (ilahi) ipdən yapışmaq.

Şəksiz ki, vəsiyyətnamənin ümumi şəkildə müraciət etdiyi şəxs ilahi və islami mə’rifətə biganə, imansız şəxs deyil. Bu şəxs kamal həddində olmasa da, Allaha inanır, İslamı qəbul edir, dini əsaslara e’tiqadlıdır. Ona görə də vəsiyyətin başlanğıcında Allahın varlığından, Onu tanımaq və Ona ibadət etməyin zəruriliyindən danışılır. Sonralar isə Allahşünaslıq mövzusunda bə’zi mətləblər bəyan olunur.

İlk öncə təqva tövsiyyə olunur. Bütün ilahi kitabların, vəsiyyətlərin əsas mövzusu təqvadır. İmamət və rəhbərlik məs’uliyyəti daşıyan bütün insanlar xalqla söhbət zamanı onları təqvaya çağırmalıdırlar. Cümə namazının hər iki xütbəsində imam xalqı təqvaya də’vət edir. Təqvaya də’vət xütbənin zəruri əsaslarındandır. Əgər xütbədə təqvaya çağırış olmazsa, həmin xütbə naqis sayılır.

Təqva dəyərlərin mehvəridir

Qur’an-kərimin bir çox ayələrində “təqva” kəlməsi ilə qarşılaşırıq. İslami dəyərlər kompleksində ən böyük dəyərlərdən biri, demək olar ki, bütün dəyərlərin mehvəri təqvadır. Allah-təala buyurur: “Həqiqətən, sizin təqvalınız Allah yanında ən hörmətlidir.”[2] Allah qarşısında kəramət ölçüsü olan təqvanın heç bir əvəzi yoxdur. Ona görə də bu vəsiyyətnamədə bütün öyüdlərin mehvəri olan təqva diqqəti daha çox cəlb etməlidir.

Təqva haqqında müxtəlif baxımlardan danışmışıq. Ona görə də indi sadəcə bu mövzuya işarə edirik. Həzrət (ə) buyurur: “Sənə təqva və Allah göstərişlərinə diqqəti tövsiyyə edirəm.” “Təqva” müxtəlif mə’nalara malikdir. Bu söz bə’zən “günahdan çəkinmək”, bə’zən “bütün şər’i göstərişlərə riayət etmək” mə’nalarını ifadə edir. Əgər “təqva” kəlməsi yalnız günahlardan çəkinmək mə’nasını daşıyarsa, “lüzumu əmrihi” (“Allahın əmrinə diqqət, bağlılıq”) ifadəsi “təqvəllah” (“Allah qarşısında pəhriz, təqva”) ifadəsinə bağlı olar. Ayrı-ayrılıqda “təqvəllah” günahdan çəkinmək, “lüzumi əmrihi” vacib əmrlərə itaət etməkdir. Amma “təqva”nın ümumi mə’nası həm əmrin icrası, həm günahın tərki kimi qəbul olunsa, “lüzumi əmrihi” “təqvəllah” kəlməsinə bağlı olacaq. Yə’ni əvvəlcə təqva tövsiyyə olunur, sonra Allahın əmrinə itaət xüsusi qeyd edilir.

Amma zəif ehtimala əsasən, “əmrillah” “Allah işi” mə’nasında da işlənə bilər. Yə’ni ilahi işlərə diqqət, qeyri-ilahi işlərin tərki. Hər halda, Həzrət (ə) ilkin olaraq təqvalı olmağı tapşırır. Bütün dəyərlərə şamil edilən bu kəlmə isə İslam və bütün digər ilahi dinlərdə mö’təbərdir.

Həzrət Əli (ə) bizə hər şeydən öncə bütün dəyərlərin mehvəri olan təqvanı tövsiyyə edir. Amma insanın daxilində təqva ruhu, Allah qorxusu olmazsa, yə’ni o, vacib əmrlərə, haramlara fərq qoymazsa, bu yolun axırı yoxdur. Prinsipsiz, biganə adam başını itirmiş kimidir. Təkamül yolunun ilk şərti nəfsə nəzarətdir. Tərəqqi etmək istəyən şəxs başıpozuqluqdan çəkinməlidir. Ürəyindən keçənin ardınca qaçan insan heç bir mə’nəvi dəyərə nail ola bilməz. Demək, ilk addım nəfsə, ürəkdən keçən həvəslərə nəzarətdir. Bəli, məhz bu baxımdan, Həzrət (ə) hər şeydən əvvəl təqvaya çağırır.

