Qanli dönüş

Qanli dönüş

Qanli dönüş

Tarix boyu Azərbaycan torpaqlarında hegemonluq etmək arzuları ilə yaşayan Çar Rusiyası, 1828-ci il fevral ayının 10-da Sovet Rusiyası adı altında İran ilə imzalanan Türkmənçay müqaviləsi nəticəsində, bu arzusuna qismən də olsa çatmışdı. Lakin bu torpaqların əhalisinin müsəlman olması, digər tərəfdən isə Osmanlı imperiyası və İranla olan tarixi bağlılıqları onlar üçün potensial bir təhlükə sayılırdı. Rusiya imperiyası bu təhlükəni aradan qaldırmaq üçün yeganə çıxış yolunu, bu torpaqlarda öz müttəfiqini yaratmaqda görmüş və bununla da təməlini 1724-cü ildə 1-ci Pyotrun qoyduğu, erməni axınına start vermişdi. 1828-ci ildən etibarən dünyanın müxtəlif nöqtələrindən, on minlərlə erməni Azərbaycan torpaqlarında yerləşdirilməyə başladı. Zaman keçdikcə Azərbaycan ərazilərində məskunlaşdırılan ermənilər torpaq iddiası etməyə başlamışdılar. Bu iddialar Sovet Rusiyasının dönəmində daha şiddətli xarakter almış və Rusların mənfur planlarının üzərindəki pərdə yavaş-yavaş götürülürdü . Ardı arası kəsilməyən bu iddialar, böyük Ermənistan arzuları  və digər tərəfdən azərbaycanlıların və sonradan gəlmə ermənilərin sıx məskunlaşdıqları ərazilərdə zaman-zaman baş tutan çaxnaşmalar, hər bir azərbaycanlını narahat edir və öz ölkəsinin gələcək taleyi barəsində düşünməyə vadar edirdi.  1988-ci illərdə Ermənilərin, Rusların himayəsi altında Azərbaycanın bir çox ərazilərini mənimsəmək planı bir çox ictimai xadimlər və ziyalılar tərəfindən ifşa edilmiş və ölkə ərazisində həyəcan təbili çalınmışdı. Artıq vətəndaşlarımız İrəvanda təzyiqlərə məruz qalır və məcburi şəkildə, ata-baba torpaqlarından sürgün edilirdilər. Lakin hadisələrin daha qəliz məcra almasına səbəb, Qarabağdan gələn yeni xəbərlər idi. Yanvar ayının 9-da Ermənistan parlamenti Dağlıq Qarabağı öz büdcəsinə daxil etmək qərarını  verdi. Erməni parlamentinin bu addımı, artıq uzun illərdir ki, Rus və Ermənilərin birgə  hazırladığı planların son nöqtəsi idi və  bununla da Ermənistan parlamenti Azərbaycan torpaqlarını mənimsədiyini rəsmi şəkildə elan edirdi. Əlbəttə ki, bu addım azərbaycanlıları qəzəbləndirməyə bilməzdi. Artıq hər bir azərbaycanlı, vətənin üzərini qara buludların aldığını sezir və bu arzu olunmaz vəziyyətdən çıxış yolu axtarırdı. Lakin geriyə yol qalmamışdı. Xalq ya Sovet Rusiyasının və bədxah qonşuların xəyanətlərinə göz yummalı və tarixi torpaqlarının düşmən tərəfindən mənimsənilməsi müqabilində susmalı və yaxudda ki, qanı bahasına müstəqilliyini qazanaraq öz tarixi sərhədlərini təsbit etməli idi. 70 il komunizmin hakimiyyət sürdüyü o qorxulu dövrdə öz dini və irsi adət ənənələrinə sahib çıxan və mənəvi və irsi dəyərlərin qoruyub saxlayan bir xalqın seçimi isə aydın idi. Qanlı dönüş!
    Artıq Azərbaycan xalqı öz tarixi qərarını vermiş idi. Nəyin bahasına olursa olsun müstəqillik əldə olunmalıdır. Xalq 1990-cı il yanvar ayının 17-dən etibarən meydanlara axışmağa başladı. Meydanlarda və şəhərin giriş  və çıxışlarında barikadalar quruldu. Əli yalın olan xalqın Sovet qoşunlarının müqabilində bundan artıq tədbir tökmək qüdrəti yox idi. Bununla da xalq, öz qanlı tarixinin yazılacağı günün addım-addım yaxınlaşdığını və şərafətlə müstəqillik yolunda ölümə gedəcəklərini bəyan edir və qansız Sovet qoşunlarına əli yalın halda meydan oxuyurdu.
    Nəhayət, Qarbaçov və onun güc strukturları yanvarın 19-dan 20-nə keçən gecə  Bakıya qoşun yeritməyi qərarlaşdırdılar. Gecə yarı fövqaladə vəziyyət tətbiq olundu . Lakin şəhər sakinləri bundan xəbərsiz idilər, çünki axşam 19:30-da televiziya stansiyasının enerji bloku partladıldığından televiziya yayımı kəsilmişdi. Bu təxribatı çox güman ki, xüsusi xidmət orqanları təşkil etmişdilər.Nəticədə Bakılıların əksəriyyəti fövqaladə vəziyyət haqda yalnız səhər saat  05:30-da xəbər tuta bildilər. Lakin olan artıq olmuş və 20 yanvar gecəsi tarixə qanlı yazılarla yazılmışdı.    
    Gecə yarıdan cox keçməmiş, əsgərlər və tanklar şəhərə müxtəlif istiqamətlərdən daxil olmağa başladılar. Onlar barikada və maneələri rahatlıqla aşsalar da, qarşılarında azadlıq eşqi ilə yanıb tutuşan insanları gördülər. Bu insanlar şəhərin girişlərində əyləşmiş və qətiyyətlə tankların qarşısından çəkilməyəcəklərini bəyan edirdilər. Rus zabitinin nümayişçiləri razı salmaq cəhdləri də nəticəsiz qalmışdı. Xalq tankların Bakıya daxil olmasına  imkan verməyəcəklərini bildirir və qoşunlara geri dönərək bu torpaqları tərk etməsini söyləyirdi. Lakin birdən silahlar açıldı və tanklar dinc nümayişçilərə və maşınlara doğru atəş açmağa başladılar. Artıq qansız Sovet qoşunları sinələrini tanklara sipər etmiş dəstələrin üzərindən keçir və əhaliyə divan tutulurdu. Hətta iş o yerə gəlib çatmış idi ki, işıqlandırıcılarla şəhərin küçələri və ağaclar işıqlandırılır və gizlənmiş insanlar belə tapılaraq öldürülürdü. Bütün bu hadisələr ta sübh çağına qədər davam etdi. Bu qanlı hadisənin sonunda 131 nəfər dünyasını dəyişmiş, 4 nəfər itkin düşmüş, 744nəfər ağır yaralanmış, 400 nəfər isə həbs edilmişdi. Lakin, bununla belə Azərbaycan xalqı öz əzmini itirməyərək, bu hadisələrdən çox az bir müddət sonra, 1991-ci il 18 oktyabr tarixində öz müstəqilliyinə qovuşmağı və bu qanlı mübarizənin qalibləri olmağı bacardılar.
    Allahdan bu hadisələr zamanı dünyasını dəyişən bütün vətəndaşlarımıza rəhmət diləyirik.

 

İlahiyyatçı Ruslan Seyidov

http://yenivaxt.com