ORUCUN HÖKMLƏRİ

ORUCUN HÖKMLƏRİ

ORUCUN HÖKMLƏRİ

Oruc insanın Allah-taalaya bəndəçilik edib Onun əmrini yerinə yetirmək məqsədilə sübh azanından məğrib azanına qədər, sonradan izah olunacağı kimi, səkkiz əməldən çəkinməsidir.

Niyyət

Məsələ 1530: İnsanın orucun niyyətini qəlbindən keçirməsi və ya məsələn, “sabah oruc tutacağam” deyərək niyyət etməsi şərt deyildir. Sadəcə olaraq Allah-taalaya bəndəçilik və Onun əmrinə itaət etmək üçün sübh azanından məğrib azanına qədər orucu pozan əməllərdən özünü qoruma qərarında olması kifayətdir. Bu müddət ərzində oruc olduğuna yəqin etmək üçün gərək sübh azanından bir az qabaq və məğrib azanından bir az sonraya qədər orucu batil edən işlərdən özünü saxlasın.
Məsələ 1531: İnsan Ramazan ayının hər gecəsində sabahkı orucunu niyyət edə bilər.
Məsələ 1532: Ramazan ayı orucunun ən son niyyət vaxtı anlayan şəxs üçün sübh azanı vaxtıdır. Yəni ehtiyat-vacibə görə hər nə qədər öz niyyətindən xəbərdar olmasa belə, sübh azanından qabaq batil edən işlərdən çəkinməklə yanaşı, oruca niyyət etmiş olmalıdır.
Məsələ 1533: Orucu batil edən işləri görməyən şəxs, məğrib azanına az bir vaxt qalmış olsa belə, günün hər hansı vaxtında müstəhəb bir oruc niyyət edərsə orucu səhihdir.
Məsələ 1534: Ramazan ayı orucunda və həmçinin müəyyən bir zamanı olan vacib orucda sübh azanından qabaq oruc üçün niyyət etmədən yatan bir şəxs əgər zöhrdən qabaq oyanıb niyyət edərsə orucu səhihdir. Amma zöhrdən sonra oyanarsa, ehtiyata əsasən “mütləq qürbət” niyyəti ilə günün qalanını orucu batil edən şeylərdən çəkinməli və o günün orucunu da qəza etməlidir.
Məsələ 1535: Qəza və ya kəffarə orucu tutmaq istəyən şəxs onu niyyətində müəyyən etməlidir. Məsələn, “qəza orucu və ya kəffarə orucunu tuturam” deyə niyyət etməlidir. Amma Ramazan ayında “Ramazan ayının orucunu tuturam” deyə niyyət etməsi lazım deyildir. Hətta Ramazan ayı olduğunu bilməsə və ya unudub başqa bir oruc niyyəti edərsə, onun orucu Ramazan ayının orucundan hesab edilir. Nəzir və bu kimi oruclarda nəzir qəsdi etmək lazım deyil.
Məsələ 1536: Əgər Ramazan ayının olduğunu bilsə və qəsdən Ramazan ayından qeyri bir orucun niyyətini etsə, qəsd etdiyi oruc hesaba alınmır və həmçinin Ramazan ayının orucu kimi də sayılmır. Əgər o qəsd qürbət (yəni Allaha yaxınlaşmaq) qəsdi ilə zidd olsa, hətta ziddiyyətli olmasa da, ehtiyata əsasən Ramazan ayının orucundan hesab olunmur.
Məsələ 1537: Əgər ayın birinci gününün niyyəti ilə oruc tutsa, sonra ayın ikinci, yaxud üçüncü günü olduğunu başa düşsə orucu səhihdir.
Məsələ 1538: Əgər sübh azanından əvvəl niyyət edib bihuş olsa və gün ərzində ayılsa, ehtiyat-vacibə əsasən o günün orucunu tamamlamalıdır. Əgər tamam etməsə, onun qəzasını yerinə yetirməlidir.
Məsələ 1539: Əgər sübh azanından qabaq niyyət edib sonra məst ola və həmin gün ərzində ayılarsa, vacib-ehtiyata əsasən o günün orucunu tamamlamalı və onun qəzasını da yerinə yetirməlidir.
Məsələ 1540: Əgər sübh azanından əvvəl niyyət edib yatsa və məğribdən sonra ayılsa orucu səhihdir.
Məsələ 1541: Ramazan ayı olduğunu bilməsə və ya unudarsa, belə ki, zöhrdən qabaq Ramazan ayı olduğunu bilərsə, əgər orucu batil edən bir iş görübsə orucu batildir. Amma məğrib azanına qədər orucu batil edən işlərdən çəkinməli və Ramazandan sonra da o günün orucunu qəza etməlidir. Ehtiyat-vacibə əsasən, əgər zöhrdən sonra da Ramazan olduğunu anlayarsa, rəcaən oruc niyyəti etməli və Ramazandan sonra qəzasını yerinə yetirməlidir. Amma zöhrdən əvvəl başa düşsə və orucu batil edən bir iş görməsə, gərək oruc niyyəti etsin. Belə olan halda orucu səhihdir.
Məsələ 1542: Əgər uşaq Ramazan ayında sübh azanından əvvəl həddi-büluğa çatsa, gərək oruc tutsun. Əgər azandan sonra həddi-büluğa çatsa, o günün orucu ona vacib deyil. Amma müstəhəb oruc tutmaq qəsdi etsə, ehtiyat-müstəhəbə əsasən bu təqdirdə o günün orucunu tamamlaması lazımdır.
Məsələ 1543: Ölən şəxsin orucunu tutmaq üçün əcir olan və ya boynunda kəffarə orucu olan şəxs müstəhəb bir oruc tutarsa eybi yoxdur. Amma boynunda Ramazan ayının qəza orucu olan şəxs müstəhəb oruc tuta bilməz. Əgər unudaraq müstəhəb oruc niyyəti edərsə və zöhrdən qabaq xatırlayarsa, müstəhəb orucu pozular, lakin niyyətini qəza orucuna çevirə bilər. Əgər zöhrdən sonra anlayarsa, ehtiyata əsasən orucu batildir. Əgər məğrib azanından sonra xatırlayarsa, orucu səhihdir.
Məsələ 1544: Əgər Ramazan ayının orucundan başqa, vaxtı müəyyən olan oruc insana vacib olsa, məsələn, müəyyən bir günü oruc tutmasına dair nəzir etmiş olsa, sübh azanına kimi qəsdən niyyət etməsə, orucu batildir. Əgər o günün orucunun vacib olmasını bilməsə, ya unutsa və zöhrdən əvvəl yadına düşsə, orucu batil edən bir iş görmədiyi halda niyyət etsə, orucu səhihdir. Əgər zöhrdən sonra yadına düşsə, Ramazan ayının orucunda deyilən ehtiyata riayət etməlidir.
Məsələ 1545: Əgər vacib olan, lakin günü müəyyən olmayan oruc üçün, məsələn, kəffarə orucu kimi, qəsdən zöhr yaxınlaşana qədər niyyət etməsə, eybi yoxdur. Hətta niyyətdən əvvəl oruc tutmamaq qərarına gəlsə, yaxud oruc tutub-tutmamaq barədə müəyyən qərara gəlməsə (tərəddüd etsə), belə ki, orucu batil edən işlərdən görməyibsə, zöhrdən əvvəl niyyət etdiyi halda orucu səhihdir.
Məsələ 1546: Əgər kafir Ramazan ayında zöhrdən əvvəl müsəlman olsa və sübh azanından o vaxta kimi orucu batil edən bir iş eyməyibsə, ehtiyat-vacibə əsasən gərək “mafi-zimmə” niyyəti ilə orucu tamamlasın. Əgər belə etməsə, gərək onun qəzasını yerinə yetirsin.
Məsələ 1547: Əgər xəstə olan şəxs Ramazan ayı günündə zöhrdən qabaq sağalsa və o vaxta qədər orucu batil edən bir şey etməmiş olarsa, ehtiyat-vacibə əsasən oruc üçün niyyət edib həmin günün orucunu tutmalıdır. Amma zöhrdən sonra sağalarsa, o günün orucu (həmin gün) ona vacib deyil, lakin sonradan qəzasın etməlidir.
Məsələ 1548: İnsanın Şəbanın son günü və ya Ramazanın əvvəl günü olduğunda şəkk etdiyi gün oruc tutması vacib deyil. Əgər oruc tutmaq istəsə, Ramazan ayı orucunun niyyətini edə bilməz. Amma “Ramazan ayı olduğu təqdirdə Ramazandan və Ramazan ayı olmadığı təqdirdə, qəza və bunun kimilərdən sayılsın” deyə niyyət edərsə, orucunun səhih olması uzaq nəzər deyil. Amma qəza və bu kimi oruc niyyəti etməsi daha yaxşıdır. Əgər sonradan Ramazan ayı olduğu məlum olarsa, Ramazandan hesab olunur. Əgər mütləq oruc niyyəti edərsə və sonradan Ramazan ayı olduğu məlum olarsa, yenə də kifayətdir.
Məsələ 1549: Şəbanın axırı, yaxud Ramazanın əvvəli olmasında şəkk etdiyi halda qəza, müstəhəb və bu kimi başqa oruc tutub, gün əsnasında Ramazan olduğunu başa düşsə, gərək Ramazan ayının orucunu niyyət
etsin.
Məsələ 1550: Əgər vaxtı müəyyən olan vacib bir orucda (Ramazan ayının orucu kimi) “orucumu batil edim, yoxsa etməyim” deyə tərəddüddə olsa və müəyyən qərara gələ bilməsə, yaxud orucunu batil etməsinə dair qəsd etsə, yenidən oruc qəsdi etməsə orucu batildir. Əgər yenidən oruc niyyəti etsə ehtiyat-vacib budur ki, o günün orucunu tamamlayıb sonradan da qəzasını tutsun.
Məsələ 1551: Müstəhəb olan və ya kəffarə orucu kimi vaxtı müəyyən olmayan vacib orucda, əgər orucu batil edən bir iş görməyi qəsd edərsə və ya belə bir işi görüb-görməmək xüsusunda tərəddüdə düşərsə, həmin işi görməsə və vacib orucda zöhrdən əvvələ qədər və müstəhəb orucda məğrib azanından əvvələ qədər təkrarən oruc üçün niyyət edərsə, orucu səhihdir.