Zikr və Allahı xatırlama

Həzrət Əlinin (ə) ikinci vəsiyyəti Allahın zikri, Onun xatırlanmasıdır. Zikr insan qəlbini abad edir. Həzrət (ə) buyurur: ...qəlbini Allah zikri ilə abad edəsən”. Bu vəsiyyətin ardınca hər biri insan qəlbinə ünvanlanmış ifadələr gəlir. Əvvəlcə qəlbin abadlığından danışılır. Bildirilir ki, qəlb həm abad, həm viran ola bilər. Uyğun cümlələrdən mə’lum olur ki, insan qəlbi özünəməxsus həyat və ölümə malikdir. O, aram qalmalı, bə’zi çətinlikləri qəbul etməli, bə’zi həqiqətlərə inanmalıdır. Təbii ki, heç kəs öz vücudunun səmərəsizliyini, bəhrəsizliyini istəməz. O, yaşamaq, inkişaf etmək, səmərə vermək istəyindədir. İnsan qəlbi inkişaf etmiş bir məmləkət kimi abad ola bilər. Eyni zamanda, onun uçulmuş bir bina tək xaraba qalması da mümkündür. Qəlbi əzəmətli imarət tək abad etmək və ya uçulmuş ev tək xaraba qoymaq insanın öz əlindədir. Hər halda Həzrət (ə) “qəlbini abad et” göstərişini verir. Həzrət (ə) onu da qeyd edir ki, qəlbin abadlığı Allahın zikri sayəsində mümkündür. Zikrsiz qəlb virandır. Qəlbin nə olduğunu araşdırmaq fikrində deyilik. Bu barədə müəllifin “Əxlaq və Qur’an” kitabından mə’lumat ala bilərsiniz. Mövzu qəlbin abadlığıdır. Qəlbinizi abad edin, onu viran qoymayın və unutmayın ki, qəlblər Allahın zikri, xatırlanması ilə abad olur.

Allahın ipindən yapışın!

Həzrət (ə) bu vəsiyyətin üçüncü bəndində buyurur: “və’təsimu bihəblihi” (“Allahın ipindən yapışın”). İnsanın hər hansı bir şeydən tutması, yapışması ərəbcə “e’tisam” kimi ifadə olunur. Bə’zən “e’tisam” yerinə “təməssük”,  “istəmək” kəlmələri də işlədilir. Məsələn, Allah-təala Qur’ani-kərimdə buyurur: “fəqəd istəmsəkə bil-urvətil vusqa”[3], yə’ni “möhkəm ipdən yapışmış olur...” “həbl” kəlməsi kəndir, ip mə’nasını daşıyır. Maraqlıdır ki, insan nə vaxt ipdən bərk yapışır? Adətən, bu hərəkətin səbəbi süqut etməmək, yuxarı qalxmaq istəyi olur. İnsan təhlükədən qurtarmaq üçün ipə əl atır. Beləcə, ucalmaq, tərəqqi etmək, kamala çatmaq istəyən insan da vasitə axtarır. Əgər insana əmr olunsa ki, ipdən yapışsın, demək, o təhlükədədir. Bu təhlükədən qurtarmaq, amanda qalmaq istəyən şəxs əmrə tabe olub, ipdən yapışmalıdır. İnsana, “Allahın ipindən “ yapışmaq buyurulursa, demək, o, təhlükə ilə üzbəüzdür və xilas olmaq üçün hökmən bu işə əl atmalıdır. Bu insan yerlə göy arasında qalmış, süquta uğrayan şəxs kimidir. Bu vəziyyətə düşməmiş adamlar vəziyyətin ağırlığını bir o qədər də hiss etmirlər. Amma uyğun vəziyyətə düşmüş adam can-dildən hiss edir ki, nədənsə yapışmaq lazımdır. Dərin quyuya düşmüş, sıldırım qayadan uçmuş insan bütün bunları qədərincə hiss etmək qüdrətindədir.

Qəflət azğınlığa aparır

Mö’min insan təhlükədə olduğunu bir an da unutmamalıdır. Çünki onun ayağı altda daim süqut edə biləcəyi cəhənnəm dərəsi qaynamaqdadır. O, bir tərəfi ilahi mərhəmət, digər tərəfi əbədi əzab olan fəzadadır. Onun süqut etməyəcəyinə heç bir zəmanət yoxdur. Bəli, insan daim uçurum kənarındadır. Bu uçurumdan aşağı insan üçün əbədi əzab vadisi uzanır. Əgər ölüm hər şeyə son qoysaydı, çox asan olardı. Amma həqiqət başqadır. İnsan kiçik bir büdrəmə nəticəsində əbədi cəhənnəm dərəsinə yuvarlana bilər. Bə’ziləri çətinliyə düşdükdə ölüm arzulayırlar. “Kaş ölüb, rahatlaşaydım”, deyirlər. Amma onlar unudurlar ki, ölümdən sonra əbədi həyat başlanır. Bu həyat xoşbəxt ola biləcəyi kimi, bədbəxt də ola bilər. Hətta imanlı insanlardan da belə sözlər eşidirik ki, “Pərvərdigara, artıq bu çətinliyə dözə bilmirəm, məni öldür.” Belələri bu dünyanın dərdlərinə, çətinliklərinə qarşı müqavimət qüvvəsini itirənlərdir. Onlar Allahın qəzasına dözə bilmir, ölümü daha asan sayırlar. Onların nəzərincə, bu dünyanın dərdləri ölüm və ölümdən sonrakı həyatın mümkün ağrılarından daha dözülməzdir.

