Vəd olunmuşun izi, İslam məzhəblərində

Vəd olunmuşun izi, İslam məzhəblərində

                            بسم الله الرحمن الرحيم

 

VƏD OLUNMUŞUN İZİ, İSLAMİ MƏZHƏBLƏRDƏ

Dünyanın xilaskarı mövzusu bütün dinlərdə müzakirə olunan məsələdir. İslam alimləri bu mövzunu, məhdəviyyət adlandırmışdır. Məhdəviyyət dünyanın xilaskarından bəhs edən, dinlərin bu barədə baxış və təlimlərini araşdırıb təhlil edən, onun şəxsiyyətindən, zühur əlamətlərindən söz açan dini bir məsələdir. Bəzən məhdəviyyət anlayışı iki formada müzakirə olunur “xüsusi məhdəviyyət  və “ümumi məhdəviyyət” .

Xüsusi məhdəviyyət dedikdə, vəd olunmuşun İslam peyğəmbərinin (s) nəslindən olan İmam Həsən Əskərinin oğlu nəzərdə tutulur. Bu inanca əsasən vəd olunmuş hicrətin  (ə) 255-ci ilində doğulmuş və sonradan ilahi göstərişə əsasən insanların gözündə qeybə çəkilmişdir. Vəd olunmuş sağdır və ilahi göstəriş ilə,  zühur edəcəkdir.

Ümumi məhdəviyyət anlayışına baxmayaraq ki, müxtəlif təriflər verilmişdir, amma demək olar ki, bu tərifdə olan məqsəd gələcəkdə doğulacaq və dünyanı ədalətlə dolduracaq vəd olunmuş barəsində inamdır. Demək olar ki, yalnız şiə məzhəbi  xüsusi  məhdəvlik məsələsini qəbul edir. Deməli, ilk növbədə bütün ilahi və qeyri-ilahi dinlər və İslam məzhəbləri dünyanın xilaskarına inanırlar. İkincisi, bu məsələdə İslam məzhəbləri arasında heç bir ixtilaf yoxdur. Üçüncusu, bu məsələdə İslam məzhəbləri ilə, ilahi və qeyri-ilahi dinlərin bu məsələdə olan ixtilafları  yalnız xilaskarın kimliyindədir. Dördüncüsü, şiələrin ümumən digər islami məzhəblərlə və ilahi və qeyri-ilahi dinlər arasında ki, vəd olunmuşun məlum nəsildən  doğulması və qeybə çəkilməsi məsələsidir.

ÜMUMİ MƏHDƏVİYYƏT

Dünyanın  Xilaskarına inanmağın kökü nədir? Yəni, bu məsələni isbat edən və bu məsələnin prinsiplərini aşkara çıxaran fikirlər hansılardır?

Dini təlimlər: İnsanlar arasında bu inancı yaradan ilk şey dini təlimlərdir. Yəni bütün dinlər bu məsələyə toxunmuş və onu bir inanc olaraq təqdim etmişdir. Bu baxımdan dinlərin bu barədə olan təlimlərini ümumilikdə  batil və yalan olduğunu söyləmək olmaz. İkincisi, İslam dininin  təlimləri bu baxımdan çox genişdir. Məsələn, Qurani-Kərimin bu ayələri:

 

يُرِيدُونَ لِيُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ

Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər, Allah isə öz nurunu tamamlayandı, kafirlərin xoşuna gəlməsə də.[1]

Heç bir təfsir və rəvayətə müraciət etmədən, ayənin zahirindən məlum olur ki, Allahın nuru bütün yer üzərinə hakim olacaqdır. Biz bilirik ki, bu müjdə indiyə qədər gerçəkləşməmişdir və Allahın yalan xəbər verməsi mümkün olmadığı üçün, bu vəd və müjdə bir gün gerçəkləşməlidir. Onun həyata keçirilməsi isə, ancaq vəd olunmuş Mehdinin (ə) əlindədir.

وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِنْ بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ

Həqiqətən də biz Tövratdan sonra Zəburda yazmışdıq ki, yer üzü bizim saleh bəndələrimizə varis olacaqdır.[2]

Bilindiyi kimi Allahın saleh bəndələri indiyə qədər bütün yer üzünə sahib və varis olmayıblar. Odur ki, bu həqiqətin baş verməsi lazımdır və bunun baş verməsi yalnız vəd olunmuş Mehdinin (ə) əlindədir. Bu iki ayələr məhdəviyyət əqidəsinin əsasını göstərir. Yəni bir şəxsin Məhdi (ə) adı altında doğulmasına və onun gözlərdən gizli qalmasına dəlalət etmir, sadəcə olaraq vəd olunmuşun zühurunun gerçəkləşəcəyini və saleh bəndələrin bütün yer üzünə varis olacağını bildirir.

