Şəhid Zaur İsmayılzadə

Şəhid Zaur İsmayılzadə

Zaur İsmayılzadə 29.07.1995-ci il tarixində Lənkəran rayonunun İstusu qəsəbəsində hərbçi ailəsində dünyaya göz açmışdır. Şəhidimizin valideyinləri Nizami bəy və Sevil xanım təyinatla bağlı olaraq, Cəlilabad rayonuna gəlirlər.

Zaur İsmayılzadə 2001-2012-ci illərdə Cəlilabad rayonunun "Göytəpə" kəndində təhsil almışdır. 2013-2015-ci illərdə həqiqi hərbi xidmət keçmiş, tərxis olduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq XTQ-də gizir rütbəsində xidmət etmişdir. 2016-cı ildə Aprel döyüşlərində iştirak edərək qazi olmuşdur. Qəlpə yarası alan, Zaurun sağlamlığında problem yarandığı üçün 2017-ci ildə ordu sıralarından tərxis olaraq, müxtəlif MMC-lərdə mühafizəçi kimi fəaliyyət göstərmişdir. 2020-ci ilin iyulun 12-də baş verən Tovuz döyüşlərinə Şəhadət arzusu ilə, gedən Zaur şərəflə düşmənə qarşı mübarizə aparmışdır. İkinci Qarabağ müharibəsi başlayan zaman qəhrəman qardaşım yerində sakit durmur sentyabrın 29-dan ordu sıralarına könüllü yazılaraq, oktyabrın 8-də qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə, qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zaur İsmayılzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zaur İsmayılzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Zaur İsmayılzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.

Hazırladı:Ağababa Qılmanov

Yenivaxt.com