Neyləsin

Neyləsin

Ürəyin dərdini dil deyə bilməz,
Ürək yaralıdı  dil nə söyləsin? 
Dünyanın sirrini dil aça bilməz,
O gərək alışıb yansın, göynəsin. 
 
Qoynunda sirrini gizlədir dünya,
Bizi mətləblərə öyrədir dünya. 
Hər dildə bir yuxu söylədir dünya, 
Dünya qəribədi bəs dil neyləsin?

Yara vurma bilər-bilməz ürəyə,
O da öz dərdini söylər küləyə.
Külək də alqışlar deyər ürəyə,
Sanma ki, boş yerə göylər titrəsin !?.

Sirrini bu cürə qoruyur dünya,
Birinə dərd olur, birinə sevda.
Birinin gözündə hey gülür dünya, 
Birinin gözündə ağlar, neyləsin ?!.

Şair öz dərdini yazıb qocalır,
Elə bil dərdinə gülüb qocalır.
Ulduzlar səmada sönüb qocalır,
Ürək də dərdini bilib neyləsin?..


 Elsevər Məsimli

 Yenivaxt.com