Dünyanın xilaskarının adı və nəsili Quranda açıq-aşkar qeyd edilməsə də, rəvayətdə bildirilmişdir. Bu rəvayətlər Həzrəti Peyğəmbərin (s) özündəndir ki, hər iki məzhəbin hədis alimləri öz kitablarında nəql etmiş və alimlər tərəfindən qəbul edilmişdir. Əhli Sünnə tərəfindən ən etibarlı hədis mənbələri kimi qəbul edilmiş altı kitab da, müəlliflər Məhdəviyyət barəsində Peyğəmbərdən (s) rəvayətlər nəql etmişdilər.

Sünəni Tirmizi

Əhli-sünnə hədis alimlərində olan Əbu Isa Məhəmməd ibn İsa Tirmizi özünün “Sünən” kitabında Məhdəviyyət barəsində  müstəqil fəsil açmışdır. “بَابُ مَا جَاءَ فِي المَهْدِيِّ[3].  Və peyğəmbərdən ümumilikdə üç rəvayət nəql etmişdir ki, rəvayətin raviləri imam Əli, Əbu Səid Xudri, Əbu Hüreyrə və  ümmü Sələmədir.

 

لَا تَذْهَبُ الدُّنْيَا حَتَّى يَمْلِكَ العَرَبَ رَجُلٌ مِنْ أَهْلِ بَيْتِي يُوَاطِئُ اسْمُهُ اسْمِي

Mənim əhli-beytimdən, adı adımla eyni olan bir nəfər, ərəblərə rəhbərlik etməyənə qədər dünya sona yetməz.

Sünəni Əbu Davud

Əbu Davud Məhəmməd ibn Süleyman Sicistani də, öz “Sünən” kitabında Məhdəviyyət barəsində müstəqil fəsil “كِتَاب الْمَهْدِيِّ[4] açmışdır. O, bu mövzu  barəsində  on üç rəvayət nəql etmişdir ki, ikisini burada gətiririk.

جَابِرِ بْنِ سَمُرَةَ، قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:  لَا يَزَالُ هَذَا الدِّينُ قَائِمًا حَتَّى يَكُونَ عَلَيْكُمُ اثْنَا عَشَرَ خَلِيفَةً، كُلُّهُمْ تَجْتَمِعُ عَلَيْهِ الْأُمَّةُ فَسَمِعْتُ كَلَامًا مِنَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَمْ أَفْهَمْهُ، قُلْتُ لِأَبِي: مَا يَقُولُ؟ قَالَ: «كُلُّهُمْ مِنْ قُرَيْشٍ

Cabir ibn Səmura dedi: Mən Allah Rəsulunun belə dediyini eşitdim:

"Sizə ətrafında ümmətin toplanacağı on iki xəlifə gələnə qədər, bu din ayaqda qalmağa davam edəcəkdir." Bu arada Rəsulillah (s) - dan bir söz eşitdim amma başa düşmədim, atama : Rəsulillah (s) nə deyir ?" dedim. "Hamısı Qüreyşdəndir" dedi.

 

أُمِّ سَلَمَةَ، قَالَتْ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: الْمَهْدِيُّ مِنْ عِتْرَتِي، مِنْ وَلَدِ فَاطِمَةَ

Ummu Sələmə “Mən Allah Rəsulunun (s) belə dediyini eşitdim:

  “Mehdi mənim ailəmdən, Fatimənin oğullarındandır”.

