Əli (ə) ilə beyət etməyən kimlər idi?

Deyilənlərə əsasən, Qədir-Xum günü heç kim beyətdən boyun qaçırmayıb. Çünki, Peyğəbər (s) özü orada idi və heç kim buna açıq-aşkar qarşı dura bilməzdi. Bəli, elə ilk öncə, Ömər, Əbu Bəkr və Osman bu beyətdə iştirak etdilər.

  Əli (ə) ilə beyət etməyən kimlər idi?

  Əli (ə) ilə beyət etməyən kimlər idi?

  Hicrətin 10-cu ili, Əziz İslam Peyğəmbəri (s) müsəlmanlarla birgə, Həcc ziyarətini yerinə yetirdilər. Bu ziyarət, Peyğəmbərimizin (s) sonuncu Həcc ziyarəti olduğu üçün o, " Həccət-ül Vida "-da adlanır[1].

  Bu səfərdə, Peyğəbərlə (s) birgə ziyarətdə iştirak edənlərin sayı 120 minə çatdığı bildirilir[2]. Həcc ziyarətindən geri qayıdarkən karvan, Qədir-Xum adlı məntəqəyə, yəni Məkkə və Mədinə arasında yerləşən Cofə yaxınlığındakı yerə çatdıqda Peyğəmbər (s) burada dayanmağa göstəriş verir. Peyğəmbər (s) Allah tərəfindən göndərilən əmrə əməl etməli və müsəlmanlara bunu çatdırmalı idi.

   " Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et! Əgər bunu etməsən, Allahın risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz! "[3]

  Bu ayə nazil olduqda, Peyğəmbər (s) də həmçinin onu insanlara söylədi. Bütün toplaşmış insanların hüzurunda, Hz. Əlinin (ə) əlindən tutaraq, hündür bir yerdə dayanmış halda, belə buyurdu: " Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır. Ey Allahım! Onu sevəni Sən də sev! Onunla düşmənçilik edənlə Sən də düşmən ol!"[4] Bununla O Həzrət (s) öhdəsində olan risaləti çatdırdı. Bununla belə, Peyğəmbərimiz (s) həyatı boyunca, Əlini (ə) özündən birbaşa sonra canişin olacağını dəfələrlə buyurmuşdu. Bu vəzifəni bir daha, hicrətin 10-cu ili zil-hiccə ayının 18-i, Allahın əmrini icra edərək, yerinə yetirdi.

  Peyğəmbərimiz (s) Qədir-Xum xütbəsini söyləyərkən "Səqəleyn" hədisini də buyurmuşdur:

 " Ey insanlar! Sizin aranızda çox qiymətli iki ağır əmanət qoyuram, əgər onları qoruyub saxlasanız və sevsəniz, heç vaxt azmayacaqsınız."

  Peyğəbərdən (s) tapşırdığı həmin " iki ağır əmanət"dən sual edildikdə, O Həzrət (s), belə buyurdu: " İlk ağır əmanət, Qurandır. İkinci ağır əmanət isə, ailəm, Əhli-Beytimdir (ə). Bu iki əmanət Kövsər hovuzunda mənə qovuşana kimi heç vaxt bir- birindən ayrılmayacaqlar."[5]

  Bu çağırışdan sonra, Ənsar və Qureyşin böyüklərindən sayılan səhabələr, Hz. Əliyə (ə) təbrik söyləyib, Onə (ə) "Əmir-ül Möminin" deyərək beyət etdilər.[6]

  Nəsillər boyunca bu hadisə daim nəql edilmiş, söylənilmiş, yüzlərcə səhabə və tabeindən indiki dövrümüzə kimi gəlib çatdırılmışdır. Beləki, 110 səhabədən nəql olunmuş bu hədis, "təvatür" hədis dərəcəsində qiymətləndirilmişdir.

Deyilənlərə əsasən, Qədir-Xum günü heç kim beyətdən boyun qaçırmayıb. Çünki, Peyğəbər (s) özü orada idi və heç kim buna açıq-aşkar qarşı dura bilməzdi. Bəli, elə ilk öncə, Ömər, Əbu Bəkr və Osman bu beyətdə iştirak etdilər. Lakin, hicrətin 35-ci ilində Hz. Əli (ə) xilafətə çatdıqda, bir neçə nəfər beyətdən imtina etdi. Onlardan : Abdullah ibn Ömər, Səd ibn Əbi Vəqqas, Əbu Musa Əşəri, Usamə ibn Zeyd, Muhəmməd ibn Muslə, Kəb ibn Suvər, Əbu Əyyub Zeyd, Zeyd ibn Sabit, Səhib ibn Sənan və b. olmaqla " Qaidin"[7] yəni "Oturanlar" -dan sayıldılar. Bu kəslər, nə Hz. Əliyə (ə), nə də Müaviyəyə beyət etmədilər. Lakin, Əli (ə) ilə düşmənçilik etdilər.

"Qədir-Xum" bayramı münasibətilə bütün müsəlmanları başda İmam Zaman (ə.f) olmaqla qəlbdən təbrik edir. Vilayət qapısından bir an belə ayrılmamağımızı Allahdan diləyirik!  

[1]  İbn Əbd-ül Birr, əl-İstiab, c.1, səh.44

[2] əş-Şəriful Mürtəza, Rəsail-ul Mürtəza, c.3, səh 20

[3] Maidə surəsi, ayə 67

[4]  İbn Əsir, İzzətdin, Əsəd-ül Ğabə, c.1, səh 364

[5]  Yəqubi, Əhməd, Tarixi-Yəqubi, c.2, səh.112

[6]  Muəmməd Baqir Məclisi, Bihar-ul Ənvar, c.37, səh 59

[7] Siyasi mövqedə susub dayananlar

Hazırladı : KatiB

yenivaxt.com