Millətimizin keçmişi

Millətimizin keçmişi

Şübhəsiz ki, bəzi sözlər vardır ki, bəzən yazılışda iki formada işlənə bilər. Yəni söz və anlayışın özü-özlüyündə nə mənfi, nə də müsbət yükü vardır. Beləcə söz özü ilə mənfi və ya müsbət yük daşıdıqda müsbət və mənfi mənada olur. Məsələn: Qurani-kərimdə işlənən əimmə sözü bir dəfə “əmrimizlə hidayət edən imamlar”[1] bir dəfədə isə  “Cəhənnəmə çağıran imamlar”[2] kimi bildirilmişdir. Demək imam (öncül) sözü öndə duranla bir başqa əlaqəli bir məsələdir. Əgər öncül və imam ilahi dəyərlərə sahib olan biri olarsa, bu zaman bu kəlmə müsbət anlam daşıyır, əgər öncül və imam ilahi dəyərlərə sahib olmayan biridirsə, bu zaman mənfi məna daşımış olur. Dini və qeyri dini mətnlərdə bu kimi iki anlayış və sözlər çoxdur. İki mənanı özündən daşıyan kəlmələrdən olan “nəsəb” “həsəb”və  “əsəb” də bu qəbildən olan sözlərdir. Nəsəb sözü ərəb dilində qohumluq əlaqələri dilmizdə isə soy mənasındadır.  Həsəb kəlməsi ərəb dilində insanın fəxr edə biləcəyi ata və əcdadlarının  ləyaqət və şərəfi mənasındadır. Dilmizdə isə əsilzadəlik olaraq bildirilməkdədir. Əsəb isə öz yaxın adamlarının qeyrətini çəkmək deməkdir. Bəli bu üç kəlmə nəsəb, həsəb və əsəb keçmişdə yaşamış qəbilələrin əsas sütunlarından idi. Günümüzdədə dünyada qəbiləçilik, qövmiyyət, millilik müxtəlif formalarda özünü göstərməkdədir. Sosiologiya və siyasət ədəbiyyatında işlənən “etnosentrizm[3]” də bu anlamdadır.  Bəli, bəzi sosioloqlar  etnosentrizmi neqativ sosial hadisə hesab etmişlər. Məxsusən sovetlər dönəmində millətimizin ziyalı və fəallarına Pantürk və Panislam damğasını vuraraq həbs, sürgün və qətl etmişlər. Buna görə də bu anlamları sadəcə neqativ aspektdən qavramaq və izah etmək heç də düzgün deyildir. Dünyada baş verən hadisələrə mədəniyyətlərə öz millətinin gözü ilə bağmaq, öz milli maraqlarına sahib çıxmaq hər bir insanın daxilində olan bir meyldir. Bəli boş şüarlarla dolu olan, heç bir qurucu qüvvəyə malik olmayan sadəcə və sadəcə yersiz öyünməklərlə dolu olan etnosentrizliyin heç bir dəyər və qiyməti yoxdur. Bir nəfər Əli ibn Hüseyndən (ə) əsəbiyyət barəsində sual etdikdə İmam onun cavabında belə dedi:

“Məzəmmət və günah olan əsəbiyyət odur ki, öz millətinin pisini başqa bir xalqın yaxşı adamlarından üstün hesab edəsən. Amma öz millətinin adamlarını sevmək əsəbiyyət deyil. Mənfi olan əsəbiyyət öz millətinin digər millətlərə zülm etməsinə köməklik etməkdir”[4]

İmamın sözlərindən yaxşı başa düşülür ki, etnosentrizm bir millətin  rifah, yüksəlişinə və  rahatlığına  əsaslansa yaxşıdır. Amma bu yola başqa xalqlara təcavüz etməklə nail olmaq olmaz. Bu növ etnosentrizm siyasi və sosial ədəbiyyatda delegitimizasiya adlanır. Bunun həyata keçirilməsində məqsəd həmin etnosa qarşı öz etnosunda nifrət hissinin aşılanmasıdır. Etnik delegitimizasiyaya misal olaraq Amerikanın və avropanın aborigen əhaliyə qarşı bəslədikləri münasibəti, yaxud ermənilərin əsrlər boyu türklərə qarşı yürütdüyü genosid siyasəti qeyd etmək olar. Ona görə də hər bir xalq, xüsusən də millətimiz doğru yoldan sapmamalı və öz milli dəyərləri üçün hər hansı bir milləti aşılamamalı və öz millətinin maddi və mənəvi çəhətdən yüksəlişi üçün çalışmalıdır. Bunun üçün keçmiş tariximiz gənc nəsilə bəlli olmalıdır. Mədəniyyətimiz və milli dəyərlərimiz hansı dəyərlərə əsaslanır, hansı bulaqdan qidalanması tamami ilə aydın olmalıdır. Çünki keçmişə söykənmədən   gələcəy barəsində düşünmək və atdım atmaq olmaz.  Alimlərin biri yazır ki, Fransa universitetlərindən birininin giriş hissəsinə  qalın hərflərlə belə  yazılmışdır:

 “Keçmişi olan ancaq gələcəyi  qura bilər. Keçmişdən mirası olmayan bir ölkə yaşamaq üçün yararsızdır.”