Sünəni İbn Macə

Əbu Məhəmməd ibn Yəzid ibn Macə əl Qəzvini də öz “Sunən” kitabında Məhdinin (ə) çıxışı barəsində “بَابُ خُرُوجِ الْمَهْدِيِّ müstəqil fəsil açmışdır.[5] Burada  Peyğəmbərdən beş rəvayət nəql etmişdir ki, həmin rəvayətlərdən biri belədir:

قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:  الْمَهْدِيُّ مِنَّا أَهْلَ الْبَيْتِ، يُصْلِحُهُ اللَّهُ فِي لَيْلَةٍ

Peyğəmbər (s) buyurmuşdur:

“Mehdi (ə) biz əhli-beyitdəndir. Allah onun vasitəsi ilə dünyanı bir gecədə islah edəcəkdir”

 

Bunlar Məhdəviyyət və Məhdi (ə) barəsində rəvayət nəql edən məşhur Əhli-sünni kitabları idi. Lakin bu kitablardan başqa da, bu məsələ barəsində rəvayət nəql edən alimlər vardır ki, Cəlaləddin Suyuti “Əl-ərful-vərdi fi əxbaril-Məhdi” kitabında geniş olaraq nəql etmişdir.  İndi biz əhli-sünnə alimlərinin nəql etdiyi bu rəvayətin məqbul olub-olmadığını öyrənmək istəyirik. Çünki bir məsələ barəsində rəvayətin nəql olunması və onu görkəmli alimlər tərəfindən qəbul edilib-edilməməsi başqa bir məsələdir. Yəni hədis kitablarında qeyd olunanların hamısının düzgün və səhih olduğunu söyləmək olmaz. Bəli, bəzi alimlər buna qəbul etsələr də, lakin biz bu üsulu qəbul etmirik.

Məşhur hədis alimi olan İbn Həcər Əsqəlani “Təhzibut-təhzib” kitabında yazır:

وقد تواترت الأخبار واستفاضت بكثرة رواها عن المصطفى صلى الله عليه وسلم في المهدي وأنه من أهل بيته وأنه يملك سبع سنين ويملأ الأرض عدلا.....

 “Şübhəsiz ki, Həzrəti Peyğəmbərdən Məhdi (ə)  ilə bağlı hədislər mütəvatir[6] və mustəfizdir.[7] Səbəb isə Peyğəmbərdən bu hədisləri nəql edən ravilərin çoxluqudur. Bu hədislərə əsasən Məhdi (ə) Peyğəmbərin (s) ailəsindəndir ki,  onun hakimiyyətinin yeddi il davam edərək yer üzünü ədalətlə dolduracaqdır”[8]

İbn Teymiyyənin tələbələrindən  olan İbn Qəyyim Cövziyyə “əl-Mənaril-münif” kitabında “İsa ibn Məryəmdən başqa Mehdi yoxdur” hədisi barəsində belə yazır:

وَهُوَ مِمَّا تَفَرَّدَ بِهِ مُحَمَّدُ بْنُ خَالِدٍ..... غَيْرُ مَعْرُوفٍ عِنْدَ أَهْلِ الصِّنَاعَةِ

Bu hədisi yalnız Məhəmməd ibn Xalid nəql etmişdir ki, hədis alimləri arasında tanınan deyildir.

Bu sözləri yazdıqdan sonra sözünə belə davam edir:

مِنْ أَهْلِ الْعِلْمِ وَالنَّقْلِ وَقَدْ تَوَاتَرَتِ الأَخْبَارُ وَاسْتَفَاضَتْ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِذِكْرِ الْمَهْدِيِّ وَأَنَّهُ مِنْ أَهْلِ بَيْتِهِ وَأَنَّهُ يَمْلُكُ سَبْعَ سِنِينَ وأنه يؤم الأَرْضَ عَدْلا وَأَنَّ عِيسَى يَخْرُجُ فَيُسَاعِدُهُ عَلَى قَتْلِ الدَّجَّالِ وَأَنَّهُ يَؤُمُّ هَذِهِ الأُمَّةَ وَيُصَلِّي عِيسَى خَلْفَهُ

“Elm əhlinin və hədis alimlərinin yanında Peyğəmbərdən (s) Məhdi (ə) haqqında nəql olunmuş hədislər mütəvatir  və mustəfizdir. Bu hədislərdə Peyğəmbər (s) Məhdi (ə) barəsində söz açmış və onun ailəsindən olduğu, yeddi il hökm edəcəyi və yer üzünü  ədalətlə dolduracağı bildirilməkdədir. Bu zaman Həzrəti İsa (ə) zühur edərək, Dəccalın öldürülməsin də, ona  kömək edəcək və onun arxasında namaz qılacaqdır”

İbn Qəyyim Cövzi bu sözləri  Əbu əl-Həsən əl-Əbridən nəql etdikdən sonra belə yazır:

وَالأَحَادِيثُ عَلَى خُرُوجِ الْمَهْدِيُّ أَصَحُّ إِسْنَادًا

“Mehdinin (ə) zühuru ilə bağlı hədislər isə daha səhihdir.”[9]

İbn Qəyyim Cövzinin bu əlavəsi  nəql etdiyi sözlərin düzgünlüyünə və onun yanında məqbul olmasına dəlildir.