Orucu batil edən şeylər

Məsələ 1552: Səkkiz şey orucu batil edir:
1. Yemək və içmək.
2. Cima.
3. İstimna. İstimna, yəni özü ilə məninin xaric olmasına səbəb olan bir iş görsə və ya başqası ilə cimadan geyri bir iş etməklə məni xaric etməsinə deyilir. Onun qadında gerçəkləşməsi isə 345-ci məsələdə qeyd olundu.
4. Ehtiyat-vacibə əsasən Allaha, Peyğəmbərə (səlləllahu ələyhi və alihi və səlləm) və Peyğəmbərin canişinlərinə (ələyhimus-salam) yalan isnad vermək (onların adından yalandan bir söz demək).
5. Ehtiyat-vacibə görə tozu boğaza yetişdirmək.
6. Sübh azanına kimi cənabət, heyz və nifas halında qalmaq.
7. Axıcı şeylərlə imalə etmək.
8. Qəsdən qusmaq.
Bunların hökmləri aşağıdakı məsələlərdə izah olunacaqdır.


1.
Yemək və içmək

Məsələ 1553: Əgər oruc tutan şəxs oruc tutduğunu bilə-bilə qəsdən bir şey yesə və ya içsə orucu batil olur, istər çörək və su kimi yeyilməsi adət olan şeylərdən olsun, istərsə də torpaq və ağac şirəsi kimi yeyilməsi adət olmayan şeylərdən olsun; istər az olsun, istərsə də çox, hətta diş fırçasını ağızdan çıxarıb yenə ağızına daxil etsə və onun rütubətini udsa, oruc batil olur. Amma fırçanın rütubəti «xarici rütubətdir» deyilməyəcək şəkildə ağızın suyunda aradan gedərsə, onu udmağın eybi yoxdur.
Məsələ 1554: Yeməyə məşğul olarkən sübh olduğunu bilsə, gərək ağzından tikəni çıxartsın, əgər qəsdən udsa, orucu batildir və sonradan deyiləcək göstərişə görə ona kəffarə də vacib olur.
Məsələ 1555: Əgər oruc tutan kəs bir şeyi səhvən yesə, ya içsə, orucu batil olmaz.
Məsələ 1556: İynə və sistem, hərçənd bədəni gücləndirmək üçün, yaxud sistem şəkərli və ya duzlu olsa belə orucu batil etmir. Həmçinin təngənəfəslik üçün istifadə olunan sprey də eynilə, əgər dərmanı təkcə ağ ciyərə daxil etsə, orucu batil etməz. Eləcə də gözə və ya qulağa dərman tökülməsi də orucu batil etməz, hətta onun dadı boğaza çatsa belə. Əgər dərmanı buruna töksələr və o, boğaza çatmasa orucu batil etmir.
Məsələ 1557: Əgər oruc tutan dişinin arasında qalan bir şeyi qəsdən udsa, orucu batil olar.
Məsələ 1558: Oruc tutmaq istəyən şəxsə azandan əvvəl dişlərini təmizləmək lazım deyil. Əgər dişlərinin arasında qalan yemək qırıntısının, gündüz boğazına gedəcəyini bilirsə, gərək təmizləsin.
Məsələ 1559: Ağız suyunu udmaq (hətta əgər turş və digər şeyləri xəyala gətirməklə ağıza yığılsa da), orucu batil etmir.
Məsələ 1560: Sinə və başdan gələn ağız boşluğuna çatmamış bəlğəmi udmağın eybi yoxdur. Amma ehtiyat-müstəhəb budur ki, ağız boşluğuna daxil olsa, onu udmasınlar.
Məsələ 1561: Əgər oruc tutan şəxs susayarsa və su içmədiyi təqdirdə, öləcəyindən və ya ona bir zərər dəyəcəyindən, ya da dözülməyən bir çətinliyə düşəcəyindən qorxarsa, bu işlərin qorxusunu aradan aparacaq qədər su içə bilər. Hətta ölüm və sair kimi qorxu olan yerlərdə içməsi vacibdir. Amma bu halda onun orucu batil olur. Əgər Ramazan ayıdırsa, ehtiyat-lazıma əsasən gərək ondan artıq içməsin və günün qalanında orucu batil edən işlərdən çəkinsin.
Məsələ 1562: Adətən yeməyin boğaza yetişməsinə səbəb olmayan uşaq və quş üçün yeyintini çeynəmək və ya yeməyin dadına baxmaq (təsadüfən boğaza yetişsə belə) orucu batil etməz. Əgər insan əvvəlcədən yeməyin boğaza çatacağını bilirsə, orucu batil olur və qəzasını tutması, həmçinin kəffarə də verməsi ona vacibdir.
Məsələ 1563: İnsan zəifliyi üzündən orucunu yeyə bilməz. Lakin onun zəifliyi adətən dözülməsi mümkün olmayacaq dərəcədədirsə, orucu yeməsinin eybi yoxdur.

2 .
Cima

Məsələ 1564: Cima orucu batil edir. Hətta əgər təkcə sünnət yeri miqdarında daxil olsa və məni gəlməsə belə.
Məsələ 1565: Əgər sünnət yerindən az miqdarı daxil olsa və məni gəlməsə, oruc batil olmaz. Amma sünnət yeri olmayan şəxsdə sünnət yerindən az miqdarı daxil olsa da, orucu batil olur.
Məsələ 1566: Əgər qəsdən cima etmək istəsə və sünnət yeri qədər daxil olub-olmadığında şəkk edərsə, bunun hökmü 1550-ci məsələyə müraciət etməklə aydın olar. Əgər batil edən bir iş etməyibsə, ona kəffarə vacib deyil.
Məsələ 1567: Əgər şəxs oruc olduğunu unudub yaxınlıq etsə, yaxud onu cima etməyə məcbur etsələr, belə ki, bu iş onun ixtiyarından kənar olduğu təqdirdə orucu batil olmaz. Amma cima halında yadına düşsə, yaxud məcburiyyət onun üzərindən götürülərsə, gərək dərhal cima halından çıxsın, əgər çıxmasa orucu batildir.

3 .
İstimna

Məsələ 1568: Əgər oruc tutan istimna etsə (istimnanın mənası 1552-cü məsələdə deyilib) orucu batil olar.
Məsələ 1569: Əgər insandan ixtiyarsız məni xaric olsa, orucu batil deyildir.
Məsələ 1570: Oruc tutan şəxs gündüz yatacağı təqdirdə mühtəlim olacağını (yəni yuxuda ondan məni gələcəyini) bilirsə, yatmamaqla əziyyətə düşməsə də, yatması caizdir. Əgər yataraq mühtəlim olarsa, orucu batil olmaz.
Məsələ 1571: Əgər oruc tutan məni xaric olarkən yuxudan ayılsa, məninin xaric olmasının qarşısını alması vacib deyildir.
Məsələ 1572: Oruc tutub möhtəlim olan şəxs bövl etmək vasitəsilə məninin qalanının məcradan xaric olacağını bilirsə belə, bövl edə bilər.
Məsələ 1573: Oruc tutan şəxs möhtəlim olsa və məninin kanalda qaldığını bilib qüsldən qabaq bövl etmədiyi təqdirdə qüsldən sonra məni gələcəksə, ehtiyat-müstəhəbə əsasən gərək qüsldən əvvəl bövl etsin.
Məsələ 1574: Məni xaricə çıxarmaq məqsədi ilə zarafat edən, yaxud özü ilə oynayan şəxsdən məni gəlməsə, yenidən oruc niyyəti etməsə orucu batildir. Əgər oruc niyyəti etsə, ehtiyat-lazıma əsasən o orucu tamamlayıb sonra qəzasını da tutmalıdır.
Məsələ 1575: Əgər oruc tutan şəxs məni çıxarmaq məqsədi olmadan, məsələn, öz qadını ilə mazaqlaşarsa, ya zarafatlaşsa, özündən məni gəlməyəcəyindən əmindirsə, təsadüfən ondan məni gəlsə belə, orucu səhihdir. Lakin məninin gəlməyəcəyindən əmin deyilsə, məni gəldiyi təqdirdə orucu batil olur.

