Vəd olunmuş

Vəd olunmuş

Vəd olunmuşa inam bir birindən tamamilə fərqli olan xalqların, mədəniyyətlərin və  dinlərin inam bəslədikləri məsələdir.  Vəd olunmuş “axır zamanda gələcək, insanları zalım hökmdarların əlindən xilas etməklə, dünyada mütləq mənada  sülhü və ədaləti bərqərar edəcək xilaskara inanmaq deməkdir.”

Buna görə də xilaskara inanmayan din və millətlər azlıq təşkil edir.  Lakin Vəd olunmuşun kimliyi barəsində fərqli düşüncələr və yanaşmalar vardır.  Dinlərin təqdim etdiyi vəd olunmuşla tanış olmamışdan öncə bu məsələnin bir inam olaraq yaranma mənşəyini nəzərdən keçirmək lazımdır.

Sosioloji baxımdan: Qədim dövrlərdən bu günə qədər insan cəmiyyəti tamamilə islah edilə bilməmişdir. Sağlam bir cəmiyyət üçün təqdim olunan fikirlər, kağız üzərində qalmaqda davam etmiş və bəzən isə sağlam bir cəmiyyətin qurulması “Utopiya” kimi qəbul edilərək ideal cəmiyyətin qurulmasını qeyri-mümkün olaraq qəbul etmişlər.  Ancaq hər bir sağlam düşüncəli insan yer üzündə  ideal cəmiyyətin  qurulmasının  mümkün olduğunu qəbul edir.

Psixoloji olaraq: Hər bir insan yaradıcı və qüdrətli insana ehtiyac duyduğunu etiraf edir.  Bu insan adi insanların əlində ola bilməyəcək gücə malik  olmalıdır.  Qüdrət və imanın cəm olduğu bu insanın sayəsində insanlar öz fikirlərini gerçəkləşdirə bilərlər.

Dini baxımdan: Hər  bir dində, xüsusilə sonuncu din olan  İslamda dünyanın sağlam insanlar tərəfindən idarə olunması yaradılışın məqsədlərindən biri olaraq bildirilməkdədir. 

 

                                   Hər bir dinin söz açdığı VƏD OLUNMUŞ

 

Buddizm dininin banisi Qautama Budda (563-483 e.ə) ardıcıllarına yer üzündə yalnız qalmayacaqlarını və başqa bir qüdrətli Buddanın zühur  edəcəyini söyləyirdi.  Buddizimdə bunun adı beşinci Budda olaraq keçməkdədir.

Hind yarımadasında yaşayan yerli əhalinin mənsub olduğu  “Sanatana Dharma”  (əzəli,əbədi din) deyə adlandırdıqları Hinduizm təlimlərində də vəd olunmuş və son xilaskar barəsində məlumat verilmişdir.  XI əsrin ən böyük coğrafiyaşünası hesab olunan  Əbu Reyhan Muhəmməd ibn Əhməd Əl-Biruni  (973-1048) özünün Hind inanclarının ensiklopedik əsəri olan “Təhqiq əl-Hind” kitabında  belə yazır:

“Dördüncü dövrün sonunda yer üzünün insanları pozularaq  əksəriyyəti kafir olacaqlar.  Onlar böyük günahlar edəcək və hökmdarları alçaq insanlar olacaqdır.  O dövrdə insanlar bir-birlərini öldürən və talan edən canavarlara bənzəyərlər.  Kahinlər və din adamları fitnə-fəsad törədər, təqva sahibi və zahid insanları alçaldarlar.  O zaman Brahman Kola (yəni cəsur və dindar bir insan) zühur edərək qılıncı ilə yer üzünü fəsad törədənlərdən təmizləyəcək.  İnsanları qoruyacaqdır. ” Bəzi Hinduizm təlimlərində ona   "onuncu avatar" da deyilir.

Zərdüştlükdə  vəd olunmuşun zühur edəcəyi elan olunur.  Xilaskarın ləqəbi "Suşyant" və ya "Suşyanlar" olaraq bildirilmişdir.  Ümumilikdə Zərdüştlər üç vəd olunmuşun intizarındadırlar ki, hər biri bir-birlərindən min il ara ilə zühur edəcəklər.  Bunların hamısı Zərdüştün övladlarından olacaq ki, bunların sonuncusu Sumi (Astavt Eretah) vəd edilmişdir.  Zərdüştün katibi olan Jamasp tərəfindən yazılan bir “namədə” (Jamasp namə) Zərdüştdən sitat gətirərək belə deyir: Əndamlı bir kişi zühur edərək insanları öz cəddinin dininə səsləyəcəkdir. Böyük bir ordu ilə İran diyarına gələrək oranı abadlaşdıracaqdır”

Məhəmməd Peyğəmbərin peyğəmbərliyini müjdədə verdikdə sonra belə deyir:

“Və O, Peyğəmbərin qızının nəslindən, dünyanın günəşi və zamanın şahı  kimi tanınan bir kişi xilafətə çataraq dünyada Allahın hökmünə əsasən hökmranlıq edəcəkdir.  O, Peyğəmbərin dünyada sonuncu xəlifəsidir.  Onun hökuməti qiyamətə qədər davam edəcəkdir.”