On doqquzuncu əsrin Hindistanlı mütəfəkkirlərindən olan Məhəmməd Ənvər Şah “əl-Təsrih” kitabında görkəmli səhabə olan Cabir ibn Əbdullahdan belə bir hədisi nəql edir:

قال رسول الله صلى الله عليه وسلم:  من أنكر خروج المهدي فقد كفر بما أنزل على محمد صلى الله عليه وسلم،

Allah Rəsulu buyurdu:

“Kim Mehdinin zühurunu inkar edərsə, Məhəmmədə nazil olanı inkar etmişdir.”[10]

Bu mövzunun nəticəsi:

Sünni kitablarına əsasən də məhdəviyyət məsələsi dinin zərurətlərindəndir. Yəni, hər şeydən əvvəl o, Peyğəmbər (s) ailəsindəndir. İkincisi, adı Peyğəmbərin (s) adıdır. Üçüncüsü, Həzrət Fatimənin (s.ə) nəslindəndir. Dördüncüsü isə, zühur edib dünyanı islah edəcək. Deyilən üç şərti hər iki məzhəb qəbul edir və yalnız dördüncü şərt də, şiə məzhəbi ilə, digər məzhəblər arasında fikir ayrılığı vardır. Bu isə xüsusi Məhdəviyyətin mövzularındandır. İndi isə bu məsələyədə qısa olaraq toxunaq.

XÜSUSİ MƏHDƏVİYYƏT

Öncədən dediymiz kimi bütün islami məzhəblər Məhdəviyyət məsələsinin əslini qəbul etmişlər. Lakin fikir ayrılığı bu məsələdədir ki, Məhdi (ə) dünyaya gələcək yoxsa doğulmuşdur? Şiələr ilə digər məzhəblər arasında olan fikir ayrılığı da, buradan başlayır. Belə ki, şiələrin əqidəsinə əsasən Həzrəti Məhdi (s) dünyaya gəlmiş və ilahi göstərişə əsasən qeybə çəkilmişdir. Bu məsələni müzakirə etməzdən öncə üç vacib kitabı təqdim etmək yerinə düşərdi. Şiə mühədisləri İmam Mehdi haqqında üç müstəqil kitab yazmışdır. Muhəmməd ibn İbrahim Numani “əl-Qeybə”, Şeyx Səduq “Kəmaləddin və tamami neməh” və Şeyx Tusi “isbatul-qeybə”. Bu üç kitab bu sahədə yazılmış ən qədim kitablardır. Bu üç kitabdan əlavə Şeyx Kuleyni “Əl-Kafi” kitabında müstəqil bir fəsil açmış, İmam Məhdinin (ə) doğulması barəsində olan rəvayətləri  gətirmişdir.

Birincisi, İmam Mehdinin mövludu tarixi məsələdir. Yəni tarixdə baş vermiş bir məsələ barəsində  heç bir şübhə ola bilməz. Bəli baş vermiş tarixi hadisənin  təfərrüatlarında fikir ayrılığı ola bilər. Məsələn: Peyğəmbərin (s) doğum günü ilə bağlı tarixçilər arasında fikir ayrılığı olsa da, heç bir zaman Həzrəti Peyğəmbərin (s) dünyaya gəlməməsi barəsində şübhə olmamışdır.

Şəmsəddin Məhəmməd Zəhəbi “Əl-ibər fi xəbər min ğeyr” kitabında yazır:

وفيها محمد بن الحسن العسكري بن علي الهادي محمد الجواد بن علي الرضا بن موسى الكاظم بن جعفر الصادق العلوي الحسيني أبو القاسم. الذي تلقبه الرفضة: الخلف الحجة. وتلقبه بالمهدي وبالمنتظر. وتلقبه بصاحب الزمان، وهو خاتمة الاثنتي عشر..

