Şairlər məqbərəsi
Şairlər məqbərəsi

Təbriz tarixən həqiqət yolçularının sığınacağı olmuşdur. Köhnə xiyabanların, binaların qəlbində yaşayan bu istilik hələdə soyumamışdır. Təbrizin hər yanı xatirələrlə doludur. Burda yaşayıb yaradan insanların bəziləri Azərbaycan əslli olmasalar da, hər biri nədənsə Təbrizdən keçərkən ona aşiq olmuş, ömürlərini bu şəhərdə başa vurmuşlar. Fani dünyadan köçməzdən öncə Təbrizdə dəfn edilmələrini vəsiyyət etmişlər. Vəfatından sonra yaradıcı insanları bir yerə toplayan məkanlardan biri də şüəra məqbərəsidir.
Şairlər məqbərəsi Təbrizin qədim Surxab məhəlləsində yerləşir. Surxab Təbrizin böyük və köhnə xiyabanlarından biridir. Bu xiyaban Eynalı dağın ətəyində yerləşib. Bu dağda deyilənlərə görə Həzrət Əlinin (ə) övladlarından olan Ovn ibn Əli (ə) dəfn olunub. Şairlər məqbərəsinin yanında yeddinci İmam Museyi Kazımın (ə) nəslindən olan Əbul Həsən Həmzə ibn Həsən ibn Muhəmmədin türbəsi yerləşir.
Tarixi kitablarda Məqbərət üş-şüəra (Şairlər məqbərəsi), “həzirətul-şüəra” (şairlər qəbiristanlıqı), “həzirətul-qüzat” (qazilər qəbiristanlıqı) və “Surxab qəbiristanlıqı” adları ilə xatırlanmaqdadır.
Məzarlığının adı XIII əsrə qədər məlum olan heç bir mənbədə çəkilmir. Səkkizinci əsrin ədiblərinin bioqrafiyasını yazan Məhəmməd Ovfi "Lübabül-əlbab” təzkirəsində Şairlər məqbərəsi barəsində heç bir məlumat yazmamışdır, baxmayaraq ki, Xaqani Şirvani (təq. 1120- 1199) kimi ədiblər orada dəfn olunmuşdur.
Məzarlıq haqqında ilk dəfə Həmdullah Qəzvininin "Nüzhətül-qülub" kitabında bəhs olunur. Təbriz Atabəylər dövlətinin paytaxtı olduqdan sonra, buraya bir çox şairlər pənah gətirir. Çünki onlar sakit, firavan həyat arzulayır, müharibələr, savaş meydanlarından uzaq məkanda yaşamaq istəyirdilər. Xaqani və Fələki Şirvanilər Şirvandan, Əbül-ula Gəncəvi Gəncədən, Zahirəddin Fəryabi Xorasandan gəlib Təbrizdə məskən salır, yazıb-yaradırlar. Ölümlərindən sonra isə onların dəfn olunduqları məzarlıq “Şairlər məqbərəsi” adlandırılıb. 1772-ci ildə Təbrizdə baş vermiş dəhşətli zəlzələ nəticəsində məqbərə çökmüş və məzarlıqlar viranə qalmışdır. Şairlər məqbərəsi 1970-ci ildə bərpa olunur və müasir görkəmini almışdır. XI əsrdə burada dəfn olunan ilk şair Əsədi Tusi (1072) sonuncu dəfn olunmuş, məşhur şair isə Məhəmmədhüseyn Şəhriyardır ki, (1906-1988) ci illərdə yaşamışdır. Ümumən Şairlər məqbərəsində 400-dən çox şair, arif və məşhur şəxslər dəfn olunmuşdur.
Tural Salmanov
20 Mart 2021 ci il
Təbriz şəhəri