Yəhudiyyət dinində də dəfələrlə Maşiahın və ya Məsihin  zühuru müjdə edilmişdir.  Yəhudilərin yanında  tövrat qədər dəyərli və müqədəs olan  “Talmud” kitabında belə yazılıb:

“O gün böyük rəhbər Mikayili ayağa qalxacaq və... torpaqda yatanların (ölülərin) əksəriyyəti oyanacaq. Bəziləri əbədi həyata görə və bəziləri əbədi xəcalətə görə”

Xristian dininin ardıcılları (Katoliklər,Ortodokslar və Protestantlar) da vəd olunmuş xilaskarın intizarındadırlar.  Xristian müqəddəs yazılarının ikinci bölməsi olan “Əhdi-Cədiddə” İsa Məsihin ikinci zühuru barəsində belə yazılıb:

“Məsih bir çoxlarının günahını Öz üzərinə götürmək üçün bir dəfə təqdim edilmişdir və ikinci dəfə günahın öhdəsindən gəlmək üçün deyil, xilaskarlıq  üçün Onu gözləyənlərə zühur edəcək”

Zühur sözü Əhdi-Cədiddə “Parusiya” olaraq işlədilmişdir. Yunan dilində “parusiya” sözü həm "gəliş, gəlmə", həm də "hüzur, yanında olma" mənasını verməkdədir.

Səmavi dinlərin sonuncusu və ən kamili olan İslam dini, vəd olunmuş məsələsinə digər dinlərdən daha çox diqqət yetirmiş və onunla əlaqəli məsələləri daha geniş formada  izah etmişdir.  Bütün müsəlman məzhəb və firqələri bu mövzuda həmfikirdirlər.  Qurani Kərimin bir çox ayələrində Vəd olunmuş barədə, onun zühur əlamətləri barəsində ayələr vardır.

Bildiyimiz kimi İslam dini müəyyən bir yerə, topluma, irqə xas deyil, zaman və məkandan kənara çıxma qabiliyyətinə malik olan universal bir dindir.  Quranda İslamın yenilməzliyini vurğulayan və digər dinlərə qalib gələcəyini vəd edən ayələrlə qarşılaşırıq.  Araşdırmaya görə, bu ayələrdə hökmranlığın mənası yalnız məntiqi hökmranlıq deyil, həm də İslamın hərtərəfli və əməli hökmranlığıdır.  Bir tərəfdəndə məlumdur ki, həzrət Mühəmməd peyğəmbərin (s) zamanında islam dini məhdud bir çoğrafi ərazidə idi.  Beləliklə, İslamın dünyaya hakim olmasının vaxtı gələcəkdir.

Allahu-təala səff sürəsinin 8-ci və 9-cu ayələrində belə buyurur:

“Onlar Allahın nurunu öz ağızlarından çıxanlarla söndürmək istəyirlər.  Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır.”

Hər zaman batil dəstələr  Allahın   nurunu söndürmək üçün müxtəlif vasitələrdən istifadə etmişlər.  Yalan, istehza və böhtan onların əsas silahlarından olmuşdur.  Əlbəttə kafirlərin xoşuna gəlməsə də, Allah islamı olduğu kimi kamil və təhlükəsiz saxlayacaqdır.

“ Allah öz rəsulunu hidayət və haqq dini ilə göndərmişdir ki, bütün dinlər üzərində qələbə çalsın. Müşriklərin xoşuna gəlməsə belə.”

İslamın bütün dinlər üzərində hökmranlıq vədi bu günə qədər yerinə yetirilməyib.  Digər tərəfdən, Allah İslamın ümumi hökmranlığı barədə verdiyi vədlər yalan deyildir.  Rəvayətlərə və təfsirlərə əsasən bu vəd, Vəd olunmuşun vasitəsilə yerinə yetiriləcəkdir.

Nəticə olaraq deyə bilərik ki, Vəd olunmuş barəsində dinlərin müştərək baxışları bunlardır.  Zühurun vəd edilməsi, xilaskarın seçilmiş olması,bütün düyaya hökumət etməsi,sülhün və ədalətin bərqərar edilməsi və zülmün kökünün kəsilməsi.  Dinlərin fərqli baxışları isə sadəcə iki məsələdir.  Vəd olunmuş xilaskarın şəxsiyyəti və onun ləqəbləri və Vəd olunmuşun yer və mənəvi dərəcəsi.  Bu isə tamamilə təbii və normal məsələdir.  Çünki hər din öz dil və lüğətinə əsasən Vəd olunmuşun ləqəb və adını demişdir.  Lakin təəssüflər olsun ki, xilaskarın zühuru məsələsinin çox mühüm və həyati məsələ olduğuna baxmayaraq, İslamdan savayı dinlər buna kifayət qədər önəm verməmişlər.  Bu dinlərin ardıcılları da mövzuya bu qədər diqqət etməmişlər. Hal-hazırda bu məsələni kənara qoyaraq özlərində heç bir məsuliyyət hiss etmirlər.

 

Tural Salmanov

http://yenivaxt.com