“Bu ildə (265 h,q)[11] Məhəmməd ibn Həsən Əsgəri ibn Əli Cavad ibn Əli Rza ibn Musa Kazim ibn Cəfər Sadiq dünyaya gəlmişdir. Rafizilər onu xələfül-höccə, Məhdi, Müntəzər və Sahib əl-Zaman adlandırmışlar. O, on iki imamın sonuncusudur.”[12] 

İkincisi, Peyğəmbərin öz canişinləri ilə bağlı rəvayəti. Bu rəvayətə görə: Birincisi, onların sayı adları ilə bildirilmişdir. İkincisi isə, İlahi göstərişə əsasən  yer üzü heç vaxt onlardan boş qalmaz. Üçüncüsü onu tanımadan, ölən şəxsin, cahiliyyət dövründə ölməsi. Bunlar hər ikisi məzhəbin kitablarında qeyd olunan səhih hədislərdir.

Bu mövzunun nəticəsi:

İmam Mehdinin (ə) anadan olması və yuxarıdakı rəvayətlərdə sözü gedən şəxsin İmam Mehdi (ə) olması tam olaraq aydın bir məsələdir. Çünki bu rəvayətlər tək bir məsələni ifadə edir.

İmam Mehdinin (ə) mövludunu sübut etdikdən sonra, iki məsələ ortaya çıxır. Birincisi, İmam Mehdinin uzunömürlü olması, ikincisi isə, imamın yaşadığı yerin hara olması. Bəli, müstəqil müzakirə edilməli olan başqa məsələlər də var:  zühur əlamətləri, İmam Mehdinin (ə) hakimiyyəti, qeybin fəlsəfəsi və s. Lakin daha önəmli olan məsələ, İmamın uzunömürlü olmasıdır. Bir çoxları bu məsələyə görə, İmamın (ə) doğulmasını inkar etmiş və şiə məzhəbindən üz döndərmişdir.  Əsas cavab budur ki, Qurani-Kərimdə insanın uzunömürlü olması məsələsi mümkündür. Yəni, Allahın iradəsinə görə insan adi həyatdan daha çox yaşaya bilər. Buna misal olaraq Həzrəti Nuh (ə)  və Həzrəti  Yunis (ə) göstərmək olar. [13] İkincisi, İmam Mehdi (ə) Allahın izni ilə, bizim aramızda tanınmadan  bizimlə yaşayır.  Rəvayətlərə əsasən onun yaşadığı yer  Məkkə, Mədinə və bütün şəhərlər bildirilmişdir. Bu məqalə Məhdəviyyət məsələsini bütün İslami məzhəblər tərəfindən qəbul edilməsini bildirmək üçün yazılmışdır.

 

İlahiyyatçı Tural Salmanov

Təbriz / 1443 Şəban 15. 18.03.2022 ci il

yenivaxt.com

 

Məqalədə istifadə olunmuş mənbələrin elektron formaları:

  1. Sünəni Tirmizi: http://lib.efatwa.ir/42160/4/505
  2. Sünəni Əbu Davud: http://lib.efatwa.ir/42158/4/106
  3. Sünəni İbn Macə: http://lib.efatwa.ir/42157/2/1365
  4. İbn Həcər Əsqəlani - Təhzibut-təhzib: http://lib.eshia.ir/40341/9/144
  5. İbn Qəyyim Cövziyyə - əl-Mənaril-münif: http://lib.efatwa.ir/45503/1/143
  6. Məhəmməd Ənvər - Şah əl-Təsrih: http://lib.efatwa.ir/41286/1/242
  7. Şəmsəddin Zəhəbi - Əl-ibər fi xəbər min ğeyr: https://lib.eshia.ir/40040/1/381

 

 

 [1] Səff surəsinin 8-ci ayəsi

[2] Ənbiya surəsi, 105-ci ayə

[3] Sünəni Tirmizi  c 4 s 505

[4] Sünəni Əbu Davud c 4 s 106

[5] Sünəni İbn Macə  c 2 s 1365

[6] Mütəvatir xəbər- o hədislərə deyilir ki, onların nəql edən şəxslərin yalan danışmaqlarına və hədis saxtalaşdırmalarına ehtimal verilməsin. Onların verdikləri hər bir xəbər dinləyicinin yalnız doğru  məlumat əldə etmələrinə səbəb olur.

[7] Mustəfiz xəbər- o hədislərdə deyilir ki, ravilərin sayı birdən çoxdur lakin mütəvatir deyildir.

[8] Təhzibut-təhzib  c 9 s 144

[9] əl-Mənaril-münif  c 1 s 143

[10] əl-Təsrih  c 1 s 242

[11] Şiə alimlərinin qəbul etdiyi isə 225 dir.

[12] Əl-ibər fi xəbər min ğeyr  c 1 s 381

[13] Ənkəbut ayə 14 / Saffat ayə 142