Qur’ani-kərim  qiyamət gününün sonsuz ağrıları barədə cəhənnəm əhlinin dilindən buyurur: “Ey Malik (cəhənnəm gözətçisi), qoy Rəbbin bizi öldürsün...” Onlara cəhənnəm əzabı o qədər ağır gələr ki, cəhənnəm mələyindən ölüm istərlər. Malik isə onlara belə cavab verər: “Siz həmişəlik qalacaqsınız”[4]... Bəli, ölümdən sonra ölüm yoxdur. Cəhənnəmə düşənlər orada əbədi qalasıdırlar. Hər halda unutmamalıyıq ki, dünya və axirət çətinliklərinin əksəri insanın qəflətindən, diqqətsizliyindən yaranır. Qəflətdə olan insan qarşıda onu gözləyən təhlükədən xəbərsiz qalır.

İmam rahil (r) öz söhbətlərində “diqqət” sözünü çox işlətmişdir. Əgər onun moizələrinə nəzər salsanız, təkrar-təkrar bu sözləri dediyinə şahid olarsınız: “Ağalar, diqqətli olun...” Əgər bu kəlmə çox işlədilirsə, demək, onda bir sirr vardır. Bir çox problemlər məhz bu diqqətsizliyin nəticəsində yaranır. Əgər insan hər an əbədi oda yuvarlanacağını mümkün hesab etsə, rahatlığını itirər, daim diqqətli olar. İnsan bir qədər düşünüb, qarşıdakı təhlükələri təsəvvüründə canlandırsa, çox səmərəli bir əhvali-ruhiyyə əldə edər. Allah övliyalarının göz yaşları, Əbu-həmzə duası və digər münacatlar yalnız uyğun diqqət nəticəsində müyəssərdir. Bir zərrə diqqət həmin nalələrə qapı aça bilər.

Bəli, bu gün dərdli olmamağımızın səbəbi qarşıdakı təhlükələrə diqqətsizliyimizdir. Əgər insan düşünsə ki, dünya həyatı fəzada qalmaq kimidir və aşağıda nəfs istəklərindən şö’lələnmiş alov yanır, bu alova düşməmək üçün qəlbini nəyəsə bağlayar, əl atıb nədənsə yapışar. Diqqətli insanda belə bir hal yaranır. Bu halda olan insan üçün ən zəruri iş Allahın ipindən yapışmaqdır. Qur’ani-kərim və Əhli-beyt (ə) bu kədərli halı müxtəlif şəkillərdə bəyan etmiş və onun çarəsini göstərmişlər. Bəli, təhlükələrdən xilas olmaq üçün möhkəm ilahi ipdən yapışmaq lazımdır.

“Bəqərə” surəsinin 256-cı ayəsindəki “urvə” kəlməsi dəstək mə’nasını daşıyır. İnsanın yıxılmamaq üçün yapışdığı yer “urvə” adlanır. Müxtəlif qabların, kuzələrin qulpuna da “urvə” deyirlər. Amma insan təhlükə zamanı hər şeydən yox, möhkəm bir şeydən yapışmaq istəyir. Bu möhkəmliyi ayədəki “vusqa” kəlməsi ifadə edir. İnsan süquta uğramamaq üçün ən e’tibarlı hesab etdiyi şeyə əl atır. Bu, onun fitri ehtiyacıdır. Diqqətli insan bu ehtiyacı hiss edir və təhlükədən qurtarmaq üçün daim axtarışda olur. Allah-təala insana xəbərdarlıq edərək buyurur: “Allahdan başqasını dost tutanlar yuva qurmuş hörümçəyə bənzəyirlər. Şübhəsiz ki, evlərin ən zəifi hörümçək yuvasıdır.”[5]