4 .
Allahvə Peyğəmbərə (s) yalan isnad vermək

Məsələ 1576: Oruc tutan şəxs danışmaq, yazmaq, işarə etmək və buna bənzər hər hansı bir yolla Allaha, Peyğəmbərə (s) və on iki imamlardan (ə) birinə qəsdən yalan olan bir şeyi nisbət verərsə, hətta sonra dərhal “yalan dedim” deyərək tövbə etsə belə, ehtiyat-lazıma əsasən orucu batil olur. Həmçinin həzrət Zəhraya (s.ə), digər peyğəmbərlərə və onların vəsilərinə də yalan bir şeyi nisbət vermək ehtiyat-müstəhəbə əsasən eyni hökmü daşıyır.
Məsələ 1577: Əgər bir şəxs doğru və ya yalan olduğunu bilmədiyi və hüccət olmasına dəlili olmayan bir rəvayəti nəql etmək istəsə, ehtiyat-vacibə əsasən gərək o rəvayəti birbaşa Peyğəmbərə (s) və imamlara (ə) nisbət verməsin.
Məsələ 1578: Əgər bir şeyin düzlüyünə etiqad bəsləyərək Allahın və ya Peyğəmbərin (s) adından nəql etsə, sonra isə yalan olduğunu başa düşsə, orucu batil olmaz.
Məsələ 1579: Əgər bir şeyin yalan olduğunu bilərək onu Allaha və Peyğəmbərə nisbət versə və sonra dediyinin düzgün olduğunu başa düşsə, bu halda əgər bu işin orucu batil etdiyinə bilirmişsə ehtiyat-lazıma əsasən gərək orucu tamamlasın və qəzasını da yerinə yetirsin.
Məsələ 1580: Əgər başqasının uydurduğu yalanı qəsdən Allaha, Peyğəmbərə (s) və Peyğəmbərin canişinlərinə (ə) nisbət versə, ehtiyat-lazıma əsasən orucu batil olur. Amma o yalanı uyduran şəxsin dilindən nəql edərsə eybi yoxdur.
Məsələ 1581: Əgər oruc tutandan “Peyğəmbər (s) belə bir söz buyurmuşdurmu” deyə soruşsalar, “yox” əvəzinə qəsdən “bəli” desə, yaxud “bəli” əvəzinə qəsdən “yox” desə, ehtiyat-lazıma əsasən orucu batil olur.
Məsələ 1582: Əgər Allahın və Peyğəmbərin (s) adından düz sözü desə də, sonra “yalan demişəm” desə, ya gecə onlara bir yalanı isnad verib sabahkı gün oruc olub desə ki, “dünən gecə dediyim söz düzdür” ehtiyata əsasən orucu batil olur. Amma əgər məqsədi verdiyi xəbərin təfsilatını bəyan etmək olsa orucu batil olmur.

5 .
Tozu boğaza çatdırmaq

Məsələ 1583: Ehtiyat-vacibə əsasən qatı tozu boğaza çatdırmaq orucu batil edir. İstər un kimi yeyilməsi halal olan bir şeyin tozu olsun, istərsə də torpaq kimi yeyilməsi haram olan şeyin tozu olsun.
Məsələ 1584: Qatı olmayan tozu boğaza çatdırmaq orucu batil etmir.
Məsələ 1585: Əgər külək vasitəsilə qatı toz əmələ gəlsə, insan bundan bildiyi və bacardığı halda qorunmasa və həmin toz boğaza yetişsə, ehtiyat-vacibə əsasən orucu batil olar.
Məsələ 1586: Ehtiyat-vacib budur ki, oruc tutan siqaret, tənbəki tüstüsünü və bu kimi şeyləri boğaza çatdırmasın.
Məsələ 1587: Əgər diqqətsizlik səbəbindən toz, tüstü və bu kimi şeylər oruc tutanın boğazına yetişərsə, boğazına yetişməyəcəyinə yəqin və ya xatircəmliyi olmuşdursa, orucu səhihdir. Amma boğazına yetişməyəcəyini güman edilsə, o günün orucunu qəza etməsi daha yaxşıdır.
Məsələ 1588: Əgər oruc olduğunu unudub diqqətsizlik edərsə və ya özündən asılı olmayaraq toz və bu kimi şeylər onun boğazına çatarsa, orucu batil olmaz.
Məsələ 1589: Başın hər yerini bütünlüklə suya salmaq orucu batil etmir, lakin şiddətli kərahəti var.

6 .
Sübh azanına qədər cənabət, heyz və nifas
halında qalmaq

Məsələ 1590: Əgər cünub olan şəxs Ramazan ayında qəsdən sübh azanına qədər qüsl etməsə və ya vəzifəsi təyəmmüm olan halda qəsdən təyəmmüm etməzsə, gərək o günün orucunu tamamlasın, başqa bir günü də oruc tutsun. Həmin günün də qəza, yaxud üqubət (cəza) orucu olması məlum olmadığından həm o günün orucunu Ramazan ayından, həm də o günün yerinə tutacaq orucu mafi-zimmə qəsdi ilə tutmalı, qəza niyyəti də etməməlidir.
Məsələ 1591: Ramazan ayının orucunun qəzasını tutmaq istəyən kəs sübh azanına qədər qəsdən cünub halda qalsa o günü oruc tuta bilməz. Əgər qəsdən olmasa, o gün oruc tuta bilər, baxmayaraq ki, ehtiyat onu tərk etməkdədir.
Məsələ 1592: Ramazan ayı orucu və onun qəzasından başqa, digər vacib və müstəhəb orucda cünub insan qəsdən sübh azanına qədər cənabətli qalsa, o günü oruc tuta bilər.
Məsələ 1593: Ramazan ayı gecəsində cünub olan şəxs qəsdən vaxt daralıncaya qədər qüsl etməzsə, gərək təyəmmüm edib oruc tutsun və orucu səhihdir.
Məsələ 1594: Əgər cünub Ramazan ayında qüslünü unutsa və bir gündən sonra yadına düşsə, gərək o günün orucunun qəzasını tutsun. Əgər bir neçə gündən sonra yadına düşsə, cünub olduğunu yəqin bildiyi bütün günlər üçün qəza etməlidir. Məsələn, üç, ya dörd gün cünub olmasını bilməsə, gərək üç günün orucunu qəza etsin.
Məsələ 1595: Ramazan ayı gecəsində qüsl və təyəmmümdən heç biri üçün vaxtı olmayan şəxs özünü cünub edərsə, orucu batildir, qəza və kəffarə də ona vacibdir.
Məsələ 1596: Əgər qüsl üçün vaxt olmadığını bildiyi halda özünü cünub etsə, yaxud vaxt ola-ola qəsdən vaxt daralıncaya qədər qüslü təxirə salsa, günahkar olmasına baxmayaraq təyəmmüm etsə, orucu səhihdir.
Məsələ 1597: Ramazan ayı gecəsində cünub olan şəxs yatdığı təqdirdə sübhə qədər oyana bilməyəcəyini bilərsə, ehtiyat-vacibə görə qüsl
etmədən yatmamalıdır. Əgər qüsl etməzdən qabaq ixtiyari olaraq yatsa və sübhə qədər oyanmasa, o günün orucunu tamamlamalıdır, qəza və kəffarə də ona vacib olur.
Məsələ 1598: Cünub olan bir şəxs Ramazan ayı gecəsində yatıb sonra oyanarsa, əgər yenidən yatdığı təqdirdə sübh azanından qabaq oyanacağına ehtimal versə yata bilər.
Məsələ 1599: Ramazan ayı gecəsində cünub olan şəxs yatdığı təqdirdə sübh azanından qabaq oyanacağına yəqini olsa, yaxud əmin olarsa, əgər oyandıqdan sonra qüsl etmə qərarında olub bu qərarla yatarsa və sübhə qədər yuxudan ayılmazsa orucu səhihdir.
Məsələ 1600: Ramazan ayı gecəsində cünub olan və yatacağı təqdirdə sübh azanından qabaq oyanacağına əmin olmayan şəxs oyandıqdan sonra qüsl etməli olduğundan qəflətdə olub yatarsa və sübh azanına qədər oyanmazsa, ehtiyata əsasən o orucun qəzası ona vacib olur.
Məsələ 1601: Ramazan ayı gecəsində cünub olan yatarsa, sübh azanından qabaq oyanacağına əmin olan və ya ehtimal verən şəxs, oyanacağından sonra qüsl etmək istəməzsə, əgər yatıb oyanmazsa, o günün orucunu tamamlamalıdır, qəza etməsi və kəffarə də verməsi lazımdır. Oyanacağından sonra qüsl edib-etməmək barəsində tərəddüdü olduğu təqdirdə də ehtiyat-lazıma əsasən eyni hökmü daşıyır.
Məsələ 1602: Cünub olan şəxs Ramazan ayı gecəsində (bir dəfə) yatıb-oyandıqdan sonra ikinci dəfə yatacağı təqdirdə sübh azanından qabaq oyanacağına əmin olarsa və ya ehtimal verərsə, habelə, oyandıqdan sonra qüsl etmək qərarında olarsa, belə ki, yenidən yatsa və sübh azanına qədər oyanmasa, o günün orucunu qəza etməlidir. Əgər ikinci yuxudan oyandıqdan sonra üçüncü dəfə yatıb sübh azanına qədər oyanmazsa, o günün orucunu qəza etməlidir və ehtiyat-müstəhəb budur ki, kəffarə də versin.
Məsələ 1603: İnsanın möhtəlim olması baş verən yuxu, birinci yuxu hesab olunur. Buna əsasən əgər oyandıqdan sonra yenidən yatsa və sübh azanına qədər oyanmasa, əvvəlki məsələdə deyildiyi kimi gərək o günün orucunu qəza etsin.
Məsələ 1604: Əgər oruc tutan gündüz möhtəlim olsa, dərhal qüsl etməsi vacib deyil.
Məsələ 1605: Ramazan ayında sübh azanından sonra oyanıb möhtəlim olduğunu görərsə, azandan qabaq möhtəlim olduğunu anlasa da, orucu səhihdir.
Məsələ 1606: Ramazan ayının orucunun qəzasını tutmaq istəyən şəxs sübh azanından sonra oyanıb möhtəlim olduğunu görərsə və sübh azanından qabaq möhtəlim olduğunu anlayarsa, o günü Ramazan ayı orucunun qəzası niyyəti ilə oruc tuta bilər.
Məsələ 1607: Əgər qadın sübh azanından əvvəl heyz, yaxud nifasdan pak olsa və qəsdən qüsl etməsə və ya vəzifəsi təyəmmüm olduğu halda təyəmmüm etməsə, gərək o günün orucunu tamamlasın, qəzasını da tutsun. Ramazan ayının qəzasında da qəsdən qüsl və ya təyəmmüm etməsə, ehtiyat-vacibə görə o günü oruc tuta bilməz.
Məsələ 1608: Ramazan ayı gecəsində heyz və ya nifasdan pak olsa, vaxt daralıncaya qədər qəsdən qüsl etməsə, gərək təyəmmüm etsin, (bu halda) o günün orucu səhihdir.
Məsələ 1609: Əgər qadın sübh azanından əvvəl Ramazan ayında heyz, yaxud nifasdan pak olsa və qüsl etməyə vaxtı olmasa, gərək təyəmmüm etsin, amma sübh azanına kimi oyaq qalmaq lazım deyil. Vəzifəsi təyəmmüm olan cünubun da hökmü eynidir.
Məsələ 1610: Əgər qadın Ramazan ayında sübh azanına yaxın heyz və nifas qanından pak olsa, qüsl və təyəmmümdən heç biri üçün vaxtı olmazsa, orucu səhihdir.
Məsələ 1611: Əgər qadın sübh azanından sonra heyz və nifas qanından pak olsa, yaxud gün arasında heyz və ya nifas qanı görsə, axşama yaxın olsa da orucu batildir.
Məsələ 1612: Əgər qadın heyz, yaxud nifas qüslünü unutsa, bir, ya bir neçə gündən sonra yadına düşsə, tutduğu oruclar səhihdir.
Məsələ 1613: Əgər qadın Ramazan ayında sübh azanından qabaq heyz və ya nifas qanından pak olsa və qüsl etməkdə səhlənkarlıq edib sübh azanına qədər qüsl etməzsə və vaxt daraldığı zaman təyəmmüm də etməzsə, o günün orucunu tamamlamalı, qəzasını da etməlidir. Amma səhlənkarlıq etməzsə, məsələn, qadınlar hamamının açılmasını gözləyərsə, üç dəfə yatıb azana qədər qüsl etməsə belə, təyəmmüm etməkdə də səhlənkarlıq etməzsə, orucu səhihdir.
Məsələ 1614: Kəsirə istihazəli olan qadın hərçənd boynuna vacib olan qüslləri istihazə hökmlərinə, 393-cü məsələdə deyildiyi şəkildə əməl etməsə də, orucu səhihdir. Həmçinin mütəvəssitə istihazəli qadın qüsl etməsə belə, orucu səhihdir.
Məsələ 1615: Məssi-meyit edən şəxs, yəni bədəninin bir yerini meyitin bədəninə toxunduran məssi-meyyit qüslü etmədən oruc tuta bilər. Əgər oruc halında meyitə məss etsə də orucu batil olmaz.

