Təbrizdə hərbi təyyarə qəzaya uğrayıb

İranın Şərqi Azərbaycan vilayətinin fövqəladə halların idarə edilməsi üzrə baş müdiri Təbrizdə qırıcı təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfərin şəhid olduğundan xəbər verib

Təbrizdə hərbi təyyarə qəzaya uğrayıb

yenivaxt SəhərAzeri saytına istinadən xəbər verir: Təbrizin Şəhid Fəkuri adına Hava Bazasının mətbuat xidməti bir bəyanat yayaraq bir ədəd hərbi təyyarənin Təbriz şəhəri üzərində qəzaya uğradığını bildirib.

İranın Şərqi Azərbaycan vilayətinin fövqəladə halların idarə edilməsi üzrə baş müdiri Məhəmmədbaqir Hünərbaf hədisə ilə bağlı jurnalistlərə açıqlamasında deyib: Qəzadan dərhal sonra vilayətin icra hakimiyyətinin bütün böhran idarəetmə agentləri, yanğınsöndürmə briqadası, fövqəladə hallar xidmətləri və digər yardım qrupları hadisə yerində olub və hazırda yanğının söndürülməsi əməliyyatları davam etdirilir.

Hünərbaf əlavə edib: Təbriz şəhəri daxilində F-5 qırıcısının qəzaya uğraması nəticəsində iki pilotdan başqa bir vətəndaş da şəhid olub.

Şərqi Azərbaycan vilayətinin fövqəladə halların idarə edilməsi üzrə baş müdiri qırıcının pilotunun öz fədakarlığı və cəsarəti ilə şəhər daxilində irimiqyaslı qəzanın qarşısını aldığını bildirərək əlavə edib ki, qəza yeri şəhərin ətrafında əhalinin ən sıx yaşadığı məkanlardan biri olub, amma pilot xüsusi məharəti və şücaət ilə qırıcını elə istiqamətləndirib ki, təyyarənin yaşayış massivlərinə düşməsin.  

Bununla bağlı Təbrizin Qırmızı Aypara Cəmiyyətinin direktoru Həmid Münnəcim bildirib ki, qırıcı məktəb divarına çırpılıb, amma məktəb bağlı olduğundan məktəbdə heç bir müəllim heyəti və ya şagird olmayıb