Otuz illik həbs və məşəqqətdən sonra bir nömrəli Afrika mütəfəkkiri və siyasətçisi Nelson Mandela (1918-2013) hakimiyyətə gəldikdən sonra belə demişdir:

“Bağışlayırıq, amma unutmuruq.”

Onun döyüşünün əsas məqsədi xalqın iradəsinə əsaslanan dövlət qura bilmək üçün barışığa cəhd etmək idi. O, bağışlamağı zəruri hesab edir, amma unutmaq dəhşətli bir faciyə olaraq qiymətləndirirdi. Cəvahirləl Nehrunun sözü ilə desək “Keçmiş tarixindən xəbəri olmayan xalq keçmişinin səhvlərini mütləq təkrarlayacaqdır.”

Kiçik bir girişdən sonra bu yazının məqsədini əziz oxucuya bildirmək istərdik. Orta məktəbi bitirib, hərbi xidməti başa vurduqdan sonra, Azərbaycanın ayrılmaz bölgəsi olan Təbriz şəhərində yerləşən Əl-Mustafa beynəlxalq  universitetinə qəbul oldum. Demək olar ki, universitetə qədəm qoyandan, özümü doğma vətənimdə hiss etdim, niyədə olmasın ki, təbriz hər zaman öz isti qucağını onu sevənlər üçün açmışdır. Ərəb və fars dillərini nisbətən öyrəndikdən sonra daxilimdə olan tarix və ədəbiyyata maraq günü-gündən alovlanırdı. Bir tərəfdən tarix boyu doğma vətənimin başına gələn hadisələr, hər zaman məni narahat edir, digər tərəfdən isə uzun illər Sovetlər İttifaqının tərkibində olmuş Azərbaycan  öz tarixini, ədəbiyyatını, coğrafiyasını və böyük şəxsiyyətlərini müstəqil şəkildə araşdırmaqda çətinlik çəkmişdir.   Bu   məlumatları özündə əks etdirən mənbələr də qərəzli şəkildə sıradan çıxardılmışdır. Şükürlər olsun ki, müstəqillik əldə ediləndən   sonra   ölkəmizlə bağlı   olan   məlumatları   ortaya   çıxarmaq məqsədi ilə, həm ölkə daxilində, həm də xaricin də müxtəlif dillərdə yazılmış mənbələri araşdıraraq vətənimizə   aid   bütün   məlumatları üzə çıxarmağa cəhdlər   edilir .   Ərəb və fars   dillərini  dərindən öyrəndikdən   sonra öz ixtisasımla yanaşı  bu   mövzuları  araşdırmağa   xüsusi   səy göstərirdim.   Araşdırma əsnasında Azərbaycanla bağlı   rast   gəldiyim məlumatlar, xüsusi ilə xalqımızın   dahi   şəxsiyyətləri haqqında deyilən dəyərli fikirlər məndə   qürur   hissi   oyadırdı. Belə ki, ilk dəfə kitabxanada axtarış etdiyim zaman sizə təqdim edəcəyim kitabla rastlaşdım. İlk öncə  kitabın adı məndə öz təsirlərin qoymuşdur. Sanki illərlə itirdiyim dəyərli bir şeyi tapdım.  Kitabın adı “məfaxiri Azərbaycan” (Azərbaycan fəxriləri) idi. Bu kitabın müəllifi mərhum  Əbdürrəhman Əqiqi Bəxşeyişidir.

MÜƏLLIF İLƏ QISA TANIŞLIQ

Əbdürrəhman Əqiqi Bəxşeyişi 1941-ci ildə Təbriz şəhərinin 65 km şərqində Bəxşeyiş məntəqəsində əkinçi  ailəsində dünyaya gəlmişdir. Təbrizdə yerləşən Talibiyye mədrəsəsində[5] ibtidai dərsləri oxuduqdan sonra 1999-ci ildə Qum elmi şəhərinə mühacirət etmişdir. Məhəmməd Hüseyn Təbatabayi kimi dövrünün tanınmış alimlərdən dərs almışdır. Bir şiə ruhanisi, tərcüməçi, mühəqiq, müəllif və sözün əsl mənasında bir ziyalı kimi ömrünü cəmiyyətin maariflənməsi və rifahı yolunda kecirmişdir. Onun mədəni və elmi sahələrdə dəyərli işləri olmuşdur. Onlardan misal olaraq İmam Əli (ə) adına liseyin açılması, “Nuyid İslam Nəşirləri” mərkəzi, Bəxşeyiş kəndində 12 km uzunluğunda yol tikintisinin təmin edilməsi, Təbrizdə Abbasiyə məscidinin tikilməsi, və s kimi xeyriyyə işlərini görmüşdür. Əbdürrəhman Əqiqi ürək xəstəliyi səbəbindən 68 yaşında dünyadan köçmüşdür. Özündən sonra 150 dən çox elmi və dini əsər qoymuşdur. Əsərlərindən bəziləri bunlardır “məfaxir Azərbaycan”, “təbaqat müfəsirani şiə”, “nəzəri be incil və təlimat məsihiyyət” (incil və xristianlıq təlimlərinə bir baxış) “zamanımızın sosial problemləri”  “Ayətullah Fazil Lənkəranın həyatı” Qurani Kərim, Nəhcul Bəlağə və səhifeyyi-səccadiyyə kimi kitabların tərcümə və şərhi və başqa əsərlərini göstərmək olar.