7 .
İmalə etmək (klizma)

Məsələ 1616: Axıcı şeylə imalə etmək çarəsizlik və müalicə üzündən də olsa, orucu batil edir.

8 .
Qusmaq

Məsələ 1617: Əgər oruc tutan şəxs qəsdən qussa, hətta xəstəlik və s. səbəb üzündən qusmağa naçar olsa, orucu batildir. Amma səhvən, yaxud ixtiyarsız olaraq qussa, eybi yoxdur.
Məsələ 1618: Əgər gündüz qusacağına səbəb olmasını bildiyi bir şeyi gecə yeyərsə, orucu səhihdir.
Məsələ 1619: Əgər oruc tutan qusmasının qarşısını alacağı təqdirdə vəziyyəti dəyişib öz normal halından çıxarsa, qarşısını alması lazım deyil.
Məsələ 1620: Oruc tutan şəxsin boğazına milçək düşərsə, əgər onun qarnına getməyi yemək deyilməyəcək qədər boğazdan aşağı enmişsə, onu xaricə çıxarmaq lazım deyil və orucu da səhihdir. Əgər bu qədər aşağı getməmişsə, qusmaq da lazımsa, onu xaricə çıxarmalıdır. Əgər qusmanın ona zərəri və ya artıq məşəqqəti olsa, xaricə çıxarması lazım deyil. Bu halda əgər onu qusaraq çıxarmazsa və udarsa orucu batil olur. Əgər onu qusaraq çıxarsa da orucu batil olur.
Məsələ 1621: Əgər oruc tutan səhvən bir şeyi udsa və mədəsinə çatmamışdan əvvəl oruc olduğunu yadına salsa, onu mədəsinə daxil edəcəyi təqdirdə artıq yeyilmək adlanmayacaq qədər aşağı enmişsə, onu bayıra çıxarması lazım deyil və orucu da səhihdir.
Məsələ 1622: Əgər gəyirməklə bir şeyin boğazından çıxacağına yəqin etsə, bu, qusmaq adlanacaq tərzdədirsə, gərək qəsdən gəyirməsin, amma əgər yəqini olmasa, eybi yoxdur.
Məsələ 1623: Əgər oruc tutan şəxs gəyirdiyi zaman boğazına və ya ağzına bir şey gələrsə, onu çölə tökməlidir. Əgər ixtiyarsız udarsa, orucu səhihdir.

Orucu batil edən əməllərin hökmləri

Məsələ 1624: Əgər insan qəsdən və ixtiyari olaraq orucu batil edən bir iş görərsə, orucu batildir. Əgər qəsdən olmasa, eybi yoxdur. Amma cünub olan şəxs 1602-ci məsələdə deyildiyi kimi yatıb sübh azanına qədər qüsl etməsə, orucu batil olar. Amma insan orucu batil edən şeylərdən bəzisinin orucu batil etdiyini bilməzsə, bu bilməməzlikdə səhlənkarlıq etməzsə və bu barədə bir şübhəsi də olmasa, ya da şəri bir dəlilə istinadı olub o işi edərsə, yemək, içmək və cimadan başqa şeylərdə orucu batil olmaz.
Məsələ 1625: Əgər oruc tutan səhvən orucu batil edən işlərdən birini etsə və belə xəyal etsə ki, orucu batil olub və qəsdən ikinci dəfə o işlərdən etsə, keçən məsələdəki hökm ona da aid olur.
Məsələ 1626: Əgər oruc tutan şəxsin boğazına zorla bir şey töksələr, orucu batil olmaz. Amma onu orucunu yemək, içmək və ya cima ilə pozmağa məcbur etsələr, məsələn, əgər ona “yemək yemədiyin təqdirdə, malına və canına zərər verəcəyik” desələr, o da zərərin qarşısını almaq üçün bir şey yeyərsə, orucu batil olar. Bu üç şeydən başqalarında da ehtiyat-vacibə görə batil olur.
Məsələ 1627: Oruc tutan kiminsə bir şeyi onun boğazına tökəcəyini və ya özünün orucunu batil edəcəyinə məcbur olunacağını bildiyi yerə gərək getməsin. Əgər getsə və çarəsizlik üzündən orucu batil edən işlərdən etsə, onun orucu batil olar. Əgər boğazına zorla bir şey tökərlərsə, ehtiyat-lazıma əsasən, eyni hökmü daşıyır.

Oruc tutana məkruh olan əməllər

Məsələ 1628: Bir neçə şey oruc tutan üçün məkruhdur. Bunlar aşağıdakılardır:
1. Gözə dərman tökmək, sürmə çəkmək (əgər dadı, iyi boğaza çatarsa).
2. Zəifliyə səbəb olan iş görmək (qan almaq, hamama getmək kimi).
3. Buruna dərman tökmək, əgər boğazına çatmasını bilməsə; və əgər boğaza çatacağını bilsə, icazəli deyildir.
4. Ətirli bitkiləri iyləmək.
5. Qadının suda oturması.
6. Fitil işlətmək.
7. Bədəndəki paltarı islatmaq.
8. Diş çəkdirmək və ağızdan qan gəlməyə səbəb olan hər hansı bir işi görmək.
9. Yaş çöplə dişləri təmizləmək.
10. Lüzumsuz olaraq ağıza su, ya bu kimi maye almaq.
Həmçinin məkruhdur ki, insan məni gəlməsi məqsədi olmadan öz arvadını öpsün, ya şəhvətini qaldıran hər hansı bir iş görsün.

Qəza və kəffarə vacib olan yerlər

Məsələ 1629: Əgər bir şəxs Ramazan ayı orucunu yemək, içmək, cima, istimna və ya (sübh azanına qədər) cünub qalması ilə batil edərsə, bunu öz ixtiyarı və iradəsi ilə qəsdən edib məcburiyyət və çarəsizlik üzündən olmasa, qəzadan əlavə kəffarə də ona vacib olur. Ehtiyat-müstəhəb budur ki, bu söylənənlərdən qeyrisi ilə batil edərsə, qəzadan əlavə olaraq kəffarə də verməlidir.
Məsələ 1630: Əgər bir şəxs bu söylənənlərdən birini, onun orucu pozmadığına qəti olaraq etiqadı olduğu halda edərsə, ona kəffarə vacib olmaz. Həmçinin həddi-büluğun əvvəllərində olan uşaqlar kimi, orucun onlara vacib olduğunu bilməyənlərin də hökmü eynidir.

