Bakı yenə selə təslim oldu - şəhər təsərrüfatı niyə mövsümə hazır deyil?

Bakı yenə selə təslim oldu - şəhər təsərrüfatı niyə mövsümə hazır deyil?

Bakı yenə selə təslim oldu - şəhər təsərrüfatı niyə mövsümə hazır deyil?

Payız yağışı paytaxtı iflic edir; qurumlar təbiət hadisəsi qarşısında acizdir...

Sentyabrın 28-də paytaxt Bakının bir sıra ərazilərinə qısamüddətli də olsa intensiv yağış yağdı. Nəticədə bəzi küçə və prospektləri su basıb, müəyyən gölməçələr yaranıb, yollarda toplanan yağış suları həm avtomobillərin, həm də piyadaların hərəkətini iflic edib, tıxac problemi yaşanıb. Bununla bağlı sosial şəbəkələrdə yayılan videolardan məlum olub ki, paytaxtın Binəqədi, Nizami rayonlarında, eləcə də Abşeron rayonunun Masazır, Ceyranbatan qəsəbələrində küçələrdə suyun toplanması insanların hərəkətini çətinləşdirib.

Bəs Bakı niyə payızın ilk ayındaca selə təslim oldu? Şəhər təsərrüfatı payıza hazır deyil, ya təbiət hadisəsi qarşısında acizik?

Mövzu ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Yeni Müsavat”a danışıb:

Maksimum çalışırıq ki, vətəndaşların suya olan tələbatını ödəyək - Anar  Cəbrayıllı - VİDEO - "İki sahil"

Anar Cəbrayıllı

“İlk öncə onu bildirim ki, ”Azərsu" ASC artıq avqust ayından qışa hazırlıqla bağlı kanalizasiya kollektrlərinin, xətlərinin, baxış quyularının yuyulması  və təmizlənməsi işlərini həyata keçirib. Çünki artıq bilirik ki, sentyabr ayında Abşeron üçün yağışlı mövsüm başlayır və buna hazır olmalıyıq".

Qurum rəsmisi payızın hələ ilk ayında Bakının selə təslim olması haqda isə qeyd edib:

“Ötən gün Bakının müxtəlif ərazilərinə düşən leysan xarakterli yağıntılar nəticəsində əsas su basma, su yığılma halları Binəqədi şosesində və Sabunçu dəmiryol  stansiyası ətrafında baş verdi. Digər ərazilərdə isə xətlərimiz həmin anda həm yağış sularını, həm də tullantı sularını eyni anda daşıya bildi. Yəni  həmin ərazilərə leysan xarakterli yağışlar düşən zaman bizim xətlər tam işlək vəziyyətdə idi. Yağış davam edən anlarda bizim həm kanalizasiya nasos stansiyalarımız, həm də xətlərimiz pik rejimdə çalışırdı. Həmçinin bir gün  əvvəldən hidrometeoroloji proqnozlar bürosundan hava şəraiti ilə bağlı məlumat aldığımızdan artıq axşamdan əməkdaşlarımız səfərbər olmuşdular. 

Leysan yağarkən Binəqədi şosesinə həmən xüsusi təzyiqyuyucu maşınlar, həm də əməkdaşlarımız cəlb olundu və qısa müddətdə su yığılmaları aradan qaldırıldı.

Sabunçu dəmiryol vağzalı stansiyası ətrafında isə iri diametrlik xəttimizdə yuma, təmizləmə işi apardıq ki,  ötürücülük qabiliyyəti tam təmin olunsun və yağış suları ilə tullantı sularını eyni  vaxtda daşıya bilsin.

Sadəcə, yağışın həcmi çox olduğu müddətdə yollarda su yığılmaları baş verdi. Lakin qeyd etdiyim kimi, bu da çox qısa bir müddətdə həll olundu".

Anar Cəbrayıllı qeyd edib ki, “Azərsu” ASC bütün qış aylarında da bu yağıntılardan sonra həmin xətlərin, kollektorların yuyulması işlərini həyata keçirəcək ki, növbəti yağışlı hava şəraitində problem yaşanmasın:

“Lakin qeyd etmək istəyirəm ki, bu gün istismar etdiyimiz əsas kollektorlar sovet dövründə, yəni ötən əsrin 70-80-ci illərində tikilib. Digərləri isə Bakı şəhərinin 2000-ci il perspektiv inkişafına, əhalinin və sənayenin gücünə hesablanaraq tikilib. Həmin dövrdən artıq 20 il vaxt keçib və Bakı kifayət qədər  inkişaf edib, şəhərin mərkəzində bir neçə həyət evlərinin yerində 18-20 mərtəbəli yeni hündürmərtəbəli binalar tikilib ki, bu da tullantı sularının həcminin artmasına səbəb olub. Yağış olmayan günlərdə həmin xətlərimiz demək olar ki, 75-80 faiz doluluq vəziyyətində olur. Az yağışlı günlərdə biz bunun öhdəsindən gələ bilirik, lakin leysan xarakterli yağışlar zamanı xətlər eyni zamanda həm yağış, həm də normal müəyyən hissəsini götürə bilmir. Lakin ”Azərsu" ASC maksimum vəziyyətdə çalışır ki, bu cür halların öhdəsindən gəlsin.

Ümumiyyətlə, dünya praktikasında yağış xətləri əksər yerlərdə ayrılmış halda fəaliyyət göstərir. Lakin Bakı şəhərində yalnız mərkəzdə kiçik bir ərazidə ayrıca yağış xətləri var. Digər ərazilərdə isə kanalizasiya kollektorları həm yağış, həm də tullantı sularını daşımaq funksiyasını yerinə yetirir, bu da xətlərin yüklənməsinə, nasos stansiyalarının pik rejimdə çalışmasına səbəb olur".

Xalidə GƏRAY,
Musavat.com

yenivaxt.com