Dünya və onda olanlar insanın təhlükədən xilas olmasında hörümçək toru tək zəif və e’tibarsızdır. Yeganə qurtuluş yolu Allahın qırılmaz ipindən yapışmaqdır. Kimsənin qıra bilməyəcəyi yeganə e’tibarlı vasitə həmin ilahi ipdir. Allahla bağlılığı güclü olan insan bu qırılmaz ipdən yapışmışdır. Qur’ani-kərim “lənfisamə ləha”, yə’ni “bu ip qırılmaz”[6], buyurur. Bütün başqa iplər gec-tez qırılasıdır. Bizim uzun hesab etdiyimiz müddətlər ilahi miqyasda çox kiçikdir. “Həqiqətən, onlar həmin əzabı uzaq görürlər”[7] - buyurur Allah-təala. İnsan çox vaxt çətinliklərdən qurtulmaq üçün dünyəvi vasitələrə əl atır. Əslində isə insanı xoşbəxtliyə qovuşdurası yeganə yol Allah yoludur.

Əlbəttə ki, Allah yolunun müxtəlif nümunələri ola bilər. Məsələn, “Allahın ipindən birgə yapışın” ayəsində “Allahın ipi” kəlməsi müxtəlif cür təfsir olunur. Bə’zən Qur’an, bə’zən İslam, bə’zən Əhli-beyt, bə’zən isə mə’sum imamların vilayəti “Allahın ipi” hesab olunur. Amma bütün təfsirlərin arxasında Allahla bəndə arasındakı rabitə durmuşdur. Xilas olmaq istəyən şəxs  Allaha bağlanmalıdır. Qur’anın bütün hökmlərini qəbul edib, əmələ başlamaq həmin qırılmaz  ipdən yapışmaq, Allaha bağlanmaqdır. Bə’zən “ip” əvəzinə “səbəb” kəlməsi işlədilir. Əslində  “səbəb” kəlməsinin də ərəbcə lüğət mə’nası “ip” və ya rabitə deməkdir. Bu kəlmələrin hər bir iki şey arasında bağlılığı ifadə edir. Allah-təala buyurur: “ Ona (Allaha) vasitə, yol axtarın.”[8] Bu ayənin nümunələrindən biri Əhli-beytə (ə) təvəssüldür. İnsan Allahla rabitə yaratmaq üçün yol axtarır, Allahın mə’sum imamlarını vasitə seçir. Bəli, qurtuluş üçün ən yaxşı yolu seçmək lazım gəlir.

Həzrət Əli (ə) sözünün davamında buyurur: Səni Allahla bağlayan vasitədən möhkəm vasitə varmı?!” Bəli, biz Allaha bağlılıq vasitəsi tapmağa məcburuq. Əslində sənin varlığın Allahla rabitənin özüdür. Əgər Allahın istək və iradəsi, Onunla bağlılıq olmazsa, sən və bütün bu aləm duruş gətirərmi? Bizim varlığımız təkvini, təbii cəhətdən Allaha bağlıdır. Varlıq aləmi Onun iradəsindən asılıdır. Bundan möhkəm bağlılıq ola bilərmi? Allahla bəndə arasındakı rabitədən güclü rabitə hansıdır?!

Ona görə də Həzrət (ə) əvvəlcə təqvanı tövsiyyə edir, sonra isə zikr və Allahın xatırlanmasını tapşırır. Nəhayət, diqqətimizi ona yönəldir ki, təhlükələrdən xilas olmaq üçün yeganə çıxış yolu Allaha bağlılıqdır. Allah kimsəni zorla bu rabitəyə qatmır. Yalnız insan özü Ona üz tutduqdan sonra hifz olunur. Dünya zor dünyası deyil. Hər kəs həyat yolunu özü seçir. Əgər irəli addım atıb, Allahın ipindən yapışsan, O səni hifz edəcək. Əgər Ona arxa çevirib, uzaqlaşsan, ardınca gəlməyəcək. Qur’ani-kərimdə buyurulur: “O istəsəydi, hamınızı hidayət edərdi.”[9] Ayədən mə’lum olur ki, hidayət olmaq istəyən şəxs hökmən özü Allaha əl açmalıdır. Dünya həyatında daim ətrafdakılara əl açan bizlər nədənsə yeganə həqiqi xilaskarımıza əl açmağı unuduruq. Allahın möhkəm ipinə sarılmayıb, təhlükəyə düşən insan özü müqəssirdir.

 

 

 

 

 

[1] “Nəhcül-bəlağə”.

[2] “Hucurat”, ayə 13

[3] “Bəqərə”, ayə 256

[4] “Zuxruf”, ayə 77

[5] “Ənkəbut”, ayə 41

[6] “Bəqərə”, ayə 256

[7] “Məaric”, 6

[8] “Maidə”, 35

[9] “Ən`am”, ayə 149

yenivaxt.com