Orucun kəffarəsi

Məsələ 1631: Ramazan ayında orucu yediyinə görə kəffarəsi boynuna vacib olan şəxs, ya bir qul azad etməli və ya sonrakı məsələdə söylənəcək göstərişə əsasən, iki ay oruc tutmalı, yaxud altmış fəqiri doyuzdurmalı, ya da hər birisinə bir müdd (təqribən 750 qram) təam, yəni buğda, arpa, çörək və bu kimi şey verməlidir. Əgər bunlar onun üçün mümkün olmasa, mümkün olduğu qədər sədəqə verməli, bu da mümkün olmasa, istiğfar etməlidir. Amma ehtiyat-vacibə əsasən hər vaxt imkanı olsa, kəffarəni ödəməlidir.
Məsələ 1632: Ramazan ayının iki ay kəffarəsini tutmaq istəyən şəxs gərək bir ayı bütün və sonrakı ayın bir gününü ardıcıl tutsun. Əgər onun davamı ardıcıl olmasa, eybi yoxdur.
Məsələ 1633: İki ay Ramazan ayının kəffarəsini tutmaq istəyən bir şəxs, ardıcıl tutmalı olduğu otuz bir günün ərzində Qurban bayramı kimi, oruc tutulması haram olan bir günün olacağı zamanda kəffarə orucunu tutmağa başlamamalıdır.
Məsələ 1634: Ardıcıl olaraq oruc tutmalı olan bir şəxs onların arasında üzrsüz olaraq bir gün oruc tutmazsa, orucları yenidən ardıcıl
tutmalıdır.
Məsələ 1635: Əgər ardıcıl olaraq oruc tutmalı olduğu günlər arasında heyz, nifas və ya məcburi səfərə çıxmaq kimi qeyri-ixtiyari bir üzrlə qarşılaşarsa, o üzrün aradan qalxmasından sonra orucları yenidən tutması vacib deyil. Üzrün aradan qalxmasından sonra orucların qalanını yerinə yetirər.
Məsələ 1636: Əgər orucunu haram şeylə batil edibsə, istər o şey şərab və zina kimi əslində (zatən) haram olsun, istərsə də insana külli zərər yetirən halal xörəyi yemək və ya öz əyalı ilə heyz halında yaxınlıq etmək kimi müəyyən bir səbəb üzündən haram olsun, bir kəffarə kifayətdir. Amma ehtiyat-müstəhəb budur ki, cəm kəffarəsi versin. Yəni bir qul azad etsin, iki ay oruc tutsun və altmış fəqiri doydursun. Yaxud onların hər birinə bir müdd miqdarında buğda, arpa, çörək və bu kimi şeylər versin. Əgər hər üçü ona mümkün olmasa, onların hər hansı biri mümkündürsə, onu da yerinə yetirsin.
Məsələ 1637: Əgər oruc tutan Allaha və Peyğəmbərə (s) qəsdən yalan nisbət versə kəffarəsi yoxdur, amma ehtiyat-müstəhəb budur ki, kəffarə versin.
Məsələ 1638: Əgər oruc tutan Ramazan ayının bir günündə bir neçə dəfə yeyib içə və ya cima, yaxud istimna etsə, onların hamısı üçün bir kəffarə vacibdir.
Məsələ 1639: Əgər oruc tutan cima və istimnadan başqa, orucu batil edən işlərdən birini görsə, sonra isə öz halalı ilə yaxınlıq etsə, hər ikisi üçün bir kəffarə kifayətdir.
Məsələ 1640: Əgər oruc tutan orucu batil edən halal işlərdən birini görsə, məsələn su içə və sonra orucu batil edən haram bir işi görsə, məsələn, haram yemək yesə, (hər ikisi üçün) bir kəffarə kifayətdir.
Məsələ 1641: Əgər oruc tutan şəxs gəyirmək vasitəsilə ağzına gələn bir şeyi qəsdən udarsa, ehtiyat-vacibə görə orucu batil olur. Onun qəzasını tutacağı kimi, kəffarə də ona vacib olur. Əgər o şey yeyilməsi haram olan bir şeydirsə, məsələn, gəyirdiyi zaman ağzına qan və ya yemək halından çıxmış bir yemək maddəsi gələrsə və onu udarsa, yaxşı olar ki, cəm kəffarəsi versin.
Məsələ 1642: Müəyyən bir gündə oruc olacağını nəzir etsə, əgər o günün orucunu qəsdən batil etsə, gərək kəffarə versin. Bu kəffarə nəzrin pozması kəffarəsində izah olunacaq.
Məsələ 1643: Əgər oruc tutan sözünə əmin olmadığı bir şəxsin «iftar oldu» deməsi ilə orucunu yeyərsə, sonra da iftar olmadığını bilərsə və ya iftar olub-olmadığında şəkk edərsə, qəza və kəffarə ona vacib olur. Əgər onun sözünün höccət olmasına etiqadı varmışsa yalnız qəza etməsi
lazımdır.
Məsələ 1644: Qəsdən orucunu batil edən şəxs, zöhrdən sonra səfərə çıxsa, yaxud kəffarədən boyun qaçırmaq üçün zöhrdən əvvəl səfərə çıxsa, onun boynundan kəffarə götürülmür, hətta əgər günortadan əvvəl bir müsafirət onun qarşısına çıxsa, ona kəffarə yenə də vacibdir.
Məsələ 1645: Oruc tutan şəxs qəsdən orucunu pozduqdan sonra heyz, nifas və ya xəstəlik kimi bir üzrlə qarşılaşarsa, ehtiyat-müstəhəb budur ki, kəffarə versin, xüsüsilə dərman vasitəsilə heyz, yaxud xəstəliyi icad etmiş olarsa.
Məsələ 1646: Əgər Ramazan ayının birinci günü olduğunu yəqin edib qəsdən orucunu batil etsə, sonra Şəbanın son günü olması məlum olsa, ona kəffarə vacib deyildir.
Məsələ 1647: Əgər insan Ramazanın son günü və ya Şəvval ayının əvvəl günü olduğunda şəkk etdiyi halda, qəsdən orucunu pozarsa, sonradan Şəvvalın əvvəl günü olduğu məlum olarsa, ona kəffarə vacib deyil.
Məsələ 1648: Oruc tutan şəxs Ramazan ayında oruc olan xanımı ilə cima edərsə, əgər xanımını bu işə məcbur etmişdirsə, həm özünün kəffarəsini, həm də ehtiyata əsasən xanımının kəffarəsini verməlidir. Əgər xanımı cimaya razı olmuşdursa, hər birinə bir kəffarə vacib olur.
Məsələ 1649: Əgər bir qadın oruc tutan ərini özü ilə cimaya məcbur etsə, ərinin orucunun kəffarəsini vermək ona vacib deyil.
Məsələ 1650: Əgər oruc tutan Ramazan ayında öz arvadını cimaya məcbur etsə və cimanın arasında arvadı razı olsa, hər birinə bir kəffarə vacib olur. Ehtiyat-müstəhəb budur ki, kişi iki kəffarə versin.
Məsələ 1651: Əgər oruc tutan Mübarək Ramazan ayında oruc tutmuş və yatmış arvadı ilə cima etsə, bir kəffarə ona vacibdir və arvadın orucu səhihdir, kəffarə də ona vacib deyil.
Məsələ 1652: Əgər kişi öz arvadını, yaxud arvad öz kişisini cimadan başqa orucu batil edən işlərdən birini görməyə məcbur etsə, onların heç birinə kəffarə vacib deyildir.
Məsələ 1653: Səfər, yaxud xəstəlik səbəbi ilə oruc tutmayan şəxs, öz oruc tutmuş arvadını cimaya vadar edə bilməz. Amma onu məcbur etsə, kişiyə kəffarə vacib deyil.
Məsələ 1654: İnsan kəffarəni verməkdə səhlənkarlıq etməməlidir. Amma onu dərhal verməsi lazım deyil.
Məsələ 1655: Əgər bir şəxsə kəffarə vacib olsa və bir neçə il onu verməsə, üstünə bir şey əlavə olunmur.
Məsələ 1656: Bir günün kəffarəsi üçün altmış fəqirə təam verməli olan şəxs altmış fəqirin hamısını tapmağa imkanı olarsa, onların sayını azaldıb həmin qədər kəffarəni onlara verə bilməz, məsələn, otuz fəqirin hər birinə iki müdd təam verərək buna kifayət edə bilməz. Lakin fəqirin hər bir əhli-əyalı üçün, səğir (kiçik) olsalar da, bir müdd təam o fəqirə verə bilər. Fəqir şəxs də ailənin vəkaləti və ya onlara (səğir olsa) vilayət (qəyyumluq) haqqına əsasən qəbul edə bilər. Əgər altmış nəfər fəqir tapa bilməsə, məsələn, əgər təkcə otuz nəfər fəqir tapsa, hər birinə iki müdd təam verə bilər. Amma ehtiyat-vacibə görə hər vaxt imkanı olsa, digər otuz fəqirin də hər birinə bir müdd təam versin.
Məsələ 1657: Ramazan ayının orucunun qəzasını tutan şəxs zöhrdən sonra qəsdən orucu batil edən işlərdən birini görsə, gərək on fəqirin hər birinə bir müdd təam versin və əgər verə bilməsə, üç gün oruc tutsun.