MƏFAXIRI AZƏRBAYCAN KITABI ILƏ TANIŞLIQ

Məfaxir Azərbaycan kitabı Müəllifin müqqədiməsi ilə başlayır.

Kitabda 3001 nəfər Azərbaycanın fəxrlərinin tərcümeyi-halı beş cilddə tənzim olmuşdur. Müəllif kitabı 15 hissə və mövzuya bölmüşdür.

Bu mövzülar fəqihlər, müfəssirlər, ariflər, ədəbiyyatçılar, sənətkarlar, şairlər, mübarizlər, şəhidlər, xeyriyyəçilər, yeni nəzər sahibləri, yaradıcı şəxslər, idman, biznez, təhsil və tərbiyə sahələrinin nümayəndələrini əhatə edir.

Birinci cild fəqihlər və təfsirçilər haqqında

İkinci cild arif və filosoflar haqqında

Üçüncu cild şairlər, yazıçılar, ədiblər, xəttatlar,

Dördüncü cild xeyriyyəçilər, və şəhidlər haqqında

Beşinci cild isə yeni nəzər sahiblərinin həyat və yaradıcılıqları yer alır.

KITABIN MƏZMUNU

Müəllif kitabı islamın yaranma günündən yəni yedinci əsrdən ta öz zəmanına qədər olan Azərbaycan fəxrlərini on beş mövzü  altında yazmışdır. Buna görə də mövzuların rəngarəngliyini və müxtəlifliyini nəzərə alaraq, kitabın ümumi kolleksiyası özünəməxsus və  təzədir. Oxşar kitablarda az rast gəlinən cihad və şəhidlik, xeyriyyəçilik və idman və biznes kimi yeni adlar hər bir təqdidatçılar üçün yeni bir fəsl açan mövzulardır. Kitabın güclü tərəfi isə şərqi və qərbi Azərbaycanda o cümlədən tarixən Azərbaycanın tərkibində olmuş Azəri fəxrlərin kitabda qeyd olunmasıdır. Müəllif hec bir siyasi xadimdən məlumat verməmiş, şəxsiyyətlərdən təsirlənməmiş mənbələrin verdiyi məlumatlara əsasən fikir irəli sürmüşdür. Müəllifin Ərəb mənbələrinə olan əhatəsi öz növbəsində əsəri bir o qədrdə elmi cəhətdən möhkəmləndirmişdir. Bu kitabda qiymətli fotoşəkillər, tarixi abidələrin sixemləri verilməkdədir ki, buda öz növbəsində əsəri daha da mükəməl edir. Təbii olaraq hər bir əsər kimi bu kitabında öz növbəsində çatışmamazlıqları da vardır. Buna görədə bizim kimi gənc kadırların öhdəsinə düşür ki, belə qiymətli kitabları təkmil edərək Azərbaycan sevənlərə təqdim edək. Əsər yazılandan bəri bir necə dəfə çap olmuşdur. İnşallah bu qiymətli kitab dilimizə də tərcümə olunaraq əziz və dəyərli millətmizin xidmətində olar.

 

DECEMBER 21, 2019

 

[1] ənbiya/73

[2] Qəsəs/41

[3] insanın onu əhatə edən gerçəkliyi, özünün də aid olduğu və etalon kimi götürdüyü etnik birliyin mövqeyindən qiymətləndirməsi və qavraması meylidir.

[4] Şeyx Kuleyni əl-kafi iman və küfür bölməsi.

[5] Təbriz  bazarı və Came məscidinin  yanında yerləşən bu məktəb hicri 11-ci əsrin ikinci yarısında Hacı İshaq Təbrizinin oğlu Talib Xan tərəfindən tikilmişdir. Talibiyyə mədrəsəsi Təbrizin tarixi abidələrindən biridir. Məktəbin coğrafi mövqeyinə görə tarixən burada ətraf bölgələrdən təhsil almaq üçün gəlmişlər.  Tarix boyu çoxlu sayda din alimləri burada təhsil alıb dərs demişlər. Bu məktəbdə Seyid Kazım Şəriətmədari, Əllamə Əmini, Əllamə Təbatəbai, Əllamə Cəfəri, Mirzə Cavad Təbrizi, Cəfər Subhani və Qazi Təbatəbai kimi alimlər eyni zamanda Hüseyin Cavid kimi ədiblər dərs almışdır.

 

İlahiyyatçı Tural Salmanov

Yenivaxt.com