Rusiya Ukraynaya qoşun yeritsə, Çin hansı mövqeni tutacaq?

Rusiya Ukraynaya qoşun yeritsə, Çin hansı mövqeni tutacaq?

Rusiya Ukraynaya qoşun yeritsə, Çin hansı mövqeni tutacaq?

Rusiya ilə Ukrayna arasında gərginlik yeni müharibənin alovlanmasına gətirib çıxarsa, dünya güclərindən olan Çin hansı mövqeni tutacaq? Hazırda Çin-Rusiya, Çin-Ukrayna münasibətləri nə səviyyədədir? Bir əsrdən çoxdur Honkonqda nəşr edilən məşhur “Cənubi Çin səhər qəzeti”nin (“South China Morninq Post”) internet səhifəsində bu mövzuda ingilis dilində məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin siyasi şərhçisi Kristin Huanqdır. Novator.az saytı məqaləni tərcümə edərək oxucuların diqqətinə çatdırır.

Ekspertlər bu qənaətdədirlər ki, Pekinin Rusiya-Ukrayna münaqişəsində Moskvanın yanında olmağa nə imkanı, nə də istəyi var. Çünki Çin hər iki ölkə – həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətdədir.

Rusiya ordusu Ukrayna sərhədindədir. Moskvanın Ukraynanın NATO-ya daxil olması ehtimalına reaksiyası və bununla bağlı xəbərdarlığı da göz qabağındadır.

Rusiyanın Ukraynanı işğal etməsi, ABŞ qoşunlarının isə buna mane olması ssenariləri üzrə ehtimallar artdıqca ekspertlər Çinin Rusiya-Ukrayna münaqişəsinə müdaxilə etməyəcəyi versiyasına daha çox inanırlar.

Rusiya Ukrayna ilə sərhədə yüz mindən çox qoşun yığıb. Bu, 2014-cü ildə Krım yarımadasının ilhaqından bəri Rusiya ilə Ukrayna arasında baş qaldıran ən ciddi gərginlikdir.

ABŞ şərqdəki müttəfiqlərini müdafiə etmək üçün bölgəyə hərbi yardım edə bilər. Hərçənd Vaşinqtonun bu dəfə daha çox sanksiyalara üstünlük verəcəyi görünür. Amma onun Ukrayna ordusunu dəstəkləyəcəyi də şübhə doğurmur.

Çindəki Rusiya və Orta Asiya Tədqiqatlar Mərkəzinin direktoru Fen Yujun bildirir ki, Rusiyanın sərhədə qoşun cəmləməsi Moskvanın Vaşinqtona bir mesajıdır və məqsəd Ukraynanın NATO-ya qəbul edilməsinə mane olmaqdır.

Ukraynanın NATO-ya qoşulmaq istədiyi çoxdan bəllidir. Ancaq Rusiya NATO-nun şərqə doğru genişlənməsinin qəti əleyhinədir.

Professor Fen Yujunun sözlərinə görə, ABŞ Avropada təhlükəsizlik dərəcəsini artırmaqda maraqlı olmaya da bilər, çünki Vaşinqtonun diqqəti hazırda başqa istiqamətə yönəlib.

Belə bir dövrdə Pekin həm Moskva, həm Kiyevlə münasibətlərini yaxşılaşdırmağa çalışır.

Son on ildə Çin və Rusiya arasında siyasi, iqtisadi və hərbi əməkdaşlıq güclənib. Hər iki tərəf ABŞ-ın təzyiqləri qarşısında bir-birini müdafiə etmək öhdəliyi götürüb. İyun ayının sonunda iki ölkə 20 il əvvəl imzalanmış dostluq və yaxın qonşuluq müqaviləsini yeniləməklə münasibətləri daha da möhkəmləndirib.

Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya ilə münasibətləri “dünyaya pozitiv enerji bəxş edən yeni növ beynəlxalq əlaqə” adlandırıb.

Eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenski öz ölkəsini “Çin biznesinin Avropaya körpüsü” hesab etdiyini açıqlayıb.

Ukrayna aeroport, avtomobil və dəmiryolunun inşası ilə bağlı Çinlə müqavilələr bağlamağa nail olub, habelə ölkəni COVİD-19 əleyhinə peyvəndlə təmin etdiyi üçün Pekinə təşəkkürünü çatdırıb.

Ukrayna həmçinin Çində baş verən hüquq pozuntularına münasibət bildirməyib. Kiyev Çinin Sincan Uyğur Muxtar Rayonunda uyğurlara və digər müsəlman azlıqlara qarşı təqibləri müstəqil müşahidəçilərin araşdırması məqsədilə hazırlanmış beynəlxalq sənəddən imzasını geri götürüb.

Sincanda insan hüquqlarının pozulması bir çox Avropa ölkəsini narahat edir və bu, qarşılıqlı sanksiyalara da səbəb olub. Çin həmişəki kimi onun əleyhinə yönəlmiş iddiaları rədd edir.

Çin Xalq Universitetində çalışan beynəlxalq əlaqələr üzrə ekspert Van İvey deyir ki, Rusiya-Ukrayna sərhədində baş verən gərginlik daha çox Avropanın daxili məsələsidir və Çinin bu münaqişəyə müdaxilə edəcəyi inandırıcı görünmür: “Ukrayna böhranı böyük mənada Avropanın problemi deməkdir. Bu, Rusiya ilə bir neçə Qərb ölkəsi arasında güc nümayişinə bənzər oyundur.

Daha bir maneə isə Çinin Avropadakı maraqlarıdır. Belə ki, Pekin Avropa ilə xoş münasibət saxlamağa çalışır. Çinlə Ukrayna arasında kifayət qədər isti əlaqələr var. Ona görə də Pekinin Moskvanın tərəfini tutacağı inandırıcı görünmür”.

Çin İctimai Elmlər Akademiyasının Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisi Lyu Veydun bildirir ki, hazırda Pekinin Rusiya-Ukrayna münaqişəsində Moskvanın yanında olmağa nə imkanı, nə də istəyi var: “Əgər Moskva Kiyevə qarşı müharibə yolunu seçərsə, Pekinin Rusiyanı dəstəkləyəcəyini düşünmürəm. Digər tərəfdən Çinin ümumiyyətlə heç bir xarici münaqişədə tərəf tutmaq niyyəti yoxdur, ona görə ki, bu cür davranış başqa dövlətlərin işinə müdaxilənin yolverilməzliyi prinsipinə ziddir.

Çinin Kiyevin, yaxud Moskvanın tərəfini tutması sonda onun öz maraqlarına ziyan vura bilər. Ona görə də Çin Rusiya və Ukraynanı problemi BMT kimi beynəlxalq platformalar çərçivəsində həll etməyə çağıracaq”.

Lyu Veydun əlavə edir ki, ABŞ-ın Ukraynaya qoşun göndərəcəyi barədə ehtimallar inandırıcı deyil: “Amerika cəmiyyəti heç vaxt özünün maraqlarına zərər gətirə biləcək hərbi müdaxiləni dəstəkləməz”.

  musavat.com

  yenivaxt.com