Orucun təkcə qəzası vacib olan yerlər

Məsələ 1658: Bir neçə yerdə (əvvəldə işarə edilən yerlərdən başqa) təkcə orucun qəzası insana vacibdir və kəffarə vacib deyil:
1. Ramazan ayı gecəsində cünub olan şəxsə, 1602-ci məsələdə deyildiyi kimi sübh azanına qədər ikinci yuxudan durmasa.
2. Orucu batil edən bir iş görməsin, amma oruc niyyəti də etməsin, ya riya etsin, ya oruc olmamasını qəsd etsin. Həmçinin əgər orucu batil edən işlərdən bir işi görməsini qəsd etsə, 1551-ci məsələdə izah olundu;
3. Ramazan ayında cənabət qüslünü unudub cənabət halında bir gün, yaxud bir neçə gün oruc tutarsa.
4. Ramazan ayında sübh olub-olmadığını araşdırmadan orucu pozan bir işi etdikdən sonra sübh olduğu məlum olarsa;
5. “Sübh olmayıb” deyən bir şəxsin sözünə əsasən orucu batil edən işlərdən birini etdikdən sonra, sübh olduğu məlum olarsa;
6. Ona «sübh oldu» deyən şəxsin sözünə əmin olmayıb və ya zarafat etdiyini xəyal etdiyi halda, özü də araşdırmadan orucu batil edən bir işi etdikdən sonra sübh olduğu məlum olarsa;
7. Sözü onun üçün şərən höccət olan, yaxud səhvən onun verdiyi xəbərin höccət olmasına inanan bir şəxsin sözünə əsasən iftar edərsə və sonra məğrib olmadığı məlum olarsa;
8. İftar vaxtı olduğunu yəqin edərək və əmin olaraq iftar edərsə, sonra da hələ məğrib olmadığı məlum olarsa; Amma əgər buludlu və bu kimi bir havada axşam olduğunu güman edib iftar edərsə, sonradan məğrib olmadığını anlayarsa, o orucun qəzasının vacib olması ehtiyata əsasəndir.
9. Susuzluq cəhətindən məzməzə edərsə, yəni ağzında suyu dolandırarsa və bu əsnada ixtiyarsız olaraq udarsa, əgər oruc olduğunu unudaraq suyu udarsa və ya susuzluqdan qeyri bir şey üçün məzməzə edərsə, məsələn, dəstəmaz kimi məzməzə etməyin müstəhəb olduğu bir yerdə məzməzə edərsə və ixtiyarsız olaraq suyu udarsa, qəzası yoxdur.
10. Bir kəs ikrah (məcburiyyət), zərurət və ya təqiyyə üzündən iftar etsə, əgər ikrah və təqiyyə üzündən yemək, içmək və ya cima olsa; həmçinin bunlardan qeyrisində ehtiyat-vacibə əsasən (qəza vacibdir).
Məsələ 1659: Əgər sudan başqa bir şey ağzına alsa və ixtiyarsız udsa, yaxud suyu burnuna çəksə və ixtiyarsız udsa, qəza ona vacib deyil.
Məsələ 1660: Çox məzməzə etmək oruc olan şəxs üçün məkruhdur. Əgər məzməzə etdikdən sonra ağzının suyunu udmaq istəyərsə, ağzının suyunu üç dəfə çölə atması daha yaxşıdır.
Məsələ 1661: Əgər insan məzməzə etdiyi zaman ixtiyarsız olaraq, yaxud unutduğuna görə boğazına su gedəcəyini bilsə, məzməzə etməməlidir. Amma bu halda məzməzə edə və su boğazına getməsə, ehtiyat-vacibə görə onun qəzası lazımdır.
Məsələ 1662: Əgər Ramazan ayında araşdırdıqdan sonra sübhün olması onun üçün məlum olmadığı üçün orucu batil edən bir iş görsə, sonra sübh olması məlum olsa, qəza lazım deyildir.
Məsələ 1663: İnsan məğrib olub-olmadığında şəkk edərsə, iftar edə bilməz. Amma sübh olub-olmadığında şəkk edərsə, araşdırma aparmadan qabaq da orucu batil edən bir iş görə bilər.

Qəza orucunun hökmləri

Məsələ 1664: Əgər dəli ağıllansa, dəli olduğu vaxtlardakı orucların qəzasını tutması vacib deyil.
Məsələ 1665: Əgər kafir müsəlman olsa, kafir olduğu vaxtlardakı orucların qəzasını tutması vacib deyil. Əgər müsəlman kafir olsa və yenidən müsəlman olsa, kafir olduğu günlərin orucunun qəzası vacibdir.
Məsələ 1666: Sərxoşluq səbəbindən tutulmayan oruc, qəza edilməlidir. (Hətta məstedici olan şey müalicə üçün qəbul olunsa belə.)
Məsələ 1667: Üzrlü olduğu üçün bir neçə gün oruc tuta bilməyən şəxs, sonradan üzrünün nə zaman aradan qalxdığına şəkk edərsə, ehtimal verdiyi çox miqdarın qəzasını etməsi vacib deyildir. Məsələn, Ramazandan qabaq səfərə çıxıb, Ramazanın beşinci günü və ya altıncı günü səfərdən qayıtdığını bilməzsə və ya Ramazanın sonunda səfərə çıxıb, Ramazandan sonra müsafirətdən qayıdarsa, amma Ramazanın iyirmi beşində, yaxud iyirmi altısında səfərə çıxdığını bilməzsə, hərçənd çox miqdarı, yəni altı günü qəza etmək ehtiyat-müstəhəb olsa belə, hər iki təqdirdə ən azı, yəni beş günü qəza edə bilər.
Məsələ 1668: Əgər bir neçə Ramazan ayından qəza orucu qalsa, hansının qəzasını əvvəl tutsa, maneəsi yoxdur. Amma sonuncu Ramazanın qəzasının vaxtı dar olsa, məsələn, sonuncu Ramazan ayından beş gün qəzası qalmış olsa və beş gün də Ramazan ayına qalarsa, daha yaxşısı budur ki, əvvəl sonuncu Ramazanın qəzasını tutsun.
Məsələ 1669: Boynunda bir neçə Ramazan ayı orucunun qəzası vacib olan şəxs tutduğu orucun hansı Ramazan ayının qəzası olduğunu niyyətində müəyyən etməzsə, son ilin Ramazan ayının qəza orucu hesab olunmur ki, təxir kəffarəsi ondan götürülsün.
Məsələ 1670: Ramazan ayı orucunun qəzasını tutan şəxs zöhrdən qabaq orucunu batil edə bilər, amma orucun qəzasının vaxtı dar olsa, daha yaxşı odur ki, batil etməsin.
Məsələ 1671: Daha yaxşı olar ki, meyitin qəza orucunu tutmuş olan şəxs zöhrdən sonra orucunu batil etməsin.
Məsələ 1672: Əgər şəxs xəstəlik, heyz, yaxud nifas səbəbindən Ramazan ayının orucunu tutmasa və tutmadığı orucları qəza edə biləcək bir zaman keçməmişdən əvvəl ölərsə, o orucların qəzası yoxdur.
Məsələ 1673: Əgər şəxs bir xəstəlik üzündən Ramazan orucunu tutmasa və onun xəstəliyi gələn ilin Ramazanına qədər davam etsə, tutmadığı orucların qəzası ona vacib deyil. Gərək hər gününə bir müdd təam, yəni buğda, arpa, çörək və bu kimi şeylər fəqirə versin. Amma başqa bir üzrə görə, məsələn, səfərə çıxdığı üçün oruc tutmasa və onun üzrü gələn orucluğa kimi qalsa, tutmadığı orucları qəza etməlidir. Ehtiyat-vacib budur ki, hər bir gün üçün də fəqirə bir müdd təam versin.
Məsələ 1674: Xəstəlik səbəbindən Ramazan orucunu tutmayan bir şəxsin xəstəliyi Ramazan ayından sonra sağalsa, amma sonra başqa bir üzrün çıxması nəticəsində sonrakı Ramazana qədər qəzasını tuta bilməzsə, tutmadığı orucları qəza etməlidir. Ehtiyat-vacibə əsasən hər gün üçün bir müdd təam da fəqirə verməlidir. Həmçinin əgər Ramazan ayında xəstəlikdən qeyri bir üzrü olsa və Ramazandan sonra o üzr aradan qalxarsa, xəstəlik səbəbindən bu orucların qəzasını gələcək Ramazana qədər tuta bilməzsə, hökm eynidir.
Məsələ 1675: Əgər Ramazan ayında bir üzrə görə oruc tutmasa, Ramazandan sonra üzrü aradan getsə və gələn Ramazana kimi qəsdən qəza orucunu tutmasa, gərək orucunu qəza etsin və hər bir gün üçün də fəqirə bir müdd təam versin.
Məsələ 1676: Əgər orucun qəzasında vaxt dar ikən səhlənkarlıq etsə və vaxt darlığında bir üzr peyda olsa, gərək qəzasını tutsun. Ehtiyat-vacibə əsasən hər bir gün üçün fəqirə bir müdd təam versin. Üzrü aradan gedəndən sonra oruclarını qəza etməyi qərara alan, amma qəza etməzdən qabaq vaxt darlığında üzr peyda olanın da hökmü belədir.
Məsələ 1677: Əgər insanın xəstəliyi bir neçə il davam etsə, sağaldıqdan sonra axırıncı Ramazanın qəzasını tutmalı və əvvəlki illərin hər bir günü üçün fəqirə bir müdd təam verməlidir.
Məsələ 1678: Hər gün üçün fəqirə bir müdd təam verməli olan şəxs bir neçə günün kəffarəsini bir fəqirə verə bilər.
Məsələ 1679: Ramazan orucunu bir neçə il təxirə salsa, gərək qəza etsin. Əvvəlki illərin təxirinə görə hər bir gün üçün fəqirə bir müdd təam verməlidir. Amma sonrakı neçə illərin təxiri üçün ona heç bir şey vacib deyil.
Məsələ 1680: Əgər Ramazan orucunu qəsdən tutmasa, gərək onun qəzasını yerinə yetirsin və hər bir günü üçün iki ay oruc tutsun ya altmış fəqirə təam versin, yaxud bir qul azad etsin. Əgər gələn Ramazana kimi o orucun qəzasını yerinə yetirməsə, ehtiyat-lazıma əsasən hər gün üçün bir müdd təam kəffarə fəqirə verməlidir.
Məsələ 1681: Əgər Ramazan orucunu qəsdən tutmasa və gündə neçə dəfə cima, ya istimna etsə, kəffarə təkrar olunmayacaq. Həmçinin əgər orucu batil edən digər işlərdən bir neçə dəfə görsə, məsələn, bir neçə dəfə xörək yesə, bir kəffarə kifayətdir.
Məsələ 1682: Ata vəfat edəndən sonra ən böyük oğul, gərək ehtiyat-lazıma əsasən onun qəza orucunu, namaz hökmündə (1370-ci məsələdə) deyilən qayda ilə yerinə yetirsin. Əgər vərəsələr razı olsa, hətta ölən şəxsin malından olsa belə, hər gün üçün bir müdd (750 qram) təam fəqirə versin.
Məsələ 1683: Əgər ata Ramazan orucundan başqa digər vacib orucu tutmasa, yaxud əcir olub tutmasa, onun qəzası böyük oğula lazım deyildir.

Müsafir orucunun hökmləri

Məsələ 1684: Səfərdə dörd rəkətli namazları iki rəkət qılmalı olan müsafir gərək oruc tutmasın. Namazını tam qılan müsafir, işi səfər olan və ya səfəri günah səfəri olan şəxs kimi gərək səfərdə oruc tutsun.
Məsələ 1685: Ramazan ayında səfərə çıxmağın eybi yoxdur, amma bu, orucdan boyun qaçırtmaq üçün olsa məkruhdur və həmçinin Ramazan ayında mütləq səfər həmin hökümdədir. Həcc, ümrə və digər zəruriyyət səbəbindən olan səfərlər istisnadır.
Məsələ 1686: Əgər Ramazan ayının orucundan başqa, vaxtı müəyyən olan bir oruc insana vacib olsa, belə ki, icarə və ya bu kimi şeylə vacib olmuş olsa, yaxud etikafın üçüncü günü olsa, o gündə səfər edə bilməz. Əgər səfərdə olsa, mümkün olduğu halda, gərək on gün bir yerdə qalmaq qəsdi etsin və o günü oruc tutsun. Amma əgər o günün orucu nəzirlə vacib olmuş olsa, zahir budur ki, o gün səfər etməyi caizdir və qəsdi-iqamət (on gün dayanmaq məqsədi) vacib deyil. Hərçənd daha yaxşı budur ki, əlacsız olmayana kimi səfər etməsin və əgər səfərdədirsə, qəsdi-iqamət etsin. Amma and içmək və ya əhd etməklə vacib olubsa, ehtiyat-vacibə görə gərək səfər etməsin, əgər səfərdə olsa, qəsdi-iqamət etsin.
Məsələ 1687: Əgər şəxs müstəhəb oruc tutmasını nəzir etsə və gününü müəyyən etməsə, onu səfərdə yerinə yetirə bilməz. Amma səfərdə müəyyən gündə oruc olacağını nəzir etsə, gərək onu səfərdə yerinə yetirsin. Həmçinin, müəyyən bir gündə, istər səfərdə olsun, ya olmasın, oruc tutacağını nəzir etsə, gərək o gün səfərdə də olsa oruc tutsun.
Məsələ 1688: Müsafir hacət istəmək üçün Mədineyi-təyyibədə üç gün müstəhəb oruc tuta bilər. Əhvət budur ki, həmin üç gün çərşənbə, cümə axşamı və cümə günləri olsun.
Məsələ 1689: Müsafirin orucunun batil olduğunu bilməyən şəxs əgər səfərdə oruc tutsa və gün əsnasında məsələni başa düşsə, orucu batil olar. Əgər məğribə qədər başa düşməsə, orucu səhihdir.
Məsələ 1690: Əgər müsafir, müsafir olduğunu unutsa və ya müsafir orucunun batil olmasını unutsa və səfərdə oruc tutsa, orucu ehtiyata əsasən batildir.
Məsələ 1691: Əgər oruc tutan zöhrdən sonra səfər etsə, gərək ehtiyata əsasən orucunu tamamlasın, bu halda onun qəzası lazım deyil. Əgər zöhrdən qabaq səfər etsə, ehtiyat-vacibə görə xüsusilə gecədən səfər niyyəti olsa, o günü oruc tuta bilməz. Amma bütün hallarda gərək həddi-tərəxxüsə yetişməzdən əvvəl orucu batil edən bir iş görməsin. Əks təqdirdə ona kəffarə vacib olar.
Məsələ 1692: Müsafir zöhrdən əvvəl vətəninə və ya on gün qalmaq istədiyi bir yerə yetişərsə, istər fəcrdən əvvəl səfərə çıxsın, istərsə də oruc tutub səfərə çıxmış olsun, əgər orucu batil edən bir iş görməyibsə, ehtiyat-vacəbə əsasən o gün oruc tutmalıdır, bu halda onun qəzası yoxdur. Əgər orucu batil edən bir iş görübsə, o günün orucu ona vacib deyil, gərək (sonradan) onu qəza etsin.
Məsələ 1693: Əgər müsafir zöhrdən sonra öz vətəninə və ya on gün qalmaq istədiyi bir yerə çatsa, ehtiyat-vacibə görə orucu batildir və gərək onu qəza etsin.
Məsələ 1694: Müsafir və oruc tutmaqda üzrü olan bir şəxsin Ramazan ayının gündüzlərində cima etməsi, habelə doyunca yeyib-içməsi məkruhdur.

Oruc vacib olmayan şəxslər

Məsələ 1695: Qocalığına görə oruc tuta bilməyən və ya oruc tutmaq ona əziyyətli olan şəxsə oruc tutmaq vacib deyil. Amma ikinci halda gərək fəqirə hər gün üçün bir müdd təam (buğda, arpa, ya çörək və ya bu kimi şeylər) versin.
Məsələ 1696: Qocalığa görə oruc tutmayan şəxs Ramazan ayından sonra oruc tuta bilsə, ehtiyat-müstəhəb budur ki, tutmadığı orucların qəzasını yerinə yetirsin.
Məsələ 1697: Əgər insanda susuzluq xəstəliyi olsa və bu susuzluğa dözə bilməsə, yaxud çox çətin olsa, oruc ona vacib deyil. Amma ikinci surətdə gərək hər gün üçün yoxsula bir müdd təam versin. Əgər sonradan tuta bilsə, qəza etməsi vacib deyil.
Məsələ 1698: Doğum vaxtı yaxınlaşan və oruc tutmağın özünə və ya bətnindəki uşağa zərəri olan qadına oruc vacib deyil. Gərək hər gün üçün fəqirə bir müdd təam versin və hər iki halda tutmadığı orucların qəzasını tutsun.
Məsələ 1699: Uşağa süd verən qadının, istər uşağın anası olsun, istər dayəsi və istərsə ücrətsiz süd versin, südü az olsa və oruc tutması özünə və ya əmizdirdiyi uşağa zərər verərsə, oruc tutmaq ona vacib deyildir. Hər gün üçün bir müdd təam fəqirə verməlidir. Hər iki halda tutmadığı orucları gərək qəza etsin. Amma ehtiyat-vacibə əsasən bu hökm, uşağa ancaq bu yol ilə süd verməyə aiddir, amma uşağa başqa yol ilə süd vermək mümkündürsə, məsələn; uşağa süd verməkdə bir neçə qadın iştirak etsə, yaxud əmzik və şüşə qab ilə süd vermək mümkün olsa, bu hökmün sübut olunması işkallıdır.

Ayın əvvəlinin sübut olma yolu

Məsələ 1700: Ayın əvvəli dörd yolla sübut olunur:
1. İnsan özü Ayı görsün.
2. Sözləri yəqinlik, yaxud arxayınlıq hasil edən bir dəstə insanın həmin şəhərdə, yaxud onunla eyni üfüqə malik olan şəhərlərdə Ayı (hilalı) müşahidə etdiklərini söyləməsi, həmçinin, insanda yəqinlik hasil edən istənilən vasitə və eləcə də arxayınlıq hasil edən istənilən üsul.
3. İki adil kişinin “gecə Ayı gördük” demələri ilə; Amma Ayın xüsusiyyətini bir-birinin əksinə deyərlərsə, ayın ilk günü sübut olunmur. Həmçinin insan onların səhvə yol verdiklərinə yəqin edərsə, ya xatircəm olarsa və ya onların verdiyi şəhadət zidd, yaxud hökmündə olan bir məsələ ilə qarşılaşarsa ayın əvvəli sübut olunmaz. Məsələn, əgər şəhər əhalisinin çox hissəsi Ayı görmək üçün baxdıqları halda iki adil kişidən başqa heç kəs Ayı gördüyünü iddia etməzsə və ya bir dəstə Ayı görmək üçün baxdıqları halda onların arasından yalnız iki adil şəxs Ayı gördüyünü iddia edə, başqaları isə görməzsə, belə ki, Ayın yerini bilmək və yaxşı görmə və digər xüsusiyyətlərdə birinci iki adil şəxs kimi olan iki ayrı adil şəxs onların arasında olarsa, hava da açıq-aydın olsa, o iki nəfərin görməsinə ehtimal olunan bir maneə də olmasa, bu halda ayın əvvəli iki nəfər adil şəxsin şəhadəti ilə sübut olunmaz.
4. Şəban ayının əvvəlindən 30 gün keçmiş olsa, bunun vasitəsi ilə Ramazan ayının əvvəli olması sübuta yetir. Yaxud Ramazan ayının əvvəlindən 30 gün keçsə, bu halda Şəvval ayının olması sübut olunur.
Məsələ 1701: Şəriət hakiminin hökm etməsi ilə ayın əvvəli sübut edilməz. Əgər onun hökmündən və ya ayın (əvvəli) olmasının sübut edilməsi ilə ayın görünməsinə xatircəmlik hasil olsa, (ayın əvvəli sübut olunar).
Məsələ 1702: Ayın əvvəli astronomların deməyi ilə sübut olmur. Əgər insan onların dediklərindən yəqinlik hasil edə ya əmin olarsa, onların sözünə əməl etməlidir.
Məsələ 1703: Ayın yüksəkdə olması və ya gec batması, qabaqkı gecənin ayın ilk gecəsi olmağına dəlil deyil; həmçinin ayın yanında şəfəqin olması ayın ikinci gecəsi olmasına dəlil deyildir.
Məsələ 1704: Əgər bir şəxsə Ramazan ayının əvvəli olması sübuta yetmədiyi üçün oruc tutmasa, sonradan qabaqkı gecənin ayın əvvəli olduğunu anlayarsa, o günün orucunu qəza etməlidir.
Məsələ 1705: Əgər bir şəhərdə ayın əvvəli sübut edilsə, bu, üfüqü həmin şəhərlə eyni olan digər şəhərlərə də aid olar. Burada üfüqün müttəhid olmasından məqsəd odur ki, əgər birinci şəhərdə ay görünsə, ikinci şəhərdə də bulud kimi maneə olmasa, görünəcəkdir. Bu da o zaman gerçəkləşər ki, ikinci şəhər birinci şəhərin qərbində yerləşibsə, en xəttində ona yaxın olsun. Əgər onun şərqində yerləşərsə, en xəttinin yaxın olmasından ələavə üfüq xəttindən çox fərqi olmasın.
Məsələ 1706: Ramazan ayının axırı, yaxud Şəvvalın əvvəl günü olduğunu bilməyən şəxs gərək oruc tutsun. Əgər gün ərzində Şəvvalın əvvəl günü olduğunu anlayarsa, orucu açmalıdır.
Məsələ 1707: Əgər həbs olunan şəxs Ramazan ayı olmasını yəqin edə bilməsə, gərək gümanına əməl etsin. Amma əgər daha güclü güman tapa bilsə, zəif gümana əməl edə bilməz. Ən güclü ehtimalı əldə etmək üçün bacardığı qədər çalışmalıdır. Əgər heç bir yolla mümkün olmasa, püşk atmaqdan axırıncı yol kimi istifadə etməlidir (əgər ehtimalın qüvvətlənməsinə səbəb olarsa). Əgər öz gümanına əməl etməsi mümkün deyilsə, Ramazan ayı olduğunu ehtimal verdiyi bir ayı oruc tutmalıdır. Amma o ayı nəzərində saxlamalıdır, belə ki, əgər sonradan o ayın Ramazan ayı və ya ondan sonra olduğu məlum olarsa, ona bir şey vacib olmaz. Əgər Ramazan ayından qabaq olduğu məlum olarsa, gərək qəzasını etsin.

Haram və məkruh oruclar

Məsələ 1708: Fitr və Qurban bayramları günündə oruc tutmaq haramdır. Həmçinin Şəbanın axırı ilə Ramazanın əvvəli olması məlum olmayan gündə Ramazan ayının əvvəli niyyəti ilə oruc tutmaq haramdır.
Məsələ 1709: Əgər qadının müstəhəb oruc tutması vasitəsilə ərinin ondan ləzzət almaq haqqı aradan getsə, oruc o qadına haramdır. Həmçinin vacib olan, amma vaxtı müəyyən olmayan orucda, məsələn, vaxtı müəyyən olmayan nəzir orucu kimi, bu halda da ehtiyat-vacibə görə (ərin haqqı aradan gedərsə) orucu batildir, tutarsa da, nəzir orucunun əvəzini verməz. Habelə, ehtiyat-vacibə görə əri onun müstəhəb, yaxud vaxtı müəyyən olmayan vacib orucu tutmasını qadağan edərsə, hətta ərinin haqqı ilə ziddiyyəti olmasa belə, hökm eynidir. Ehtiyat-müstəhəb budur ki, ərinin icazəsi olmadan müstəhəb oruc tutmasın.
Məsələ 1710: Övladın müstəhəb oruc tutması ata-ananın (övlada şəfqət və ürəyi yananlıq üzündən) əziyyətinə səbəb olsa haramdır.
Məsələ 1711: Əgər oğul atanın və ya ananın icazəsi olmadan müstəhəb oruc tutsa və gün ərzində atası ona icazə verməsə, əgər onlarla müxalifət etmək şəfqətdən yaranan əziyyətinə səbəb olacaqsa, gərək iftar etsin (orucunu açsın).
Məsələ 1712: Orucun etina ediləcək bir zərər verməyəcəyini bilən şəxsə həkim “sənə orucun zərəri vardır” desə belə, oruc tutmamalıdır. Əgər bir şəxs orucun ona etina ediləcək bir zərər verəcəyinə yəqin və ya guman edərsə, həkimin “zərəri yoxdur” deməsinə baxmayaraq, oruc tutması vacib deyil.
Məsələ 1713: Əgər insan orucun ona etina ediləcək bir zərər yetirəcəyini yəqin etsə və ya xatircəmlik olsa yaxud ehtimal versə və o ehtimaldan qorxu hasil olsa, belə ki, onun ehtimalı əql sahiblərinin nəzərində haqlı olsa, oruc tutması vacib deyil. Hətta o zərər şəxsin həlak olmasına, yaxud hər hansı üzvünün nöqsanlı olmasına səbəb olarsa, oruc tutması haramdır. Bundan başqa hallarda əgər rəcaən oruc tutsa və sonradan etina ediləcək bir zərəri olmadığı məlum olsa, orucu səhihdir.
Məsələ 1714: Orucun ona zərəri olmadığına inanan şəxs oruc tutarsa və axşamdan sonra orucun ona etina ediləcək dərəcədə zərər verdiyini başa düşsə, ehtiyat-vacibə əsasən gərək onun qəzasını yerinə yetirsin.
Məsələ 1715: Qeyd olunan oruclardan başqa, digər haram oruclar da vardır ki, izahı müfəssəl kitablarda deyilib.
Məsələ 1716: Aşura gününün orucu və “Ərəfə”, və ya Qurban bayramı olmasına şəkk edilən günün orucu məkruhdur.

Müstəhəb oruclar

Məsələ 1717: Deyilən haram və məkruh olan günlərdən başqa, İlin bütün günlərinin orucu müstəhəbdir. Aşağıda sadalayacağımız günlərdə oruc tutmaq daha çox tövsiyə olunub:
1. Hər ayın birinci və sonuncu cümə axşamı günü və ayın onundan sonra birinci çərşənbə günü. Bu günlərdə oruc tuta bilməyən şəxsin həmin günlərin orucunu qəza etməsi müstəhəbdir. Əgər insan əsla oruc tuta bilmirsə, müstəhəbdir ki, hər bir günü üçün fəqirə bir müdd təam, və ya 12/6 noxud sikkəli gümüş versin.
2. Hər ayın 13, 14 və 15-ci günləri.
3. Rəcəb və Şəban ayı tamamilə, ya bu iki ayın bir qədərini, hətta bir gün də olsa belə;
4. Novruz bayramı günü.
5. Şəvval ayının dördündən doqquzuna qədər.
6. Zilqədənin 25-ci və 29-cu günü.
7. Zilhiccənin 1-dən 9-cu gününə (Ərəfə gününə) qədər. Əgər zəiflik səbəbindən Ərəfə gününün dualarını oxuya bilməsə, o günün orucu məkruhdur.
8. Qədir bayramı günü (Zilhiccənin 18-ci günü).
9. Mübahilə günü (Zilhiccənin 24-cü günü).
10. Məhərrəm ayının 1-ci, 3-cü və 7-ci günü.
11. Peyğəmbəri-əkrəmin, (ə) mövlud günü (Rəbiul-əvvəlin 17-si).
12. Cəmadiyul-əvvəlin on beşinci günü;
13- Həmçinin Həzrət Peyğəmbərin besət günü (27 Rəcəb)
Müstəhəb oruc tutan şəxsin onu sona çatdırması vacib deyil. Hətta əgər mömin qardaşı onu yeməyə dəvət edərsə, gün ərzində zöhrdən sonra olsa belə, dəvəti qəbul edib iftar etməsi müstəhəbdir.

İnsanın orucu batil edən işlərdən çəkinməsi
müstəhəb olan yerlər

Məsələ 1718: Beş nəfər üçün Ramazan ayında oruc tutmasalar da orucu batil edən işlərdən çəkinmələri müstəhəbdir:
1. Səfərdə orucu batil edən işlərdən edib zöhrdən əvvəl vətəninə, yaxud on gün qalmaq istədiyi yerə çatan müsafir;
2. Zöhrdən sonra vətəninə, yaxud on gün qalmaq istədiyi bir yerə çatan müsafir;
3. Zöhrdən sonra sağalan xəstə və həmçinin zöhrdən əvvəl sağalıb, hərçənd, orucu batil edən bir iş görübsə də; Əgər orucu batil edən bir iş görməyibsə, ehtiyat-vacibə görə oruc tutmalıdır.
4. Gün ərzində heyz və nifas qanından təmizlənən qadın.
5. Əvvəlcə orucu batil edən bir iş görüb sonra müsəlman olan kafir.
Məsələ 1719: Oruc tutan şəxsin məğrib və işa namazlarını iftardan əvvəl qılması müstəhəbdir. Əgər bir şəxs onu gözləyərsə və ya yeməyə meyli çox olduğundan hüzuri-qəlblə namaz qıla bilmirsə, əvvəlcə iftar etməsi daha yaxşıdır. Ancaq mümkün olan qədər namazı fəzilətli vaxtında qılması daha yaxşıdır.

https://www.sistani.org

http://yenivaxt.com